“Biz bu gün mədəniyyətin yerini cəza ilə doldururuq...”
“Bir dəstə cəzalandırılır, işdən çıxarılır, həbs olunur, yerinə başqa bir dəstə gəlir. Məlum olur ki, yenə də köhnə hamam, köhnə tasdır. Yenilənən adlar və sifətlərdir. Yeni insan yenilənən mədəniyyətin övladıdır”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
Onun sözlərinə görə, mədəniyyətdə yenilik baş vermirsə insan öz-özünə yenilənə bilməz:
“Freyd yazırdı ki, hər bir cəza mahiyyətinə görə kastrasiyadır, ataya passiv bağlılıqdır. Kastrasiya insanı formalaşdıran keçmiş qorxu travmalarıdır. Bu fikirdəki "ata" bizim üçün mədəniyyətdir. O, bizi belə formalaşdırıb. Segah oxuyuruq: "İstəyirsən səhvim üstə döy məni, əllərinə qurban olum, ay ata!" Və bu segahı artıq atamız öləndən, bizi döymək imkanını itirəndən sonra oxuyuruq. Eyni segahı daha ucadan mədəniyyətimizə də oxuyuruq. Çünki onun bizi tənbeh etmək gücü və imkanı qalmayıb. Ehtimal olunan hüquqi cəzadan isə yayınmaq mümkündür. Ən pisi isə odur ki, insan da, cəmiyyət də cəzaya vərdiş edə bilir. Cəzaya vərdiş etmiş insanı və cəmiyyəti isə heç bir mədəniyyət dəyişə bilməz. Mədəniyyətin yerini cəza ilə doldurmağın sonu ya cəhalət olur, ya səfalət”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

