28 Iyun 2025 11:27
189
GÜNDƏM

"Qərbi Azərbaycan" Sübhanini ağrıdarsa... Bəlkə öz ölkənə girən "paz"la ilgilənəsən?

Azərbaycan Prezidenti İlham Əliyev mütəmadi olaraq Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir deməsi uzun zamandır İranın qarnına sancı kimi girməsinin şahidiyik.


Xüsusən, 300 min qaçqının yenidən öz yurduna qayıtmasının günün vacim amili hesab edən Əliyev qeyd edib ki, əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki, tarix var, sənədlər var, xəritələr var. XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb”.

Ötən gün İranın Ermənistandakı səfiri Mehdi Sobhani sancını qarnında çox saxlaya bilməyib, şalvarını -özünü batırdı:“Bir ölkənin digər ölkəyə qarşı ərazi iddialarını əks etdirə biləcək “yalan və saxta ifadələr” bizim üçün qəbuledilməzdir. Bu cür “uydurma və yanlış terminlərin” istifadəsi regionda dinc birgəyaşayışa və mehriban qonşuluğa ziddir. Ona görə də bu tip ifadələrdən çəkinmək lazımdır. “Qərbi Azərbaycan” – İran İslam Respublikasının bir əyalətinin adıdır. Bu adın başqa bir coğrafi bölgəyə, xüsusilə də hər hansı formada ərazi iddialarını ehtiva edəcək şəkildə tətbiqi yolverilməzdir. “Biz tövsiyə edirik ki, bu cür özfəaliyyət xarakterli “tarixi iddialar” regionda sülhün bərqərar olmasına mane olmasın”.
Əslində Ermənistanda İran səfirindən çox erməniçiliyi özünə diplomatiya seçmiş Mehdi Sobhaninin bu açıqlaması bizi təəccübləndirmədi. Niyə? Çünki düz bir il əvvəl 2024-cü ilin iyunun 28-də jurnalistlərlə söhbətində Ermənistan sərhəddində həyata keçirilən demarkasiya və delimitasiya prosesinə də fikir bildirib. O, vurğulamışdı ki, biz ərazi bütövlüyünə hörmət edirik və beynəlxalq səviyyədə tanınmış sərhədlərdə istənilən dəyişikliyə və geosiyasi dəyişikliklərə qarşıyıq:”İran və Ermənistanda hakimiyyət dəyişikliyindən asılı olmayaraq, o siyasət heç vaxt dəyişməyəcək. Ermənistan bizim üçün yaxşı və vicdanlı qonşudur. İki ölkənin təhlükəsizliyi və maraqları bir-biri ilə sıx bağlıdır. Düşünürəm ki, Ermənistan İrandakı seçki prosesini böyük diqqətlə izləyir”.

P.S. Qəribə paradoks: “Qonşularımızın ərazi bütövlüyünə Şimal, Cənub, Şərq və ya Qərbdən hər hansı təhdid və ya sərhədlərin yenidən cızılması tamamilə qəbuledilməzdir və İran üçün qırmızı xəttdir”, - deyən İranın xarici işlər naziri Abbas Əraqçi öz sərhədlərini, səmasını, ərazisini doğru-düzgün qoruya bilmədiyi halda bu qədər əminliklə Ermənistanın başının altına niyə yastıq qoyur?!

İyunun 13-dən İsrail İranın ən mühüm nüvə obyektləri də daxil olmaqla, İrana bir sıra irimiqyaslı hərbi hücumlara başlayıb. İndiyədək 104-dən çox adam həlak olub, 380-ə yaxın adam yaralanıb. Azı  14 iranlı nüvə alimi,  SEPAH-ın 20-dən çox məmur və digər yüksək rütbəli komandirləri, generalları o biri dünyaya təşrif aparıb.

 İİR -nın elə bir köşəsi qalmayıb ki, İsrail oranı  bombalamasın, ABŞ ora   raket yağdırmasın.

Siz, Qərbi Azərbaycanı yox, elə paytaxt Tehranı qoruyun, qalsın Ermənistanı müdafiə etmək...

Bu axmaqlar da sizə elə inanır. Ağılları kəsmir ki, demarkasiya və delimitasiya prosesi zamanı əgər Azərbaycan öz torpaqlarını maneəsiz geri ala bilibsə, deməli 300 min azərbaycanlı da Qərbi Azərbaycana dönəcək. İran isə hələlik öz ölkəsinə girən "paz"la ilgilənsin..

Əntiqə Rəşid