“Hökməli hamının yadından çıxıb, ən geridə qalmış kənddir”
“Prezident İlham Əliyevin 19 dekabr 2025-ci il tarixli Sərəncamı ilə Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1.4 milyon manat ayrılıb.Sərəncamın imzalanmasından 8 ay keçməsinə baxmayaraq ərazidə heç bir iş görülməyib”.
Adalet.az xəbər verir ki, bunu hərbi ekspert Ədalət Verdiyev deyib.
O, bildirib ki, bu yol əslində bir neçə ilə əvvəl əsaslı təmir olunmuşdu, amma yolda yağış və kanalizasiya kollektorunun olmaması, yuxarıda yerləşən obyekt və evlərdən çirkab suların yola axıdılması nəticəsində yol qısa müddət ərzində sıradan çıxdı:
“Amma texniki nəzarətçilər yolu istismara qəbul etdilər. Hazırda yol bərbaddır, çirkab sular həm Araz market, həm də Meqastore istiqamətindən yola axıdılır. Tədbir görən də yoxdur. Ümumiyyətlə Hökməli kəndi ən geridə qalmış kənddir. Kənddə bir dənə olsun su, yol, nornal.marsrut, park, əyləncə yeri yoxdur, İcra hakimiyyəti və deputat xanım isə bu kənd ilə qətiyyən maraqlanmır. Son 15 ildə kənddə bələdiyyə tərəfindən bir zibil yeri tikilib, kəndin daxili yolları da bərbaddır. Ceyranbatanı gözlə görürük, amma suyundan içə bilmirik. Kənd əhalisi daim bu problemlər barədə mənə şikayət edir, mən də haqlı narazılığa qurumlardan və deputat xanımdan cavab ala bilmirəm, buna görə də problemi şəbəkədə işıqlandırmağa məcbur oluram. Hökməli hamının yadından çıxıb”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

