Qərəzli nəvə Primakovun "Rus evi" açıqlaması, hədəsi və aldığı cavab...
Bəlkə də xatırlayanlar oldu: 2019-cu ilin oktyabr ayı idi.
Dəqiq oktyabrın 29-da Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Yevgeni Primakova həsr olunmuş “Yevgeni Primakov: İnsan və siyasətçi” adlı sərgi açıldı. Həmin sərgi də indi adını “rus evi” deyilən
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində açıldı. Təntənəli tədbir, göstərişli sərgi idi. Deməli, Yevgeni Maksimoviç Primakov sovet və Rusiya siyasətinə mühüm töhfələr verən tanınmış siyasətçi kimi xarakterizə olunur.
Xalq olaraq bu xəbərə mənfi münasibət bildirdik.2 gün sonra isə Bakı Slavyan Universiteti (BSU) sözügedən tədris ocağında bir qrup tələbənin Yevgeni Primakovun 90 illik yubileyi ilə bağlı esse müsabiqəsinin keçirilməsi xəbərinə də eyni reaksiyanı verdik. Səfir Mixail Boçarnikov tələbə-gənclərə diplomları təqdim etməsi ictimaiyyətdə gərginliyə səbəb oldu.
Axı hamımız bilirdik ki, Yevgeni Primakov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərində keçmiş Sovet İttifaqı hərbiçiləri tərəfindən dinc əhaliyə qarşı törədilmiş Qanlı Yanvar faciəsinin hazırlığında yaxından iştirak edib və onu planlaşdıran əsas adamlardan biri olub. “KQB” sistemlərinin yetişdirmiş olduğu siyasətçi Qarabağın işğal olunmasında ermənipərəst fəaliyyəti ilə tanınır.
Xatırlayıram ki, o vaxt deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Tahir Kərimli və Aqil Abbas “Primakov müsabiqəsi”nə etiraz etdilər və təşkilatçıların üzr istəməsini tələb etdilər. Həmin vaxt üzr istəməli şəxs isə Bakı Slavyan Universitetinin sabiq rektoru (2016–2021), Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədri , Filologiya elmləri doktoru, professor Nurlana Əliyeva idi
Bu günlərdə Baku TV-nin "Rus mədəniyyətinin və ədəbiyyatının yaşadılıb, təbliğ edilməsi üçün nəzərdə tutulan Rus Evi Bakının mərkəzində başqa məqsədlər üçün fəaliyyət göstərir" başlıqlı süjeti çoxumuzun ürəyindən xəbər verdi. Media orqanı haqlı olaraq bildirir ki, mədəniyyət, ədəbiyyat və digər humanitar fəaliyyət istiqaməti ilə məşğul olmaq əvəzinə, bu məkan ölkəmizdə milli və dini zəmində nifaq salmağa, separatçılıq toxumları səpməyə çalışan şəxslərin-agentlərin yuvasına çevrilib:” Bakının mərkəzində yerləşən Rus Evi "rus kəşfiyyat evi" kimi fəaliyyət göstərir”.
“Rossotrudniçestva”nın (Rusiya Federasiyasının humanitar əlaqələr üzrə dövlət agentliyi) rəhbəri Yevgeni Primakov ( faciələrimizin müəlliflərindən biri olan Yevgeni Primakovun nəvəsi) Azərbaycanın “Baku TV” internet telekanalını məhkəmə ilə hədələyib. “Mən bir alçaq müxbirlə tanış oldum - Azərbaycan Baku.tv etiketli hansısa qızın stendi Azərbaycandakı mədəniyyət mərkəzimizin düz girişində, Bakıda, Rus Evinin lövhəsinin qarşısında lentə alınıb. Xəbərdə qız amansızcasına yalan danışır ki, orada casus yuvası və separatçılar yuvası var. Bildiyimə görə, Baku.tv Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilir.
Bazar ertəsi biz işgüzar nüfuzu qorumaq üçün məhkəmədə iddia hazırlayırıq. Mən Azərbaycan hökuməti tərəfindən maliyyələşdirilən kütləvi informasiya vasitələrindən bu böhtan və yalanın təkzibolunmaz sübutlarını eşitmək istərdim. Ya təkzib və üzrxahlıq"”, – deyə Primakov özünün Telegram kanalında yazdı.
Bakıdan belə cavab verdilər: “Rossotrudniçestva”nın rəhbəri Primakov Bakıda “Rus evi” ilə bağlı xəbərə görə Azərbaycandakı özəl telekanalı məhkəməyə verməklə hədələyir. Eyni zamanda, Almaniyanı misal gətirir, burada öz dediyi kimi, davanı uddular. Deməli, Azərbaycan Almaniya deyil... Primakov açıq-saçıq ritorika əvəzinə, Azərbaycan vətəndaşlarının həlak olduğu Rusiyanın AZAL-a məxsus hava hücumundan müdafiə təyyarəsinə yas vaxtı Bakıda “Rus evi”nin nə etdiyini deməliydi?! Və deyəcək heç nə yoxdur! Ümumi nitqlər əvəzinə, Rusiyada mülki təyyarəyə qarşı zenit müdafiəsindən istifadənin, uçuşun idarə edilməsinin “korlanmasının” günahını hansı strukturun üzərinə götürməsi üzərində işləmək daha yaxşıdır. Aralarında Rusiya vətəndaşlarının da olduğu təyyarəyə, ölənlərə və yaralananlara görə kompensasiyanı hansı struktur ödəyəcək”.
Bəli, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin struktur bölməsi olan “Rossotrudniçestva”nın antiazərbaycan fəaliyyətinin təkcə Moskvanın deyil, həm də Rusiya siyasətinə əsaslandığını desək, çətin ki, səhv edək.
Baxın, Primakovun bu çıxışından sonra nə baş verir? Moskva administrasiyası, Moskva şəhərinin Xarici İqtisadi və Beynəlxalq Əlaqələr İdarəsi və Moskva Həmvətənlər Evi Rusiya Müdafiə Nazirliyinin İrəvandakı 21 saylı məktəbinə biologiya dərsləri üçün bahalı avadanlıqlar bağışlayıblar. Həmin o, 21 saylı orta məktəb 1994-cü ildə Rusiya Müdafiə nazirinin əmri ilə açılıb. Bu gün orada 620 tələbə təhsil alır.
Rusiyanın verdiyi hədiyyələrdən danışan məktəbin direktoru Svetlana Xaçatryan qeyd edib ki, təhsil müəssisəsi açılandan bəri Moskva təhsil müəssisəsinə dəfələrlə dəstək verib.
Görəsən baba Primakovun sərgisi keçirilən, müsabiqəsi keçirilən Slavyan Universitetinə bir dəfə həmin dairələrdən dəstək, yardım gəlməyib?
Bundan başqa...
2021-ci ilin noyabrın 11-də Moskva şəhərində - “Rossotrudniçestva” təşkilatının nümayəndəliyində uşaqlarla bağlı yeni bir layihə həyata keçirildi. Təşkilat “Donbas uşaqları – Qarabağ uşaqları” sərgisini açdı, burada döyüş əməliyyatları zamanı həlak olan uşaqları yad edildi və müharibələrin sağ qalan qurbanlarına necə kömək etmək barədə danışıldı.
“Rossotrudniçestva” açıqladı ki, açılan “Uşaqlar dünyanı çəkir” sərgisi Donbass və Dağlıq Qarabağ uşaqlarına dəstək məqsədi daşıyırdı. Onun məqsədi dünya ictimaiyyətinin diqqətini müharibə zonalarında uşaqların təhlükəsizliyinin təmin edilməsi probleminə cəlb etməkdir.
Uşaq rəsmləri ilə ilk olaraq “Rossotrudniçestva”nın rəhbəri Yevgeni Primakov və Dövlət Dumasının sədr müavini Anna Kuznetsova tanış oldular. Sərgi konfrans zalına giriş foyesinin bütün divarlarını bəzədi.
Rusiyanın hər addımda bizə qarşı qərəzli siyasət apardığı göz önündədir. 1988-ci ci ildən həm Ermənistandan deportasiya edilən, həm Qarabağda soyqırıma məruz qalan, həm də sonuncu Qarabağ müharibəsində ermənilərin atdığı mərmilərdən həlak olan uşaqlar uşaq deyilmi? 1988-ci il dekabrın 5-də Hamamlı şəhərində (Spitak) 17 azyaşlı uşağı iri diametrli boruya dolduraraq hər iki tərəfini qaynaq etdilər.Borunu hündür uçurumdan tullayaraq fidanları qətlə yetirdilər.
.
Elə həmin ilin noyabrında Quqarkda da bu cür hadisə həyata keçirilmişdi. 70-ə yaxın 5 yaşından 12 yaşına kimi uşağı 20 metr uzunluğunda 1,5 diametrdə boruya dolduraraq hər iki tərəfini bağlayıblarmış. Yalnız dekabrda baş verən zəlzələ zamanı köməyə gələn fransalı xilasedicilər bu qətliamın üstünü açaraq dəhşətə gəlmişdilər.
Hətta bizə açıq getsin deyə, Rusiya Beynəlxalq Humanitar Əməkdaşlıq Mərkəzi 2026-cı ilə qədər İranda “Rus Evi” açacağını açıqlayıb.
P.S. Hazırda dekabr ayında Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmuş Azərbaycana məxsus mülki təyyarənin partlamasından sonra iki tərəfdaş ölkənin arasındakı gərginliyə ən çox ermənilər sevinir.
Əntiqə Rəşid