adalet.az header logo
  • Bakı -°C
19 Avqust 2026 00:15
64
İDMAN
A- A+

Şəhidlərin əziz xatirəsi yaşıl meydanda yad edildi - FOTOLAR

Yardımlı şəhərində Yardımlı bələdiyyəsinin təşkilatçılığı ilə şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş futbol turnirinin final oyunu keçirilib. Vətən uğrunda canından keçmiş qəhrəmanlarımızın müqəddəs xatirəsinə ehtiramın ifadəsi olan turnirin keçirilməsində əsas məqsəd onların müqəddəs xatirəsini yad etmək, göstərdiyi şücaəti gənc nəslə aşılamaq, eyni zamanda rayon gəncləri arasında idmana marağı artırmaq olub.

Turnirin keçirilməsində Yardımlı Bələdiyyəsinin sədri Mehman Adıyevin rəhbərliyi ilə görülən təşkilati işlər mühüm rol oynayıb.

“Sahil” stadionunda keçirilən turnirdə rayonun müxtəlif yaşayış məntəqələrini təmsil edən futbol komandaları iştirak ediblər. Gərgin və maraqlı mübarizə şəraitində keçən qarşılaşmalar tamaşaçılar tərəfindən böyük maraqla izlənilib.

Turnirin final mərhələsində Vərgədüz və Zevin kənd futbol komandaları üz-üzə gəlib. Həyəcanlı və prinsipial mübarizə şəraitində keçən final qarşılaşması Vərgədüz komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Vərgədüz komandası turnirin qalibi adını qazanıb.

Final qarşılaşmasından sonra qalib komandanın mükafatlandırma mərasimi keçirilib. Mərasimdə şəhid ataları, Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin sədri Mərdan Seyidbəyli, Yardımlı rayon Gənclər və İdman sektorunun müdiri Şəhriyar Şabiyev və digər şəxslər iştirak ediblər. Vərgədüz komandasına Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi tərəfindən kubok, 550 manat məbləğində pul mükafatı və digər hədiyyələr təqdim olunub.

Mükafatlandırma mərasimində şəhidlərimizin ailələrinə göstərilən xüsusi diqqət də maraqla qarşılanıb. Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin İdarə Heyətinin üzvü Hacı Azad Səlifov tərəfindən xüsusi olaraq hazırlanmış, üzərində şəhidlərimizin rəsmləri həkk olunmuş köynəklər şəhid atalarına və şəhidlərin yaxınlarına təqdim edilib. Bu təşəbbüs şəhid ailələrinə olan ehtiramın və onların daim diqqət mərkəzində saxlanılmasının daha bir nümunəsi kimi qiymətləndirilib.

Qeyd edək ki, Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyi şəhid və qazi ailələrinə, Qarabağ müharibəsi veteranlarına, aztəminatlı və ehtiyac içində yaşayan ailələrə xüsusi diqqət və qayğı göstərir. Cəmiyyətə rayonumuzda və rayon hüdudlarından kənarda yaşayan həmyerlilərimiz tərəfindən edilən müraciətlər araşdırılır və imkanlar daxilində müsbət həllinə çalışılır. Ağır xəstəliklərlə mübarizə aparan şəxslərə və maddi çətinlik yaşayan ailələrə göstərilən yardımlar da bu xeyirxah fəaliyyətin mühüm istiqamətlərindəndir. Bununla yanaşı, cəmiyyət tərəfindən istedadlı şagird və gənclərin dəstəklənməsi, təhsil və təqaüd layihələrinin həyata keçirilməsi, idman və mədəni tədbirlərin təşkili və digər layihələrin reallaşdırılması istiqamətində mühüm işlər görülür.

Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş belə tədbirlər həm də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıyır. Çünki Vətən uğrunda canından keçən qəhrəmanlarımızın həyat yolu, fədakarlığı və əzmi gələcək nəsillər üçün örnəkdir. Şəhidlərimizin əziz və unudulmaz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq. Onların Vətən sevgisi və qəhrəmanlığı gələcək nəsillərə daim örnək olacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!