adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
07 Iyun 2022 13:55
1807
MÜSAHİBƏ

Prezidentin baş müşaviri: “Biz Türkiyəni uçurumdan qurtardıq...” - MÜSAHİBƏ

Müsahibim Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Yalçın Topçudur.

Hörmətli Yalçın Topçu, öncə müsahibə istəyimi qəbul edib, söhbətimizə vaxt ayırdığınız üçün sizə təşəkkürümü bildirirəm. İcazənizlə, suallara başlayaq...

- Başlayaq…

- Hörmətli Yalçın Topçu, uşaqlıq illərindən başlayaraq Türkiyə dövləti Prezidentinin baş müşaviri olmağa qədərki həyat hekayənizi qısaca oxucularımızla bölüşə bilərsinizmi?

- 1957-ci ildə Ərdahanda, Ahıskalı mühacir ailəsində anadan olmuşam, Ankarada böyümüşəm. Ankara şəhərinin Mamak qəsəbəsində qeydiyyatdayam. İbtidai, orta və liseyi Ankarada oxumuşam. Əskişəhər Anadolu Universitetinin Riyaziyyat və Fəlsəfə fakültəsini bitirmişəm. 1980-ci il 12 sentyabr çevrilişindən sonra hüquqlarından məhrum edilən 3854 müəllimdən biri kimi, 1986-cı ilə qədər özəl sektorda çalışdım.1986-cı ildə ictimai haqqımızı geri qaytaran mərhum Turqut Özal oldu. Qısa bir müddət pedaqoji fəaliyyətlə məşğul oldum., sonra öz istəyimlə ayrıldım və podratçı kimi çalışdım.

Muhsin Yazıcıoğlunun dəvəti ilə onun partiyasının (Red.: Böyük Birlik Partiyası) qurucu üzvü, Ankara şöbəsinin sədri və baş katibin müavini oldum. 1996-cı ildə mərhum Baş nazir Prof. Nəcməddin Ərbakanın razılığı ilə Baş nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsində müdir müavini oldum. Sonra Muhsin Yazıcıoğlunun təklifi ilə 2007-ci ildə Baş nazirlik mətbəəsində əməliyyatlar üzrə müdir müavini vəzifəsindən təqaüdə ayrıldım. Muhsin Yazıcıoğlu vəfat edənə qədər Böyük Birlik Partiyasının baş katibi vəzifəsində çalışdım.

Rəhmətlik Muhsin Yazıcıoğlunun vəfatından sonra 2009-2011-ci illər arasında partiyanın başqanı olmuşam. 2011-ci il seçkilərinin nəticələri açıqlanan axşam partiyadan və onun sədrliyindən istefa verərək partiya siyasətindən ayrıldım. Hazırda heç bir partiyanın üzvü deyiləm.

2015-ci ildə konstitusiyaya uyğun olaraq qurulan Türkiyə Cümhuriyyətinin 63-cü hökumətində Mədəniyyət və Turizm naziri vəzifəsində çalışmışam. 2016-cı ildən prezidentimiz Rəcəb Tayyib Ərdoğanın lütfü və təklifi ilə prezidentin baş müşaviri təyin edildim. Hələ də bu vəzifədə çalışıram…

-Yalçın bəy, Türkiyənin siyasi mühitinin ən önəmli isimlərindənsiz. Sizə görə siyasət nədir? Siyasətdə olmaq necə bir hissdir? Ümumiyyətlə, siyasətdə olma ehtiyacını nə vaxtdan hiss etdiniz?

- Siyasət insanın öz duyğu və düşüncə dünyasında inkişaf etdirdiyi ideya və layihələri cəmiyyətin razılığı ilə həyata keçirmək imkanı əldə etməsi prosesidir. Yəni, cəmiyyətin xeyrinə millətə xidmət etmək də bir sənətdir. Siyasətçi də sənət adamı kimi xüsusi həssaslıqla cəmiyyətin zövqünü nəzərə almalıdır. İdeyalar spesifik və orijinal, həyata keçirilməsi ümumi və düzgün olmalıdır. Ənənəvi dəyərlərdən güc alaraq müasir yanaşmalar etmək, qlobal alıcı tapmaq bacarığı siyasətçi uğurunun əvəzsiz xüsusiyyətləridir. Əgər insan siyasətə addım atacaqsa, ilk növbədə özünü tanımalıdır. Çünki siyasət çətin bir meydandır. Ekstravert, mübarizə əzmi, əzmkar və çalışqan olmaq, ən əsası, altruist hiss və düşüncələrə sahib olmaq onun xarakterinin ən fərqli özəllikləri olmalıdır. O yaşadığı cəmiyyət və insanlıq haqqında düzgün fikir irəli sürməyi bacarmalıdır. Deyəcək sözü, həyata keçirəcək layihəsi, xitab edə biləcək auditoriyası olmalıdır. Cəmiyyəti heyran edəcək şəxsiyyətə, ideallara, hamıdan bir addım sonranı görmək intuisiyasına malik olmalıdır.

Siyasət həyatıma gəldikdə, ilk gənclik illərim Türkiyənin idealist siyasiləşməsinin pik həddə olduğu illərə təsadüf etdi. Siyasətsiz həyat yox idi. İnandığımız dəyərlərin və yaşadığımız ölkəyə mənsub olmaq hissinin tələbi olaraq gənclik illərindən fəal siyasətlə məşğul olmuşam. Türkiyənin təhdidlərlə üz-üzə qaldığı qaranlıq bir dövrdə (Red.: Türkiyənin kominist təhdidi ilə qarşı qarşıya olduğu zamanlar…) biz özümüzü qanımızla, canımızla vətəni, milləti qorumağa həsr etdik.

O zamanlar bəzi yerlərdə kominist liderlərinin şəkilləri asılırdı. Bəzi qalalarımızda insanlar çəkic-oraq bayraqları çəkirdilər. Və biz də, “bu bizim qırmızı xəttimizdir” dedik, bayrağımız, müstəqilliyimiz uğrunda mübarizəyə başladıq. Böyük bədəllər ödəyərək, Allaha şükürlər olsun ki, şanlı mübarizəmizlə Türkiyəni uçurumun kənarından götürdük. Və sonra biz öz ideal və əqidələrimizi reallaşdırmaq, işıqlı və güclü ölkə, sülh və əmin-amanlıq içində olan dünya uğrunda demokratik siyasət meydanında mübarizəmizi davam etdirdik. Xalqımızın şanlı keçmişindən, yerli və milli dəyərlərindən ilham alaraq möhtəşəm gələcəyə qovuşmaq sevdası hər zaman siyasətimizin mərkəzini təşkil etdi. Şükürlər olsun ki, həm partiya siyasətimdə, həm də indiki partiyasız sivil siyasətimdə qeyd etdiyim siyasi tərz və üslubdan kənara çıxmadım.

- Yalçın bəy, həyatınızın siyasətlə keçən dövrünü necə dəyərləndirirsiz? Siyasi həyat sizə nə qazandırdı?

- İnandığım yerdə durub və inandığım dəyərlərə xidmət etmək fürsətinə görə Rəbbimə həmişə təşəkkür edirəm. Mən millətimə, dövlətimə, tariximə, keçmişimə utanc gətirəcək heç bir iş görmədim. Rəhmətlik M.Yazıcıoğlunun təbirincə desək, bacardıqca “dik durub, düz gedib, düz yaşamağa” çalışdım. Mənim üçün siyasət ölkəmə, millətimə, dövlətimə, Türk-İslam Dünyasına, bütün məzlumlara, mağdurlara, üstəlik, yaşana bilən bir ölkə və dünya üçün hüquqi xidmət vasitəsidir. Mən partiya siyasətində olduğum zaman da, indi də siyasət mənim üçün heç vaxt məqsəd və şəxsi uğurum üçün vasitə olmayıb. Mən vəzifələrin keçici olduğunu bilən, qədərə inanan, öz xəttimdə olmağa çalışan bir insan oldum. Şükür, millətimiz bizi üstün mövqelərə layiq görüb. Fədakarlığı, zəhməti özümə düstur etməyə çalışmışam. Paxıllıq və həsəd çuxuruna düşürtməyən Rəbbimə nə qədər şükür etsəm, azdır. Çünki insan siyasi hərisliyə düçar olanda canavar olub özü olmaqdan uzaqlaşaraq təhlükəli məxluqa çevrilə bilər. Bizim yeganə qayğımız millətin və dövlətin yaşaması, xalqımızın azadlığı və xoşbəxtliyi idi. Bəlkə də sevdiklərimə və özümə çox vaxt ayıra bilmədim, amma bacardığım qədər millətim qarşısındakı borcumu yerinə yetirdiyimi düşünürəm. Yəni, vicdanım təmizdir.

- Yalçın bəy, partiya təmsilçisi olaraq siyasətdə olmaqla müstəqil siyasi fəaliyyət göstərməyin nə kimi fərqləri var?

- Fərqi budur; partiyalı siyasət millətə xidmət etmənin bir yoludur. Dərdi olan bir insan bu xidməti bir partiya çərçivəsində də bunu edə bilir, müstəqil də. Biz bir zamanlar müxtəlif partiyalarda bunu təcrübədən keçirdik, amma bir nəticə ala bilmədik. Zamanında qatıldığım seçimlərdə istədiyim uğuru əldə edə bilmədim və istefa etdim. Hazırda yüksək bir vəzifədəyəm, Prezidentin baş müşaviriyəm. Burada da mən xidmətin daha yaxşısını edə bilirəm, səlahiyyətlərim daxildə mədəniyyətə də xidmət edə bilirəm. İndi imkanlar daha genişdir və bu imkanlarla bütün Türk dünyasına imkanlarımla xidmət edirəm. Bunları bir partiyanın üzvü olaraq deyil, sivil siyasi fəaliyyətimlə edirəm.

- Hörmətli, Yalçın bəy, hazırda iqtidar olan partiya rəhbərinin müşaviri olmaq, həmin partiyanın təmsilçisisiniz anlamına gəlmirmi?

- Xeyr. Rəcəb Tayyib Ərdoğanın yanında olmaq mənim üçün tək millətin, tək bayrağın yanında durmaqdır. Daha öncə təhdidlərdən bəhs etmişdim... Hazırda da sərhəd bölgələrimizdə təhlükəli vəziyyətlər var. Sözdə müttəfiklərimiz olanlar, gözümüzə baxa-baxa terror dövləti qurmaq istəyirlər v.s. Biz bütün bunlara R.T. Ərdoğanın liderliyi ilə sinə gəririk. Digər tərəfdən, bir zamanlar Qarabağa qarşı həyata keçirilən haqsız, hüquqsuz, vəhşi işğal zamanı R.T. Ərdoğan lider olsaydı, o faciələrin qarşısı alına bilərdi. O vəhşi işğal 30 il davam etdi… Və yaxın tarixdə Azərbaycanın qəhrəman övladlarının cəsarətləri, iki dövlətin liderlərinin uğurlu siyasətləri nəticəsində Qarabağ işğaldan azad olundu… Ona görə deyirəm, R.T. Ərdoğanın yanında olmaq, bir partiyanın yanında olmaq deyil.

- Yalçın bəy, müsahibəmizdə haqqında hər zaman həyəcanla danışdığınız siyasi lideriniz Muhsin Yazıcıoğlunu xatırlamadan keçə bilmərik. Mühsim Yazıcıoğlu adı sizin üçün hansı mənəvi dəyəri ifadə edir?

- Muhsin Yazıcıoğlu gəncliyimdə tanıdığım qeyri-adi dərəcədə həsəd aparılası bir xasiyyətə malik fikir adamı idi. O, fədakar, zəhmətkeş, idealist, qətiyyətli, mərd, yenilikçi, maarifpərvər, hümanist bir insan idi. Vətənpərvər, dindar bir insan, yaxşı oğul, yaxşı ata, yaxşı həyat yoldaşı, çox namuslu insan idi. Dürüstlük bəzən zəiflik kimi onun qarşısına çıxsa da, qarşılıq gözləmədiyi üçün üzülmürdü. O, vətənə dəlicəsinə bağlı olan fikir insanı, tam bir Öndər idi. Onun haqqında nə qədər müsbət sözlər desək, azdır. Çünki buna layiqli insan idi. O, doğrudan da şairin Sakaryasının təcəssümü idi. Millətimiz indi də onu necə sevdiyini göstərməkdə davam edir. Allah rəhmət eləsin, məkanı cənnət!

- Yalçın bəy, Muhsin başqanla tanışlıq necə başladı?

- Orta məktəb illərimin əvvəlində Ankara Dışqapı Xəstəxanasının təcili yardım otağında tanış olduq. Muhsin başqan mənim üçün əvvəl qardaş, sonra isə əbədi siyasi liderim oldu. Atamdan sonra yoxluğunu həmişə hiss etdiyim nadir insanlardandır. Xalqımızın əksəriyyəti artıq onun ideallarını, arzularını mənimsəyib. Bu mənim üçün həm rahatlıq, həm də xoşbəxtlikdir…

- Yalçın bəy, bir az fərqli sual verəcəm; Muhsin Yazıcıoğlu siyasi həyatda olduğu müddətdə onunla birlikdə çalışanlar üçün necə bir lider idi? Sizin müşahidələriniz bu barədə nə deyir? (Yazıcıoğlunun liderlik tərzi ilə maraqlanıram...)

- Dost idi… Onun xalqın qəlbini oxşayan bir siyasət tərzi var idi. Ən çətin şəraitdə belə barışmaz mövqe nümayiş etdirirdi. Dəyərlərinə çox bağlı idi. O, hər kəsin özündən bir parça tapdığı anonim qəhrəman kimi idi. Ona edilən haqsızlığa heç vaxt səssiz qalmazdı. Romantik, idealist olmaqla yanaşı, realist, işgəncələr altında şeirlər yazmağı bacaran ürək adamı idi. Onu gah Kürşatın fəryadı ilə Tanrı dağlarından enən baş Bozqurd, gah da Rəbbinə yetişmək istəyən, Məkkəyə düşən qar dənəciyi olmaq istəyən əyilmiş qul kimi görərdin. O, özünü millətinə, dəyərlərinə, Türk-İslam Dünyasına həsr etmişdi; Verdiyi fədakarlıqlara, mübarizələrə görə alqış gözləmirdi. Siyasət də onun üçün bir vasitə idi. Və bu səbəbdən də seçkilərdə aldığı səsdən asılı olmayaraq inandığı yolla getməyə davam edəcəkdi… Onun kimi liderlər ictimai həyatda az olsa da, buraxdıqları izlər qalıcıdır, çünki cəmiyyətə yol göstərirlər.

- Yalçın bəy, liderlikdən söz düşmüşkən, bir sual daha verim; Qeyd etdiyiniz kimi siz də partiyada başqan olmuşuz. Necə düşünürsüz, hər idarəçi lider ola bilirmi?

- Siyasi partiyanın rəhbəri olmaq liderlikdən fərqlidir. Bildiyiniz kimi, hər kəs partiya yarada bilər, amma hər kəs lider ola bilməz. Liderlik çalışmaqla əldə edilmir. Bəzi bacarıqlar və üstün xüsusiyyətlər tələb edir. Təbii ki, bu, haqqında danışdığım cəmiyyəti formalaşdıracaq, ətrafına böyük kütlə toplaya bilən, qəlbləri fəth edən, yoxluğu istənilməyən xarizmatik liderlərə aiddir. Mən LİDER deyəndə, məhz bunu nəzərdə tuturam. Vicdan tərəzisində, yəni cəmiyyətin ürəyində olmaq asan məsələ deyil. Bir çox zənginlər siyasətdə daimi ola bilmədiyi halda, bir çox kasıblar uzun illər siyasətdə qala bilirlər. Bu, cəmiyyətlə qurulan səmimi əlaqənin nəticəsidir. Sevgi asan qazanılmır. Ürəkləri anlamaq hər kəsə nəsib olmur. Xalqa lider olmaq böyük məsuliyyətdir və bu məsuliyyəti hər çiyin daşıya bilməz. Birisi yaşadığı dövrdən bir əsr sonra yaxşı xatırlanırsa, o, əsl liderdir. Mən belə şəxsiyyətlərdən bəhs edirəm.

- Yeri gəlmişkən, gələcəyin liderləri olacaq bu günün gənclərinə nə kimi tövsiyələriniz ola bilər?

- Gənclər 21-ci əsrin bütün tələblərini yaxşıca araşdırsınlar. Müasir dünyadaki, texnologiyanı, elmi dərindən mənimsəməyə çalışsınlar. Xarici dil biliklərini inkişaf etdirsinlər. Amma bütün bunları mənəvi duyğuların müşayiəti ilə etsinlər. Savaşı son çarə olaraq görməlidirlər; Biz mərhəmətli millətik. Gənclər tarixi, mədəniyyəti ciddi şəkildə öyrənməlidirlər. Belə olmazsa, uğur qazanmaq olmaz!

-Yalçın bəy, Sizin Azərbaycanla, xüsusən də Qarabağla bağlı həssaslığınızın hər zaman şahidi oluruq. Bəs Qarabağ müharibəsindən sonra Türkiyə-Azərbaycan münasibətlərini necə qiymətləndirirsiniz? Sizcə, iki ölkə arasında münasibətləri daha da gücləndirmək üçün hansı konkret addımlar atılmalıdır?

- Qarabağ müharibəsi iki dövlət üçün “məlumun bəyanı” oldu. Bir millət, iki dövlət şüarının həqiqəti bütün dünyaya göstərildi. Bunun yaratdığı möhtəşəm motivasiya türk millətinin böyük və şanlı gələcəyinə olan ümidlərimizi gücləndirdi. Bütün türk dünyası yenidən ayıldı. Bunun gələcək üçün nəticələri çox yaxşı olacaq. Hazırda hər sahədə əməkdaşlıq inkişaf etdirilir. Bu iki ölkənin qardaşlığı 350 milyonluq türk dünyasına örnək olur, həyəcan yaradır. Amma hələ çox işimiz var; Müasir dünyanın enstrümanları ilə güclü Türk Dünyası yaratmaq idealının ilk mərhələsinin möhtəşəm şəkildə davam etməsi bizi çox sevindirir. Bu mənada möhtərəm Prezidentlərimizə fövqəladə fəaliyyətləri üçün sevimli xalqımız adından nə qədər minnətdarlıq etsək, azdır.

- Yalçın bəy, bəs “Türk Dövlətləri Təşkilatı”nın qısa və uzunmüddətli vəziyyəti ilə bağlı proqnozlarınız necədir?

- Atılması lazım olan mübarək bir addımdır. Güclü beynəlxalq təşkilat olmaq üçün müvafiq dövlətlərin qətiyyətlə addımladığını görürük və çox sevinirik. Bu, zərurət deyil, məcburiyyətdir. Bilirsiniz ki, dünya siyasəti təhlükəli prosesə çevrilir. Türk Dünyası bir və güclü olmalıdır. Türk millətinin keçmişdə olduğu kimi sivil dünyaya gətirəcəyi çoxlu dəyər və töhfələr var. Dostlarımızın sevinməsi, bəşəriyyətin öyünməsi, zalımların çəkinməsi üçün belə bir birlik vacibdir. İqtisadi və sosial imkanlarımızla formalaşacaq bu böyük birliyin qarşıdakı əsrlərə möhür vuracağına şübhəm yoxdur. Bu birlik regionun və bütün dünyanın sülh, rifah və rifahına böyük töhfə verəcək.

Dünya durduqca müstəqil olaraq mövcud olacaq ALTI DÖVLƏTİN, ayrı-ayrı beşiklərdə böyümüş bacı-qardaşlarından ibarət BİR MİLLƏT-in dildə, işdə, fikirdə vəhdət təşkil etməsi təbii və qaçılmazdır. Əmir Teymur demişkən “Güc ədalətdədir, güc bir yerdədir”...

- Hörmətli Yalçın Topçu, suallarımı ətraflı cavablandırdığınız üçün təşəkkür edir və işinizdə uğurlar arzulayıram.

- Sağ olun. Mən də işlərinizdə uğurlar arzulayıram!..

 

Müsahibəni təqdim etdi:

Şəhla Aslan, araşdırmaçı jurnalist