12 Iyul 2021 13:39
147374
MƏMLƏKƏT

Qurban ən əziz insanlarımız ola bilər - Fazil Mustafa yazır

Narkomaniyaya qarşı mübarizənin bütün cəmiyyət tərəfindən aparılması olduqca vacibdir. Ayrıca dövlət komissiyası var, təcili olaraq onun fəaliyyətini daha da canlandırmaq və səlahiyyətlərini artıqmaq lazımdır. Eləcə də daxili işlər nazirliyinin də müvafiq strukturunun cəmiyyətin ayrı-ayrı institutları ilə əlaqəsini gücləndirərək hamını səfərbər almalıyıq. Gizlətməyək, hər birimizin qohumlarımızın, qonşularımızın, dostlarımızın mühitində bu bəlanın faciəsini açıq və ya gizli şəkildə yaşayan insanlar var. Gənc ailələrin xeyli hissəsi məhz bu səbəbdən dağılmaqdadır. Çağırışlar səslənir ki, bu barədə məlumatları insanlar müvafiq orqanlara verməkdən çəkinməməlidirlər. Tamamilə doğrudur. Ancaq iki məsələni həll etmədən insanlarımızı bu prosesə cəlb etmək çətin olacaq. İlk növbədə bu işlə məşğul olan qurumların fəaliyyətindəki şəffalığa insanları inandırmaq üçün zəruri tədbirlər görülməlidir. Mən əfv məsələləri komissiyasının üzvü kimi müzakirələrdə iştirak etdiyimdən, həm də kənardan əldə etdiyim məlumatlardan bilirəm ki, daxili işlər naziri cənab Vilayət Eyvazov narkomaniyaya qarşı, narkotik vasitələrin satışına qarşı çox sərt və kompromissiz mövqe sərgiləyir. Elə narkomaniyaya qarşı mübarizə baş idarəsinin rəisi də yerində olan, bu bəlaya qarşı dürüst mübarizə aparmağa çalışan bir şəxsdir. O halda parlament üzvlərini, qeyri-hökumət təşkilatlarını, təhsil qurumlarının rəhbərliyini, pedoqoqları, ixtisaslı həkimləri qısa müddətdə müzakirələrə dəvət edib konkret tədbirlər planı hazırlamaq olar. Xəbər verənlərin anonimliyini ciddi şəkildə qorumaqla insanlara tanıdığı, bildiyi narkotik ticarətçilər, kuryerlər, istifadəçilər barədə məlumat verməyi bir insani borc olaraq təlqin etmək lazımdır. İnsanlar bilməlidirlər ki, haradasa hansısa vəzifəli şəxs bu kimi şəxsləri rüşvət müqabilində yenidən cəmiyyətin içinə qaytarmayacaq. İkinci vacib məsələ narkotik vasitələrilə bağlı cinayətkarlarla xəstələrin dəqiq ayırımının tətbiqidir. Cinayətkar həbsxanaya, xəstə isə dərhal müalicə müəssisəsinə göndərilməlidir. Bunun üçün normal, peşəkar, müasir standartlara uyğun müalicə müəssisəsinin fəaliyyətə başlaması tezləşdirilməlidir. Xəstəni cinayətkar kimi həbsxanaya cəza çəkməyə göndərmək, həbsxanadakı bu vərdişə aludə olmayanların da hansısa formada yoluxmasına şərait yaratmaq deməkdir. Həbsxanalara narkotik vasitələrin buraxılmasının qarşısının alınması və buradan gəlir əldə edənlərin ifşa olunaraq məsuliyyətə cəlb olunması da vacib addımlardan biri olaraq görülməlidir. Və nəhayət, məktəblilərin arasında bu bəlanın yayılmasının önlənilməsi üçün tədbirlər gücləndirilməlidir. Xüsusilə qızların aldadılaraq bu bəlanın qurbanına çevrilməsinin təbliğatda qabardılması vacibdir. Mən də anlayıram ki, xeyli gecdir, qonşu ölkələrdə Azərbaycan insanının zəhərlənməsi üçün xüsusi strategiya hazırlanıb və uzun illərdir həyata keçirilir, ancaq unutmayaq ki, bu cür məkrli planların həm iştirakçısı, həm də icraçısı Azərbaycan vətəndaşlarıdır. Sənin, mənim, onun qohum-əqrabası, qonşusu, dostu, həmşəhərlisi, həmkəndlisidir. Bir narkomana potensial koronavirus daşıyıcısı kimi baxılmalıdır, çünki hansısa yolla özünə mühit yaratmaq üçün çevrəsinə bu bəlanı yoluxdurmalıdır. COVİD-19-dan sağalmaq ettimalı çox böyükdür, bu vərdişdən qurtuluş çox-çox çətindir.

Bu məsələyə oldu-bitdi kimi baxmaq olmaz, növbəti qurban ən əziz insanlarımız ola bilər, bundan kimsə sığortalanmayıb.