Şəfəq Vilayətqızının ŞEİRLƏRİ
ÖLÜM HƏVƏSİ İMİŞ
Soyuqda meşələr solur, bürüşür,
Bəzi dərələrdə sular sürüşür,
Hər uca zirvəyə bir təpə düşür,
Təpələr dağların körpəsi imiş.
Dünyanı sığdırdıq kiçik ürəyə,
Götürdük hər ağır dərdi kürəyə,
Yarandıq: yaradaq, yaşadaq deyə,
İnsan yer üzünün töhvəsi imiş.
Zamanı geriyə çəkməz təsəlli,
Hər çətin sualın yazılıb həlli,
Qismətimiz bəlli, ömrümüz bəlli,
Alnımız bir yazı lövhəsi imiş.
Hər qəlbdə bir sevgi qaynayar əlbət,
Bəzən zəhər olar, bəzən də şərbət,
Bizi ağuşuna alan məhəbbət,
Sevda dənizinin ləpəsi imiş.
Gecə yer üzünə günəş saçılmaz,
Bu dünyanın sirri heç vaxt açılmaz,
Ölüm həqiqətdir, Şəfəq, qaçılmaz,
Yaşamaq bir ölüm həvəsi imiş.
UNUDAM
Könlümü ram etdi bir vəfasız yar,
Sığmadım dünyaya, oldu mənə dar,
Qəlbimə gömülmüş xatirəsi var,
Gərək ürəyimi kəsəm, unudam.
Bu eşqin qədrini biləmmədik biz,
Bağlanıb qəlbimə gedən cığır, iz
Gərək yaddaşımı süpürəm təmiz,
Dəli külək kimi əsəm, unudam.
Yəqin ki, sevəndə olmuşam naşı,
Mamır bağlayıbdı gözümün yaşı,
Söykəyib bağrıma qara bir daşı,
Hər kəsdən, hər şeydən küsəm, unudam.
Şəfəqəm, qələm ver sirrimi yazım,
Dolaşıq hislərin qoynunda azım,
Bəlkə unutmağa bir ömür lazım...
Yalan olar sözdə desəm, "unudam"...!
ÇIRAQLA AXTAR MƏNİ
Qağayının dənizdən ovladığı balığam,
Körpənin gözlərində gülümsəyən qılığam,
İnsandan bircə çimdik dopub qalmış qalığam,
Çıraqla axtar məni...
Qıfıllanmış dodağın donub qalmış sözüyəm,
Ovçu nişan aldığı bir durnanın gözüyəm,
Həqiqət carçısıyam düzün düzdə özüyəm,
Çıraqla axtar məni...
Hörümçək arzuları gözündə tor bağlayan,
Dəli Kürtək lal axan öz içindən çağlayan,
Mən bir gözləri koram, eli üçün ağlayan,
Çıraqla axtar məni...
Bir xəyallar bir də ki, ümüdüm var yanımda,
Həm həsrət gizlətmişəm, həm də vəfa canımda,
Dustağam xeyli vaxtdır özüm öz zindanımda,
Çıraqla axtar məni...
Yerimək öyrənməmiş qaçmaq öyrənir yalan,
Bəzi "insancıqlardı" dünyanı gözdən salan,
Ümüd olma günəşə gözün qamaşar falan,
Çıraqla axtar məni...
DARIXARSAN BİLMƏRƏM ...
Hicran arxına dönüb üzdə yaş qoyduğun yer,
Xarabalıq olubdu eşqə daş qoyduğun yer,
Sızıldayır dizimdə bir vaxt baş qoyduğun yer,
Darıxıbmı soruş gör başin dizimdən ötrü?
Qoşa addımlar ilə əzdirərdik yolları,
Özümüzlə hər yerə gəzdirərdik yolları,
Gecə, gündüz deməzdik bezdirərdik yolları,
Darıxıbmı küçələr indi izimdən ötrü?
Hislərinə aldanıb eşqə düşmüşdün yaman,
Məndən qaçsan da mənə tuş gəlmişdin o zaman,
Gözümdən gözlərini çəkməyirdin bircə an,
Darıxıbmı gözlərin soruş gözümdən ötrü?
Yatmış xatirələrdə keçmişin nəşəsi var,
Sevincin qulağında gülüşünün səsi var,
Bəlkə də ürəyində sevilmək həvəsi var,
Darıxarsan bilmərəm, özün özümdən ötrü...!
SƏN GEDƏN GÜN
Sən gedən gün gözümə,
Çökdü zülmət qaranlıq.
Elə bil dünya uçdu,
Altda qaldım bir anlıq.
Sən gedən gün tənhalıq,
Hücum çəkdi üstümə.
Əlində xəncər durdu,
Kor ayrılıq qəstimə.
Sən gedən gün anladım,
Hər şeyin bir sonu var.
Nalə çəkdi içimdə,
Yarım qalan arzular.
Sən gedən gün dünyada,
Sanki insan qurtardı.
Nəyim vardi, gedişin-
Özü ilə apardı.
Sən gedən gün xəyallar,
Can verdi qucağımda.
Hər yer bir qara rəngə,
Boyandı ocağımda.
Sən gedən gün, vədəsiz
Bu nağılı bitirdim.
O gün tək səni deyil,
Özümü də itirdim...!
Digər Xəbərlər
16 Dekabr 2025 17:34
Tələt Qənbərov ədalətin və vicdanın simvolu
16 Dekabr 2025 09:36
Anar Ələkbərov Xalq yazıçısını evində TƏBRİK ETDİ
15 Dekabr 2025 14:46
“Axırıncı aşırım”ın kölgəsində qalan gerçək Qəmlonun faciəvi həyatı
15 Dekabr 2025 11:16
Gülzar Vahabzadə: “Bu sevgi tamaşaçılarla ifaçıları birləşdirərək, hamını ifaçıya çevirmişdi”
15 Dekabr 2025 10:36
“Ədəbiyyatımızda da qadına hörmət və mərhəmət motivləri geniş yayılıb...”
12 Dekabr 2025 19:18
Mətbuatın ən gözəl alın yazısı - Mehman Cavadoğlu
12 Dekabr 2025 12:51
Əziz qonaq - Tərlanə Yaqubqızı yazır
12 Dekabr 2025 11:09


Bakı -°C

