adalet.az header logo
  • Bakı -°C
22 Dekabr 2025 10:46
76
DÜNYA
A- A+

“İran ciddi bir xaos içərisindədir...”

““Möcüzələr yaratmağa qadir deyiləm. Bir çox vədimi yerinə yetirmək istəyirəm amma buna siyasi sistemimizin mahiyyəti bəzən imkan vermir. Ölkə dalana dirənib və böhrandan çıxış üçün ideyalar da tükənib". Bu sözləri İran prezidenti Məsud Pezeşkiyan deyib. İndiyədək İranın ideoloji - siyasi sisteminin şüubiyyə məfkurəsi əsasında formalaşdığını deyib bəzi həqiqətləri üzə çıxardığımızda bir qrup Qum mollalarının xurafatçı təəssübkeşi bizə "sionist" filan deyirdi”. 

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib. 

O, bildirib ki, indi biz dediklərimizi İranın öz prezidenti daha yüksək tribunadan deyib:

“Yəqin onu da şərləyəcəklər ki, o da "sionist"dir. İran rejiminin hazırda qonşulara da təhlükə yaratdığını prezident belə etiraf edib: "Əgər qonşuların bir çoxu bizdən ehtiyat edirsə, deməli oturub düşünmək lazımdır ki, bu niyə belədir. İran ciddi bir xaos içərisindədir. Ölkədə elə bir böhran var ki, yalandan hər şey yaxşıdır da demək olmur. Ölkədə elə bir idarəetmə problemi var ki, günahkar ABŞ və ya sionist rejim də demək mümkün deyil. Çünki hər şeydən öncə problem biz özümüzük". İndiyədək heç bir rəsmi dövlət adamının etiraf etmədiyi reallıqları, həqiqəti deyib. Vaxtilə Ayətullah Xomeyninin özündən sonra varisi elan etdiyi, yüksək dövlət adamı Ayətullah Hüseynəli Müntəziri İranda inqilabdan sonra rejim bəhailəri, sünniləri, zeydiləri, kommunistləri və Təbriz əsilli Ayətullah Məhəmməd Kazım Şəriətmədarinin tərəfdarlarını məhkəməsiz işıq dirəklərindən asanda hökuməti insan haqları ilə əlaqədar tənqid edərək demişdi: "Gücə, zülmə, xalqın verilmiş səslərini gizli şəkildə dəyişdirməyə, öldürməyə, qapalı yerdə saxlamağa, həbs etməyə, Stalinist və orta əsrlərdəki işgəncə metodlarını istifadə etməyə, cəmiyyətin maariflənmiş və elit təbəqələrini saxta səbəblərə görə həbsxanalara atan və orada onları saxta etiraflar etməyə əsaslanan bir rejim lənətlənmiş və qanunsuzdur". Sonra onu indiki rejim Ayətullah Şəriətmədari kimi əbədi dustaq edərək məhvinə nail oldu”. 

Siyasi şərhçinin sözlərinə görə, mərhum Ayətullah Burqui də rejimin iç üzünü açanlardan olub:

“Onu da dəfələrlə terror etmişdilər. O da ev dustaqlığında öldü. Allah doktor Məsud Pezeşkiyanı qorusun. Yəqin ki, qoruyacaq. Çünki İmam Əlinin ədalətini zalım rejimin özündən müdafiə edir. Haşimi cildinə girmiş Əməviləri, Hüseyn donundakı Yezidləri ifşa etmək istəyir. Riyadan, yalandan uzaq, tam həqiqəti deyir. Onun siyasi xarakteri (taktikası yox, məhz siyasi xarakteri!) ikinci Müaviyyə (bisavad xurafatçılar birinci ilə qarışdırmasınlar!) və ikinci Şah İsmayılın xarakterinə bənzəyir. Ədalətli, açıq sözlü, şəffaf, vəhdətçi, realist, islahatçı, dini reform tərəfdarı olan Məsud bəy çıxışına belə davam edib: "Uzun illər yalnız xarici çağırışlara fokuslanmışıq. Su məsələsi bu gün İran üçün milli təhlükəsizlik məsələsidir. Bir çox şəhərlər yanlış idarəetmədən susuz qalıb. Bundan sonra atılacaq addımların hər biri bizə ziyan vuracaq. İranda iqtisadi problemlərin həlli üçün çalışmaq lazımdır. Bu indi bütün digər problemlərdən daha vacib çağırışdır". Bunula da prezident aydın şəkildə bildirib ki, hakimiyyət daxili problemləri buraxıb Qum nağılları əsasında dünyanı fəth etmək eşqi ilə xalqın pullarını silaha, sursata, cəfəng təbliğata sərf edir. Hətta şəhərlər susuzluqdan əziyyət çəkir. Cəsarətlə etiraf edib ki, onun vədlərinin yerinə yetirilməsinə siyasi sistemin məhz mahiyyəti (!) imkan vermir. (Təbii ki, o bu barədə hələlik mümkün olduğu qədər danışa bilib.) Əməvilər öz kimlikləri ilə zülm edirdilər. Amma İranın indiki siyasi sistemi İmam Əlinin, İmam Hüseynin adı ilə zülm edir. Süffeyn savaşında Əmr bin As məğlub olduqlarını görüb qoşuna göstəriş verdirdi ki, Quranları cırıb nizələrə taxsınlar. Elə də etdilər. İmam Əlinin qoşunu da əl saxladı ki, Qurana qılınc çəkmək olmaz. İndiki İran rejimi də Əhli Beyti, Quranı, dini nizələrə taxıb özünə qalxan edib. Ona görə xalqın da prezidentin də işi həqiqətən çox çətindir. Bu islahat yolunda Allah yardımçıları olsun”.

Vasif