adalet.az header logo
  • Bakı -°C
26 Yanvar 2026 09:25
79
İQTİSADİYYAT
A- A+

Rəqəmlər açıqlandı: Pensiya kapitalı bu qədər artırılacaq

"Əmək pensiyaları" haqqında qanuna əsasən, yalnız əmək pensiyaları deyil, həmçinin vətəndaşların pensiya kapitalı da indeksləşdirilərək hər il artırılır. Sözügüdən qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir".

Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, pensiya kapitalları 2025-ci ildəki illik inflyasiya səviyyəsinə uyğun olaraq artırılılır:

"Dövlət Statistika Komitəsinin son məlumatına görə, 2025-ci ildə illik inflyasiya səviyyəsi 5.6 faiz olub. Bu o deməkdir, vətəndaşlarımızın 1 yanvar 2026-cı il tarixinə olan pensiya kapitalları 5.6 faiz artırılacaq. Belə ki, əgər vətəndaşın 40 min manat pensiya kapitalı varsa, onun yığımına 2 min 240 manat əlavə olunacaq. Nəticədə, həmin vətəndaşımızın pensiya kapitalı 42 min 240 manat olacaq. Pensiya kapitalının indeksləşdirilərək artırılması ilə bağlı gələn ayın əvvəllərində Azərbaycan Prezidenti tərəfindən sərəncamın imzalanacağı gözlənilir. Bununla da istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində 2026-cı il yanvarın 1-dək qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsi həyata keçiriləcək.

Pensiya kapitalının indeksləşdirilməsi yığılan pulların inflyasiyadan qorumaq məqsədi daşıyır. Məqsəd həmin vəsaitlərə qiymət artımlarının təsirlərini minimumlaşdırmaqdadır. Pensiya kapitalının indeksləşdirilməsi ilə pensiyaların indeksləşdirilərək artırılması eyni anlama gəlməməlidir. Pensiya kapitalı inflyasiya səviyyəsinə, əmək pensiyaları isə əvvəlki ildə orta aylıq əməkhaqqıda artım faizinə uyğun olaraq artırılır. Pensiya kapitalında artım 5.6 faiz olsa da, əmək pensiyalarının 9.2 faiz artacağı gözlənilir".