13 Fevral 2025 10:46
104
DÜNYA

"Putin və Tramp Zəngəzur dəhlizinin taleyini həll edəcəklər" - Erməni politoloq

Putin və Tramp çox güman ki, Zəngəzur dəhlizinin taleyini həll edəcəklər.

Adalet.az xəbər verir ki, bu barədə erməni politoloq Artur Xaçikyan açıqlayıb. 

Onun sözlərinə görə, Qafqazın taleyi müzakirə olunacaq: "Türkiyə və Azərbaycan öz nüfuzundan Ermənistana təzyiq etmək və Zəngəzur dəhlizini əldə etmək üçün istifadə edirlər.

Ermənistan danışıqlar masasına qurban, heç kimin maraq göstərmədiyi kiçik, müdafiəsiz üçüncü dərəcəli etnik qrup rolunda çıxacaq. Taleyinin asılı olacağı ölkələrin isə Ermənistanda heç bir strateji marağı olmayacaq. Ermənistan həm Rusiya, həm də ABŞ ilə siyasətini tamamilə iflasa uğratdı. Ermənistanın isə özünü müdafiə rıçaqları olmayacaq.

Ermənistan hökuməti ABŞ-də apardığı siyasətdə uğursuzluğa düçar oldu, Tramp administrasiyası ilə heç bir əlaqə qura bilmədi. Ermənistanın Vaşinqtonda heç bir əlaqəsi və təsir rıçaqları yoxdur ki, bu, xüsusilə bu qrupun liderinin Vaşinqtona uğursuz səfərindən sonra aydınlaşdı. Heç kim onun səfərinin fərqinə varmadı, heç kim görmədi, heç kim haqqında yazmadı, acınacaqlı qeyri-rəsmi “selfie”dən başqa heç bir nəticəsi də olmadı.

Bu rejim Rusiyaya qarşı siyasəti tamamilə alt-üst etdi, 7 il ərzində şiddətli anti-Rusiya təbliğatı apardı, Moskvadakı türkyönlü lobbiyə kömək etmək üçün hər şeyi etdi. Ermənistanın taleyi yenidən onun iştirakı olmadan həll olunacaq və o, bu anda dəhlizdə gözləyəcək.

Təbii ki, İran müzakirə olunacaq. Çox güman ki, Rusiyanın köməyi ilə sülh danışıqlarına, nüvə proqramının məhdudlaşdırılmasına, hava zərbələrindən imtinaya doğru seçim ediləcək. Rusiya bu məsələdə çəkindirici təsir göstərə bilər. 

Və bizim edə biləcəyimiz yeganə şey taleyimizin necə həll olunacağını gözləməkdir. Həmişə olduğu kimi"./Unikal