adalet.az header logo
  • Bakı -°C
27 Aprel 2026 11:04
70
SİYASƏT
A- A+

“Bu, Ukrayna üçün həyati əhəmiyyət daşıyır...”

“Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenskinin təkbətək və geniş tərkibdə danışıqları, 6 sənədin imzalanması, mətbuata verilən bəyanatlar təməllərini xalqlarımızın tarixin dərinliklərindən gələn dostluğunun təşkil etdiyi qarşılıqlı münasibətlərimizin hüquqi və siyasi baxımdan da möhkəmliyini, davamlı inkişafını göstərir”. 

Adalet.az xəbər verir ki, bunu Milli Məclisin sədr müavini Musa Qasımlı deyib. 

Onun sözlərinə görə, mətbuata verilən bəyanatlarda Azərbaycan-Ukrayna münasibətlərini səciyyələndirən bir neçə başlıca məsələ diqqəti cəlb etdi:

“Birincisi, Ukrayna Prezidentinin səfəri iki ölkə arasında dostluq əlaqələrinin inkişafına töhfə kimi qiymətləndirildi. Bununla əlaqədar olaraq dövlət başçımız dedi: “Əminəm ki, bugünkü səfər Azərbaycan-Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə olacaqdır”. İkincisi, tərəflər bir-birinin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını və suverenliyini qarşılıqlı müdafiə edirlər. Bu məsələlər son illərə aid deyildir, təxminən 20 il əvvəl - hələ 2008-ci ildə Kiyevdə və 2011-ci ildə Bakıda strateji tərəfdaşlığa dair imzalanan iki sənəddə öz əksini tapıb. Cənab Prezidentimizin dediyi “Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir” sözləri prinsipial əhəmiyyət daşıyır. Bu o deməkdir ki, indiyədək olduğu kimi, bundan sonra da tərəflər beynəlxalq təşkilatlarda bir-birilərini müdafiə edəcəklər. Üçüncüsü, energetika sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi. Bu, hansı şəraitdə olmasından asılı olmayaraq Ukrayna üçün həyati əhəmiyyət daşıyır. Azərbaycan Ukraynaya enerji sahəsində yardımlar edib. Dördüncüsü, hərbi-texniki əməkdaşlıq və hərbi sənaye sahəsində birgə istehsalda böyük imkanların olması vurğulandı. Şübhəsiz, qarşıdakı illərdə bu sahənin inkişafının şahidi olacağıq. Nəhayət, Azərbaycan Ukraynaya dəfələrlə humanitar yardımlar göstərib, cəbhə bölgəsində əzab-əziyyətlərlə üzləşən yüzlərlə günahsız uşaq ölkəmizə gətirilib və s. Bu isə xalqımızın xarakterindən irəli gələn haqq-ədalətin və əzilənin yanında olduğunu göstərir”.

Vasif ƏLİHÜSEYN