adalet.az header logo
  • Bakı -°C
27 Noyabr 2025 16:22
65
ELM VƏ TƏHSİL
A- A+

“Məktəb direktorundan tutmuş rektora qədər hamının iki maşını var...”

““Restoranlarda adam əlindən yer yoxdur", "Bakıda maşın əlindən tərpənmək olmur", "Camaat kasıb filan deyil", yəqin belə ifadələrlə tez-tez rastlaşırsınız. Bəli Bakıda restoranların, otellərin, əyləncə mərkəzlərinin müştərisi kifayət qədərdir. İndi gəlin Azərbaycan xalqının yaxşı yaşadığını iddia edən bu insanlara cavab verək”. 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib. 

O, bildirib ki, lütfən yazdıqlarımı diqqətlə oxuyun və sizə bəxtəvərlik nağılları oxuyanlara cavab verərkən bəlkə işinizə yaradı: 

“Beləliklə, Bakıda retoranlar, əyləncə mərkəzləri. otelləri daim dolduran kimlərdir. Tutaq ki, Azərbaycan əhalisinin sayı 10 milyon nəfərdir. Bu əhalinin həyat səviyyəsinə görə aşağı və yüksək həyat təmiantı olan təbəqələri var. Orta təbəqə yox kimidir. Bu 10 milyon nəfərin 1 milyonu krallar kimi yaşayır. Kimdir onlar? Məmurlar, deputatlar və onların tikinti sektorundan tutmuş, aqrar sektora qədər olan zəngin ailə üzvləri. Onlar büdcəyə şərikdir. Bütün tenderləri onlar və ailə üzvləri qazanır. Bütün yüksək gəlirli sahədə əyləşiblər. Bakı 1 milyon insana daimi olaraq əyləncə, istirahət və sair kamfortlu şərait yarada biləcək şəhər deyil. Potensial olaraq Bakıda olan otellərdə və restoranlarda 1 milyon insana ancaq yetərli səviyyədə xidmət etmək mümkündür. Orta təbəqə və yoxsullar azı 9 milyon nəfərdir. Və onlar tamaşaçıdır”. 

R.Abasbəyli Bakıda avtomobil sayının çox olmasının səbəbini belə izah edib:

“Çünki orta məktəb direktorundan tutmuş, universitet rektorlarına qədər, xəstəxana baş həkimlərindən tutmuş, səhiyyə nazirinə və nazirlərə qədər evində azı 2 və daha çox nəqliyyat vasitəsi var. Adi bir kiçik məmura dövlət tərəfindən xidməti avtomobil verilir. Lakin o məmurun övladlarını, anasını, atasını isə başqa avtomobillər gəzdirir. Bakıda taksilərin sayı da çoxdur. Çünki başqa iş yeri yoxdur. Bakıda ən populyar iş vakansiyaları - "Şəxsi sürücü", "Mühafizəçi" və "Taksi sürücüsü"dür. Bu normal fabrik, zavod, isrehsalat, aqrar sektorda iş olmadığından insanların əlacsız qalaraq 500-600 manat aylıq maaşla işlədiyi işlərdir. Bəli Bakıda avtomobil sayının çox olmasını də məhz 1 milyon kral həyatı yaşayan o təbəqə təmin edir. Beləliklə, Bakıda retoranları dolu saxlayan da, Bakını avtomobillə dolduran 10 milyonun 1 milyonudur. 9 milyon isə kasıblar üçün "buna da şükür et" misalında olduğu kimi təxminən belədir - "İşləmək istəyənə hər yerdə iş var"! Hə iş var marketlərdə satıcıdan tutmuş, mühafizəçi, xadimə, sürücü işi var. Ayda 500-600 manat əmək haqqı ilə... Onlar da el adəti olmasa, məcbur qalmasa şadlıq evində toya da getməz ki, yaşaya bilsin... Unutmamış bir məqamı da qeyd edim! Yay aylarında Qəbələ yollarında tıxaclar olurdu. Belə videoları da çəkib sosial şəbəkələrdə paylaşır, altında da yazırdılar ki, camaat kefdədir, dindirəndə hamı ağlayır. Xeyir camaat kefdə deyil. Araşdırdım - yay aylarında rayonlara istirahətə gedənlərin 80 faizi ya həmin gün geri qayıdır, ya da 1-2 gün kirayə ev tutur. Ona görə də heç olmasa övladlarını hər yay 2 gün də olsa istirahətə aparan insanların yaratdığı sıxlığı bəxtəvərlik nağılı kimi sırımayın cəmiyyətə”. 

Vasif ƏLİHÜSEYN