adalet.az header logo
  • Bakı -°C
12 Iyun 2026 12:45
97
ƏDƏBİYYAT
A- A+

Rafiq ƏLƏKBƏR: Gəl, elə dost olaq ki...

(sərbəst esse poema)


Gəl, elə dost olaq ki,
Heç kəs bizi tanıya bilməsin. 
Biz haralardan gəlmişik,
Hansı dünyanın adamıyıq,
Bizə qarşı qısqanclıq edənlər 
Tanrının hədəfinə düşsün.
Sevgimizi elə quraq ki,
Burada qəzəb, kin olmasın.

Biz paralel dünyanın adamıyıq...
Yerlə göyün arasında
Milyonlarla paralel dünya var, - 
Eynən ulduzlar kimi...
Bu paralel dünyanın biri bizə məxsusdur,
Biz orada hakimik.
Ayağımız yerdə, əlimiz göydədir,
Əlimizin, ayağımızın üzülən yeri yoxdur.

Gəl, elə dost olaq ki,
Özümüz özümüzə cığır açaq,
Hələlik cığır bizə bəs edər...
Eşqi üstümüzə yük etməyək,
Bil ki, biz eşqdən də üstünük.
Bəzən biz eşqi çox böyüdürük,
Onun kölgəsində əsir-yesirik.
Bir az eşqin kölgəsndən kənara çıxaq,
Görəcəyik ki, paralel dünyalarda
Eşqdən də üstün müqəddəs nəsnələr var.
Eşq bu dünyanın başını qatmaq üçündür...

Paralel dünyalarda da şeytan var,
Amma insanlar fərqlidir.
Paralel dünyalarda ancaq seçilmiş 
insanlar yaşayır...

Dünyanın iç üzü paralel dünyalardan
daha çox görünür.
Paralel dünyalar hələ göy deyildir,
amma göyə çox yaxındır.
Paralel dünyalardan dünyaya həm gülür,
həm də ağlayırsan.
Niyə dünya özünü bu qədər alçaldır?
Müharibələr paralel dünyalara 
hələ gəlib çıxmayıb.
Ruhlar dünyası paralel dünya deyil,
Ruhlar göylərin qatındadır,
Cənnət-cəhənnəm də göylər qatındadır.

Paralel dünyaların dünyaya 
oxşarlığı olsa da, fərqli materiyadır.
Tanrı bu dünyaları fərqləndirib,
Onlara daha çox lütf verib;
Bir az şeytandan uzaqlaşdırıb,
Şeytan bu dünyalarda öz həddini aşa bilməz.

Gəl, biz elə dost olaq ki,
Gündüzü-gecəni bağrımıza basıb,
Günəşdən, Aydan payımızı alaq,
Uçan ulduzlara qoşulaq.
Qoy ulduzlar da torpağın ətrindən dadsınlar.
Axı biz torpağın ətrini göylərə daşıyacağıq...

Gəl, bir-birimizlə elə ünsiyyət quraq ki,
Yerdən bizə daş atanların daşı 
gəlib bizə çatmasın.
Axı biz paralel dünyadayıq...

Paralel dünya bizim gəldiyimiz 
dünyadan bir pillə yuxarıdadır.
Ruhu bu dünyaya sığışmayanları 
Tanrı paralel dünyaya aparır.
Onlara orada fərqli münasibət var,
Onlar müqəddəsliyə qədər ucala bilirlər.

Mən elə bir dost axtarıram ki,
Öləndə mənim kimi ölə bilsin.
Bu, elə bir ölümdür ki, onun içində 
milyon-milyon ölümsüzlük var.
Mən elə bir ölüm axtarıram ki,
Mələklər onu Tanrı dərgahında 
özləri müşayiət etsin.
Tanrının hökmü və qüdrəti əzəli və əbədidir.
Bunun üçün əvvəl bu dünyadan 
paralel dünyaya ucalmağı bacarasan...

Biz niyə bu dünyadan əlimizi üzüb
paralel dünyaya qalxdıq?
Bu, dünyanın günahıdır?
Yoxsa dünyada yaşayanların?
Bu qədər günahlardan, müharibələrdən
dünya məhvərindən çıxa bilər.
Bizim bu dünyada nə işimiz,
biz paralel dünyanın adamıyıq...