adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 09:53
34
ƏDƏBİYYAT
A- A+

Qanı bahasına Vətəni yaşadan igid

 (Zəfər şəhidi Fariz Zülfüqarzadənin  33 yaşı tamam oldu)

 44 günlük  haqq savaşımızda  sinəsini Vətənə sipər edib şəhidlik zirvəsinə ucalan qəhrəmanlardan  biri də Fariz Zülfüqarzadədir.   Xalqın igid, vətənpərvər oğlu, əsir Qarabağımızın xilaskar ərəni kimi ürəklərdə yaşayan Farizin doğum günü Lənkəran camaatı tərəfindən böyük ehtiramla qeyd olundu. 33 yaşının tamamında  zəfər şəhidinin müqəddəs məzarına güllərdən çələng hörüldü, keçdiyi rəşadətli döyüş yolundan qürurla söhbət açıldı. Bildirildi ki, Vətən müharibəsində qazanılan  parlaq qələbəmizin  mərdlik simvoluna çevrilən Farizin ömrü yolu əbədidir, gələn nəsillər üçün də örnək olacaq.  Həmçinin  mərdliyi,  Vətən sevgisi dillərdə dastan olan Fariz Zülfüqarzadənin ölümündən sonra  dövlət tərəfindən layiq görüldüyü  3-cü dərəcəli “Vətənə xidmətə görə”, “İgidliyə görə”, “Vətən uğrunda”, Cəbrayılın, Füzulinin və  Qubadlının  azadlığı uğrunda medalları ailəsinə bir təsəllidir.

Cənub mirvarisi  Lənkəran şəhərində anadan olan  Fariz Zülfüqarov  1997-ci ildə ailəsi ilə birlikdə Rusiyaya köçüb.  Bir müddət sonra, yəni 2007-ci ildə Azərbaycana, doğma Lənkəran şəhərinə qayıdıb. Təhsilini Lənkəran şəhər 4 saylı orta məktəbdə (rus bölməsində) davam etdirib. Nümunəvi davranışı, yaxşı oxuması ona hamıya sevdirib.
 

Fariz Zülfüqarzadə 2012-2013-cü illərdə hərbi xidmət zamana Vətənə olan oğuluq borcunu şərəflə yerinə yetirib.  Doğma yurdun düşmən işğalında qalması ilə heç cür barışa bilməyən  Fariz həyatını hərbiyə bağlayıb.  Belə ki,  2015-ci il mart ayından müddətdən artıq həqiqi hərbi xidmət üçün yenidən orduya qayıdıb və   tankçı vəzifəsində çalışıb.  Aprel döyüşlərində Lələ təpə uğrunda mübarizədə fəal iştirak etməklə yaxıdan istədiyi  qisas  da ala bilib.
 2020-ci ilin27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə  əsl qəhrəmanlıq nümunəsi göstərən  Fariz Zülfüqarzadənin tankı 2 dəfə vurulsa da, yeni tanka əyləşib düşmən mövqelərinə doğru irəliləyib. Sərrast tankçı olan Fariz Zülfüqarzadə Füzuli, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə düşmənin zirehli texnikalarını və atəş məntəqələrini darmadağın edib.  2 dəfə yaralansa da,  döyüş meydanından çıxmayıb. 20 gün tankı düşmən tərəfindən hədəfə alınan  cəsur tankçımızın atəşini susdurmaq qeyri-mümkün olub.  Oktyabrın 19-da  isə düşmən tərəfindən vurulan tankın yaralı heyətini xilas edən yerdə  qəfil atılan  gülləyə  tuş gəlib.

 Bəli, şəhidlik ən uca zirvədir. Məhz buna görə də  Fariz Zülfüqarzadənin  ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır. Eləcə 30 il düşmən əsarətində olan Vətən torpaqların işğaldan azad olmasına görə Fariz kimi oğlanlara  həmişə borcluyuq. Adını  Azərbaycanın yeni, şanlı tarixə həkk edən qəhrəman Vətən sevdalısının   2 övladı bizlərə  əmanət qalıb.

Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü