adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2022 11:49
468
ƏDƏBİYYAT

Nizami Cəfərov, “yarımçıq” şairlər, ideologiya...

Hörmətli, izzətli, sərt baxışlı, bariton səsli akademikimiz Nizami Cəfərovla festival ərəfəsində baş tutan söhbətimizdə məlum oldu ki, akademik üçün son 20 ildə bütöv bir şair hələ anasından doğulmayıb. “Bəyəndiyiniz gənc şair varmı?” sualına ondan aldığımız cavab “Ramiz Rövşən, Vaqif Bayatlı” olmuşdu. Bəli, açığı, bu festival iştirakçılarına ən ağır təhqirdən də betər təhqir idi. Şairi, yazıçısı böyük söz nüfuzuna malik olmayan bir ölkədə gəncləri aşağılamaq nəyin nəsi idi?! Toyuqdan dinozavr yumurtası gözləmək?

Sözüm onda deyil. Mustafam odur ki, bütöv şairin var olması üçün bütöv bir ideologiyası olan cəmiyyət yetişməlidir. Sovet dövrü öz ideologiyasını şairlərimizin, yazıçılarımızın, rejissorlarımızın və sairələrimizin yaradıcılığına necə dürtmüşdüsə, indiki Azərbaycanın da öz ideologiyası olmalıdır. Təbii ki, “Babəkəm, Koroğluyam, Azərbaycan oğluyam” ladında yox. Və Azərbaycanın son 30 illik yox, köklü tarixi üzərində qurulmuş bir ideologiya. Biz isə öz tariximizi yarım-yapalaq bilən adamlarıq. Necə ki, tariximiz bizə yarım-yapalaq tədris olunur.

Açığı, heç bir şairin borcu deyil ki, bütöv-zad olsun. Belə bir qanun nə yazılı kitabda, nə də yazılmayan kitabda var. Şair elə şairdir. Öz boyu qədər.

İndi gələk iradların “qəstum-qalstuk” tərəfinə.

Üstündən çox keçməyib o şeyin ki, incəsənətin bütün sferalarına səslənib demişdilər, siz niyə şanlı müharibəmizə aid bir dənə tutarlı əsər yaratmırsınız? İndi bu yazıda çəkdiyim misallar bizə o şanlı müharibədə dəstək verən Türkiyədən olacaq. Doğrusu, bir gülləylə iki hədəfi vurmaq niyyətindəyəm.

Türkiyədə gənclərdə əcaib bir türkçülük dalğası var. Türkçülük trendə çevrilib. Bunun qoxusunu alan türk prodüserləri də işlərini buna uyğun görürlər. Son dövrlər Türkiyə ən yaxşı tarixi serial çəkən ölkələrdəndir. Bu ölkədə ərsəyə gətirilən tarixi filmlər, seriallar dünya tamaşaçısının da mətbəxinə daxil olub, sevgi qazanıb. Dünya bir növ türk tarixini bu seriallardan öyrənir.

Məsələn, “Destan”.

Serial bir sevgi hekayəsi üzərində qurulub. Dağ qızı Akkızla Gök Tegini Batuqa arasındakı sevgi hekayəsini izləyə-izləyə Göytürklərə gedib çıxırsan. Yəni İslamdan öncəki türklərə. O islamçı mühafizəkar camiənin yox saydığı əsas tarixə.

Bu serialı o kanal verir ki, heç on il qabağa dirənməyən bir zamanda Ergenekon demək cinayət sayılırdı. Söhbət ATV-dən gedir.

Məsələn, “Teşkilat”.

Milli Kəşfiyyat İdarəsinin serialı.

Bu serialda MKİ-çi bir qrupun macəralarını izləyirik.

Serial kəşfiyyat orqanından xəbərlər verir.

Onların təsdiqindən sonra yayımlanan kimi onların gələcək baxışları və kəşfiyyat üsulları ilə necə mübarizə apardıqları haqqında öyrənirik.

Bu arada…

TRT-də yayımlanan bu serialda Atatürk həmişə öndədir.

Komanda şefi Mete bəyin ay-ulduzlu üzüyünü də baxanlar bilir.

Dövlətin necə bir təhlükəsizlik strategiyası var, bu serial onu göstərir.

Məsələn, “Börü”.

Alper Çağların çəkdiyi serialdır və STAR TV-də yayımlanır.

Terrorla mübarizə edən bir özəl hərəkat qrupunun hekayəsindən bəhs edir.

Komandanın adı türk mitologiyasındakı qurd Börüdən götürülüb.

Börü “Ergenekon” dastanında türklərə yol göstərən Göy Mavisi Böyük Qurd kimi anılır.

Həm də sürüdən ayrı gəzən, amma sürü təhlükəylə üz-üzə gələndə sürünü xilas edən tənha qurd.

FETÖ və PKK ilə mübarizə aparan qəhrəmanlara uyğun bir addır.

Hətta hal-hazırda “BÖRÜ 2039” yayımlanır. Bu komanda artıq qocalıb. Hadisələrin mərkəzində bir qadın var, adı türk mitologiyasından götürülüb. Almila! Türkiyənin ilk qadın prezidenti olur. Türkləri gələcək yüzillərə daşıyan proyektlərə imza atır və s. Və ən əsası, Almilanın əvvəlki işi tarix müəllimliyi olub.

Bir sözlə, Türkiyənin film-serial sektoru bu yerlərə qədər gəlib çatıb. Nəyin hesabına? Təbii ki, yaradıcılıq azadlığının və dövlətin də bu işdə maraqlı olmasının hesabına. Serialı dövlətdən maliyyələşməyə də bilər, amma istənilən halda bu cür filmlər, seriallar yayımlanır.

Nizami Cəfərov da hələ beynəlxalqlığı sual altında olan bir festivalda bu cəmiyyətin içində cırmağa-cırmaq yaşayan gənc şairləri, yazıçıları qarşısına qoyub danlayır ki, siz bütöv deyilsiniz! Bütöv olmaq üçün buna motivasiya, stimul və şərait lazımdır, Nizami bəy! İstər ədəbiyyatda, istər film sahəsində, istərsə də musiqidə. Olmayanda ən uğurlu serialımız maksimum “Vicdan haqqı”, “Ata ocağı” olur.

Adicə Sovet dövründə çəkilən “Qərib cinlər diyarında” filminin mövzusuna baxaq. Fantastik bir hadisə üstündə Vətən sevgisi, Vətən sevgisinin hər şeydən uca olduğundan bəhs olunur. İndiki film və seriallarda təbliğ olunan nədir? Pulun varsa, hər yer sənə Vətəndir.

 

 

Eminquey