28 Yanvar 2023 10:41
1325
MƏMLƏKƏT

  Şəhid Səid Rəşidzadənin doğum günüdür: Fəxrimiz!

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, Vətən müharibəsi şəhidi, elimizin igid oğlu Səid Nofəl oğlu Rəşidzadənin doğum günüdür.


Adalet.az xəbər verir ki, Səid Rəşidzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. Onun atası — Nofəl Qasımov 1992-1993-cü illərdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı olub. Səid Rəşidzadə 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində alıb. Səid Rəşidzadə 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Səid Rəşidzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə Polad Həşimovla çiyin-çiyinə savaşıb.
Səid Rəşidzadə bir neçə il əvvəl Azərbaycan Ordusundan tərxis olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun öldürülməsi ona çox pis təsir edib. Könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə yollanıb.


Səidin döyüş yoldaşı, ehtiyatda olan Baş Leytenant Raqif Baxışov Adalet.az-a müsahibəsində şəhid Rəşidzadənin vətənpərvər gənc olduğunu xüsusi vurğulamışdı: “Səid ehtiyatdan könüllü gəlsə də, o , necə deyərlər həqiqi , yüksək peşəkarlıq olan hazırlıqlı zabit idi. Elə zabitlər az olur. Qısa bir müddət ərzində çox adam tərəfindən tanındı. İşinə aid oldu, ya olmadı, çalışırdı. Məsələn, Ağcabədidə silah-sursat paylanan zaman gedib sursat paylayanlara qoşulub köməkliklər edirdi. Qismətdən Elgün, Səid və mən bölünmə zamanı eyni tabora, eyni bölüyə düşdük. Hər tağımın komandiri birimiz olduq. Səid vətənpərvər gənc idi. O həm də , Aprel döyüşlərində iştirak etmişdi, buna görə də bizdən fərqli olaraq nələri etmək olar, nələri yox, bunları çox gözəl bilirdi.İndi də çöhrəsi gözümün önündədir..."

2021/02/seid--1612691742.jpg

Baxışov Səidin döyüş dostları tərəfindən sevilməsinin, ehtiram göstərilməsinin səbəbini nizam intizama riayət etməsində və özünə qarşı tələbkar olmasında gördüyünü söyləmişdi: “Səidin nizam-intizamlı olması ilə bağlı bir şeyi deyim. Ağcabədidə olanda əsgərlərə demişdi ki, sabah hər kəs üzünü qırxsın. Çağırışçılar idi, eləsi vardı, üzü tüklü gəlmişdi, eləsi vardı, qırxmırdı. Lakin Səid demişdi ki, biz hərbçiyik, forma geyinmişik və üzümüzü də qırxmalıyıq. Dedi, sabah mənim üzümdə tük görməyəcəksiniz. Açığı məndə maraq yarandı ki, üzündə sızaqlar vardı, görəsən, üzünü qırxa biləcək özü?! Həqiqətən də, sabahı üzü tərtəmiz idi. Özünə qarşı da tələbkar idi. Onun kimi oğullar həmişə seçiliblər...Təssüf edirəm ki, zabit dostumuz sinəsində gəzdirdiyi bayrağı özü öz əli ilə həmin yüksəkliyə sanca bilmədi...Amma Səid özü bayrağı sanca bilməsə də , onun üstündə daşıdığı bayraq dostları tərəfindən aldığımız əraziyə sancıldı”.


Səid Rəşidzadə Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Səid Rəşidzadə oktyabrın 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Səid Rəşidzadə ölümündən sonra "Vətən uğrunda", “Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə" medalları ilə təltif olunub. 

Subay idi..

Belə, igid, cəsur, vətənpərvər oğulların doğulması, var olması,  dar gündə vətənə sipər olması xalq olaraq başımızın ucalığıdır! Nə yaxşı ki, başımızı düşmən qarşısında dik tutmağımız üçün var olmusan Səid! Fəxrimizsən!


Səid Rəşidzadənin simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik!


Əntiqə Rəşid