adalet.az header logo
  • Bakı -°C
13 Oktyabr 2026 08:42
32
ANALİZ
A- A+

Sağlam ictimai mühitin formalaşmasına xidmət

Müasir dövrdə ideoloji təhlükəsizlik məsələsi aktuallıq daşıyır. Dövlət başçısı Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında ideoloji təhlükəsizliyin xüsusi vurğulanması göstərir ki, sabitliyin davamlılığı yalnız hərbi güc və sərhədlərin mühafizəsi ilə ölçülmür. İnformasiya məkanının və ictimai birliyin qorunması da müstəqil siyasətin əsas dayaqlarındandır. Sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə yayılan dezinformasiya, dini amildən siyasi məqsədlərlə istifadə cəhdləri və cəmiyyətdə süni qarşıdurma yaratmağa yönələn təbliğat milli həmrəyliyə zərər vurmağa hesablanır. Ayrı-ayrı məsələlərin reallıqdan uzaq şəkildə təqdim edilməsi, xüsusilə təhsil sahəsindəki yeniliklərin dini azadlıqlara müdaxilə kimi qələmə verilməsi də bu xüsusda ayrıca qeyd edilməlidir. Belə halların qarşısının alınmasında hüquqi normaların düzgün izahı, ictimai maarifləndirmə və obyektiv məlumatlandırma mühüm rol oynayır.

Son günlərdə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa edilən əlavə və dəyişikliklərdən irəli gələrək şagirdlərin geyim formalarına dair tələblərə dəyişiklik edilməsi ciddi müzakirə mövzusudur. Nazirlər Kabineti tərəfindən oktyabrın 6-da qəbul olunmuş qaydaların məqsədi dini etiqad azadlığını inkar etmək deyil, qanunvericiliyin müəyyən etdiyi normaları və dünyəvi təhsil prinsipini qorumaqdır.

Heç bir ideoloji mövqe qanunun tələblərindən üstün tutula bilməz. Dini dəyərlərə hörmət, uşaqların hüquqlarının müdafiəsi, təhsilin dünyəvi xarakterinin qorunması və cəmiyyətdə bərabərliyin təmin edilməsi bir-birini tamamlayan prinsiplərdir. Bu məsələlərin qarşı-qarşıya qoyulması əvəzinə, hüquqi çərçivədə uzlaşdırılması sağlam ictimai mühitin formalaşmasına və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.

Məktəb uşaqların biliklərə yiyələnməsi ilə bərabər, həm də uşaqların ictimai münasibətləri öyrəndiyi, kollektiv daxilində davranış qaydalarını mənimsədiyi və sosiallaşdığı mühitdir. Bu baxımdan ümumi geyim standartı məktəb həyatının müəyyən nizamını qorumağa və təhsil müəssisəsinin vahid mühitini formalaşdırmağa xidmət edə bilər. Şagirdlər arasında geyim üzərindən yaranan müqayisələrin müəyyən dərəcədə azalması da belə yanaşmanın mümkün sosial nəticələrindən biridir.

Mətanət Səfərli

Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının əməkdaşı