19 Mart 2025 12:28
246
ƏDƏBİYYAT

Şəhidlik zirvəsindən baxan qəhrəman

1992 - ci il fevralın 22 - də xarici müdaxiləçi dövlətlərin və havadarlarının dəstəyilə erməni terrorçu quldur dəstələrinin gözlənilməz, qəfləti təxribatı nəticəsində Füzuli rayonunun Yuxarı Veysəlli kəndi işğal olunmuşdu. Dədə - babaları əslən Yuxarı Veysəllidən olan İlyası bu hadisə çox sarsıtmışdı.

Xarici havadarlarının dəstəyilə düşmənlərimizin Qarabağda ardıcıl olaraq törətdiyi bu elan olunmamış müharibənin qarşısının dayandırılması məqsədilə Azərbaycan ordusunun qoşun hissələri tərəfindən əks - hücum döyüşləri aparılırdı. İlyas həmin ağır və qanlı döyüşlər ərəfəsində mərhum polkovnik - leytenant Mobil Yusifovun komandiri olduğu Füzuli Ərazi Özünü Müdafiə taboruna könüllü olaraq zabit kimi yazılmışdı. İlyas könüllü olaraq torpaqlarımızın müdafiəsinə qatıldığı dövrdə otuz altı yaşında idi. Onun bir oğlu, iki qız övlad vardı. O, Vətənimizin və torpaqlarımızın müdafisini hər şeydən üstün tutaraq Vətənin əsgəri olmuşdu.

Qorabişirən avqust ayı idi.Günəş göydən od ələyirdi. Ömründə Vətən haqqında düşünməyib Vətən məfhumunu anlamayanlar ölkəmizdən kənarda sakit və sərin guşələrdə kölgələnirdilər. Qeyrətli oğullar isə bu istiyə məhəl qoymadan, bəlkədə onu hiss etmədən döyüşlərə qatılmışdılar. 

1992 - ci il avqustun 15 - i idi. Döyüşən bölmələrimiz istiyə məhəl qoymadan Yuxarı Veysəlli kəndini yağı düşmənlərdən azad etmək məqsədilə əks - hücum döyüşündə mübarizə aparırdılar. Füzuli Ərazi Özünü Müdafiə taborunun qəhrəman döyüşçüləri Mobil Yusifovun və qərargah rəisi kapitan Elxan Yusifovun rəhbərliyi ilə düşmənin bütün müdafiə mövqelərini darma - dağın edərək sübh səhərdən Yuxarı Veysəlli kəndini düşmənlərdən azad etdilər. 
Havanın həddindən artıq isti olmasına məhəl qoymayan döyüşçülərimiz böyük əzimkarlıq göstərərək düşməni ağır itgilərə məruz qoyaraq onları geri çəkilməyə məcbur edirdi. Düşmən artıq üzü geri qaçırdı. Bu ağır və qanlı döyüşdə igid və cəsur oğullarımız arasında səkkiz nəfəri döyüşdə böyük şücayət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə yüksəldilər.

kapitan Elxan Yusifov.
baş - leytenant İlyas Sultanov.
baş - leytenant Ernest Hüseynov.
əsgər Tərlan Əliyev.
əsgər Nizami Müslümoğlu.
əsgər Markıs Hacıyev.
əsgər Nazim Quliyev.
əsgər Mahir Mikayılov.

Həmin gün, Vətən təəsübkeşi olan bu oğullarımız ölümün gözünə dik baxaraq Vətənimiz uğrunda canlarını fəda etdilər.
Qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün, şəhid qardaşlarımızın qəhrəmanlığı sayəsində torpaqlarımız düşmənlərdən  azad edilib.

İllərdir, on illərdir barıt qoxuyan obamıza yaz gəlir..

Narın - narın yağışıyla, hərarəti gündən - günə artan günəşiylə, tumurcuqları canlandırıb zəmilərə asta - asta sığal çəkən mehiylə.

Analarının gözü nəmli yurdumuza yaz gəlir - xumar gözlü nərgiziylə, muncuq - muncuq çiçəkləmiş yasəməniylə, yaranışdan bağrı qanlı laləsiylə.

Güllələrdən qəlbi şan - şan olmuş torpaqlarımıza yaz gəlir.

Məclislərin yaraşığı, say - seçmə oğullar itirmiş elimizə yaz gəlir. Özü ilə çəmən - çəmən lalə gətirir. O, igidlərin qanı rəngli lalə. Bu oğullara ehtiram əlaməti olaraq təravətli çiçəklər gətirir ki, onların məzarını bəzəsin. Yaz ömrü vaxtsız solmuş şəhid balalara yaz sovqatı gətirir ki, ruhları şad olsun.

İllərlə, on illərlə ölüm saçan mərmilərin, raketlərin, güllələrin havasını zəhərlədiyi torpağımıza yaz gəlir. Özü ilə ən gözəl, ən ətirli çişəklərdən hörülmüş çələng gətirir - Zəfər çələngi. Bu yaz əlində çələng Füzuliyə, Veysəlliyə, Qacarlara, Üçbulağa, Dilağardaya, Yağlıvəndə bütün QARABULAQ elinə gəlib...

Zəfər çələngli, Zəfərli yazım gəlir...
Bahar gəlir, Bahar...

Gözün aydın olsun, mənim Vətənim, gözün aydın olsun, MƏNİM MƏRCAN GÖZLÜ QARABULAĞIM...

Mənim dəyərli və cəsur, qəhrəman, ŞƏHİD QARDAŞIM  İLYAS, DOĞUM GÜNÜN MÜBARƏK OLSUN !

Allah sənə rəhmət eləsin, qəbrin nurlu, ruhun şad, məkanın cənnət olsun🤲🤲

Yaşasın Suveren, Müstəqil Azərbaycan !

Qarabağ Azərbaycandır !

Dərin hörmətlə : Azərbaycan Ordusunun zabiti, Müharibə və Silahlı Qüvvələr Veteranı, polkovnik Mirqiyas Rüsrəmov.