07 Avqust 2025 11:08
246
HADİSƏ

Şəmkirdə mikroavtobus yük maşınına çırpıldı - 7 nəfər öldü - YENİLƏNİB

07.08.2025-ci il tarixində saat 05:00 radələrində Şəmkir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 2-si kişi, 3-ü qadın olmaqla, 5 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə, 1 nəfər isə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

Adalet.az xəbər verir ki, bu barədə TƏBİB  məlumat yayıb.

Bildirilib ki, yaralılara bədənin və üzün müxtəlif dərəcəli, çoxsaylı açıq yaraları, qapalı kəllə-beyin və müştərək travma diaqnozları təyin edilib.

1975-ci il şəxsin (qadın) müalicəsi tibb müəssisəsinin Cərrahiyyə şöbəsində, 1970 (qadın) və 1995-ci il təvəllüdlü (kişi) şəxslərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. 1969-cu il təvəllüdlü (kişi) şəxs öz istəyilə, iltizamnaməsi alınaraq tibb müəssisəsindən buraxılıb.

2004-cü il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z. Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunan 1969-cu il təvəllüdlü şəxsə isə başın və alınıb çapılmış yarası diaqnozu təyin olunub.

Vəziyyəti stabil qiymətləndirilən şəxsin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir.

***

Avqustun 7-də Bakı-Qazax magistral yolunun Şəmkir rayonu ərazisində qeydə alınan yol-nəqliyyat hadisəsi nəticəsində 7 nəfər həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Adalet.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.

"Hadisə “Mercedes Sprinter” markalı mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində baş verib.

Fakt üzrə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir. Hadisənin hansı səbəbdən baş verməsi müvafiq araşdırmalardan sonra müəyyən ediləcək və bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir", - deyə məlumatda bildirilib.

***

Şəmkirdə baş verən ağır qəzada ölən şəxlərin kimlikləri məlum olub.

Adalet.az-ın məlumatına görə, ölənlər 1992-ci il təvəllüdlü Şadət Bayramov, 1975-ci il təvəllüdlü Bəsti Nəbiyeva,1977-ci il təvəllüdlü Aydın Pənahov,1962-ci il təvəllüdlü Qızxanım Tomayeva, 2008-ci il təvəllüdlü Kənan Məmmədov,1978-ci il təvəllüdlü Fəxriyyə Novruzova və 1966-ci il təvəllüdlü Arif Bağırovdur.

 

***

Şəmkirdə mikroavtobusun yük maşınına çırpılması zamanı yaralananların kimlikləri məlum olub.

Adalet.az-ın məlumatına görə, xəsarət alanlar "Mercedes Sprinter"insərnişinləri Ağstafa rayon sakinləri 1995-ci il təvəllüdlü M.Qəribov, 2004-cü il təvəllüdlü N.Qəribova,1969-cu il təvəllüdlü K.Məmmədov, Bakı şəhər sakini 1975-ci il təvəllüdlü Ş.Pənahova və Gürcüstan vətəndaşı olan 1970-ci il təvəllüdlü B.Gözəlovadır.

Yaralılardan K.Məmmədovun vəiyyəti ağır olduğundan Gəncə şəhərinə aparılıb. 

Qəzanın bəzi təfərrüatları da məlum olub. Belə ki Bakıdan-Qazax gedən "Mercedes Sprinter" markalı mikroavtobus yük maşınına arxadan çırpılıb. Qəza zamanı 7 nəfər hadisə yerində ölüb. 5 nəfər ağır xəsarət alıb. Ölənlərin bəziləri Ağstafa rayon sakinidir.

Məlumata görə, ölənlərin əksətiyyəti qadındır. Hadisə yerin DYP əməkdaşları cəlb edilib.

 

***

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Adalet.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. 

Hərəkətdə olan "Mercedes Sprinter" markalı mikroavtobus yük maşına çırpılıb. Qəza zamanı 7 nəfər ölüb.

Ağır yaralılar da var. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib/Unikal