adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
07 Iyun 2023 10:36
595
ƏDƏBİYYAT

Sevilən kitab    

Dahi Cavidin adına və şəxsiyyətinə layiq

Böyük Türk dünyasında ehtiramla yad edilən Hüseyn Cavid

“təkcə Azərbaycan türkləri üçün yazmırdı, bütün türk dünyası üçün yazırdı!”

Bəzən elə dahilərimiz var ki, nəyinki, illər hətta əsrlər belə ötsə də onların yaradıcılığı, düşüncələri, fikirləri, amalları bir an belə öz aktuallığını, əhəmiyyətini itirmir. Əksinə onun yaradıcılığına, amallarına dönə-dönə qayıdırıq, təbliğ edirik. Belə dahilərimizdən biri də yalnız Azərbaycanda deyil, Böyük Türk dünyasında ehtiramla yad edilən Hüsüyn Caviddir.

Azərbaycan romantik ədəbi məktəbinin görkəmli nümayəndəsi, filosof-şair, dramaturq və ən əsası həm sözündə, həm də əməlində təpədən-dırnağa türkçü-turançı olan H.Cavidin ədəbi irsi hər zaman aktual olub və “dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub”.

Uzun illər sovetlərin “burjua yazarı”, “milliyətçi”, “türkçü-turançı yazar”, “təzadlı şəxs” deyə tənqid-təhqir etdiyi H.Cavid yaradıcılığı “bu gün meyarların və metodoloji qiymətləndirmənin dəyişildiyi bir zamanda” istiqlal məfkurəsinə uyğun qiymətləndirilməyə layiqdir və layiq olduğu bu yüksək qiymətini alır da.

Azərbaycan Milli Elmlər Akademiyasının Prezidenti, akademik, Əməkdar elm xadimi İsa Həbibbəylinin “Cavidşünaslığa layiqli töhfə” adlandırdığı monoqrafiya bir daha bunu sübut edir. Bu günlərdə cavidşünas alim, filologiya elmləri doktoru Sevil Həsənovanın “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlı monoqrafiyası işıq üzü gördüb. Monoqrafiyanın elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru, professor Şamil Vəliyev, elmi redaktoru isə filologiya elmləri doktoru, professor Abid Tahirlidir. Rəyçiləri AMEA-nın həqiqi üzvü Teymur Kərimli və filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır. Əsər filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalının naşirliyi ilə “Təhsil- Elm” nəşriyyatında çap edilib.

Monoqrafiya haqqında məlumat verməzdən əvvəl qeyd etmək lazımdır ki, Sevil xanım 25 ildən çoxdur H.Cavid yaradıcılığının tədqiqi ilə məşğuldur. O, 2005-ci ildə “Hüseyn Cavid yaradıcılığının tədrisinin şagirdlərin mənəvi tərbiyəsinə təsiri” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək cavidşünas alimlərin sırasına qoşulub. Bu uğurlu müdafiədən sonra onun elmi rəhbəri, görkəmli alim Şəmistan Mikayılov inadla Sevil xanıma bu yolu davam etdirməyi tövsiyyə edir.

Elmi rəhbərinin tövsiyəsini layiqincə yerinə yetirən Sevil xanım 2021-ci ildə “H.Cavidin ədəbi-bədii irsi Azərbaycanın dövri mətbuatında” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, 2022-ci ildə filologiya elmləri doktoru adına layiq görülüb.

H.Cavid yaradıcılığına və şəxsiyyətinə böyük qayğı və sayğı ilə yanaşan S.Həsənova cavidşünaslığın müxtəlif məsələlərinə həsr etdiyi bir neçə fundamental elmi araşdırmaların, əsərlərin müəllifidir. S.Həsənova bu monoqrafiyasında H.Cavidi elmi-ədəbi iştimaiyyətə həm də bir publisist kimi təqdim edir.

Bildiyimiz kimi, cavidşünaslar, tədqiqatçılar ədibin yaradıcılığına, ömür yoluna müxtəlif aspektlərdən yanaşıb. Onun dramaturgiyası, poeziyası, fəlsəfi və pedaqoji fikirləri və s. məsələlər haqqında çoxsaylı elmi-bədii əsərlər, məqalələr, dissertasiyalar, monoqrafiyalar yazılıb. Amma ədibin bədii publisistikası geniş şəkildə ilk dəfə məhz bu monoqrafiyada təhlilə cəlb edilir.

Görkəmli ədəbi tənqidçi Qulu Xəlilovun “heç kimə bənzəməyən sənətkar” adlandırıdığı H.Cavidin publisistikasında “dövrün ən aktual, zəruri məsələləri” öz əksini tapdığı üçün Sevil xanım yazır ki, “bu publisistik məqalələr təkcə ədəbi baxımdan deyil, həm də tərbiyəvi, elmi baxımdan da aktual və əhəmiyyətlidir”. Deməli H.Cavidin dramaturgiyası kimi, publisistikası da “bir tərbiyə məktəbidir”. Zaman-zaman bu məktəbi əks etdirən çoxsaylı məqalələr, əsərlər yazılıb, çap edilib oxucuların ixtiyarına verilib. Məsələn, müxtəlif illərdə görkəmli alimlərimizdən Kamran Əliyev, Abbas Zamanov, Qulu Xəlilov, İzzət Rüstəmov və başqaları ədibin bədii-publisistik yaradıcılığı haqqında çox maraqlı, dəyərli fikirlər söyləmiş, məqalələr çap etdirmişlər. Amma bu da bir faktdır ki, həmin məqalələrin əksəriyyəti sovet dövründə yazıldığı üçün sovet ideologiyası pirinsiplərinə, marksist-leninçi metodologiyaya uyğundur.

Unutmayaq ki, ədib hələ sağlığında ədəbi-ideoloji döyüşlərin tüğyan etdiyi illərdə, yaradıcılığında “romantika yox, siyasi lirika” axtaranlara heç nədən çəkinmədən “öz səsi, öz nəfəsi, öz dəsti-xətti” ilə cavab verdi. Rejimin ən sərt təzyiqləri şəraitində, şəxsiyyətinin bütövlüyünü ləyaqətlə qoruyub saxlayan H.Cavid yaradıcılığı məhz buna görə sovet dövründə dövrün tələb və təklifinə uyğun tədqiqata cəlb edildi.

Bu ideoloji və metodoloji səhvləri aradan qaldırmaq üçün müstəqilliyimizin yenidən bərpası dövründən sonra (1991) H.Cavid irsi, yaradıcılığı, şəxsiyyəti tam obyektiv şəkildə tədqiqata cəlb edildi. Çünki müasir cəmiyyətimiz üçün böyük əhəmiyyət və dərin məzmun kəsb edən bu yaradıcılığa yeni əsrin tələbləri nöqteyi-nəzərindən yanaşmaq, həm də bir millətin soy-kökünə qayıdışdan irəli gəlir.

Cavidşünas alim S.Həsənova da bu xeyirxah niyyətlə ədibin yaradıcılığına, şəxsiyyətinə, mətbu irsinə bir daha müraciət etdi. S.Həsənova bu monoqrafiyasında H.Cavidin ilk mətbuata gəlişindən (1904-cü ildə “Şərqi-Rus” qəzetində çap olunan bir publisistik məqaləsindən) başlayaraq, son bədii-publisistik məqaləsinin çap olunduğu (“Yeni yol” qəzeti 1937-ci ilin 6- may) dövrü geniş, ətraflı tədqiqatında əks etdirib. Onun müxtəlif mövzulara həsr etdiyi bədii-publisistik və ədəbi-tənqidi məqalələrinin demək olar ki, böyük əksəriyyətini təhlilə cəlb edərək, məzmunu, sənətkarlıq xüsusiyyətləri, dil-üslubu haqqında fikirlərini bildirib. Sevil xanım yazır ki, “müəllifin istər dramaturgiyasında, istər publisistikasında daha qabarıq şəkildə əks etdirdiyi türkçülük ideyaları yüz ilin qadağalarını dəf edərək 20-ci yüzilliyin sonunda yeni təkanla bir daha üzə çıxdı”. Bax budur H.Cavidin böyüklüyü, müasirliyi, əbədiyaşarlığı. Milli-mənəvi dəyərlərə, müstəqillik ideyalarına, vətənə, müqəddəs torpağa, böyük türkçülük ideyalarına bağlı, onun təbliğinə yönələn motivlərlə zəngin olan bu publisistika H.Cavidin dərin elmi zəkaya, geniş mütaliyəyə və dünyagörüşünə malik olmasını bir daha sübut edir.

Monoqrafiyada H.Cavidin sovet dövrü mətbuatında da çap olunan bədii-publisistik və ədəbi-tənqidi məqalələri haqqında da geniş bəhs edilir. Müəllif əsərində II və III fəsilləri bu məsələyə həsr edib. Burada da H.Cavid çətin də olsa zamanın “meyarlarını” aşaraq öz amalına sadiqliyini qoruyub saxlayıb. Doğrudur buna çox çətinlikə nail olub, amma haqq yolundan dönməyibdə. Bu çətinlikləri Sevil xanım yeri gəldikcə əsərində qeyd edib. Sovet mətbuatının ədibə qarşı yersiz hücumlarını, ədəbi-tənqidin haqsız çıxışlarını verməklə dövrün Cavidə qarşı haqsız münasibətini şərh edib.

Tədqiqatçı xanım H.Cavidin həm ədəbi-bədii fəaliyyətində, həm də bir şəxsiyyət kimi yetişməsində, formalaşmasında Türkiyədəki ədəbi mühiti, türk ədəbiyyatının naliyyətləri, onun klassikləri, gənc türkçülər və s. bu kimi məsələlərin böyük rol oynadığını çox haqlı olaraq dönə-dönə qeyd edir. H.Cavidin türk mətbuatındakı çıxışlarından da nümunələr verərək fikirlərini bir daha təsdiqləyir.

Bu gün qardaş ölkədə H.Cavidin yaradıcılığını “Türklüyün mənəviyyat kitabı” adalandıranlar hər bir türk gəncini öz keçmişindən qürur duymaq və gələcəyə aydın nəzər salmaq üçün H.Cavid irsini qorumağa, təbliğ etməya çağırır. Monoqrafiyanı oxuduqca aydın olur, müəllif bu əsəri ərsəyə gətirmək üçün çoxsaylı dövü mətbuat materiallarına, elmi, bədii əsərlərə, hətta xatirələrə də müraciət edərək ədibin bədii publisistikası ilə bağlı bir çox qaranlıq mətləbləri işıqlandırıb və onun həm də istedadlı bir publisist olduğunu əminliklə vurğulayır. Mövzu ilə bağlı ən kiçik fakta belə böyük etiramla, əsil alim qayğısı ilə yanaşan Sevil xanım H.Cavid yaradıcılığını “zəngin və sonsuz bir dərya” adlandırır. Özü də uzun illər bu dəryada gərgin axtarışlar aparmaqdan nə usanıb, nə yorulub. Əksinə sövq alıb. Ona görə də cavidşünaslığa layiq olan bir əsər ərsəyə gətirib.

Deyirlər ki, “elə adlar var ki, onları eşidəndə təqdim və tərif gərək olmur. Belə şəxsiyyətlərin qazandıqları məhəbbət sonsuz, etimad isə misilsizdir”. Dahi H.Cavid də belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığına, şəxsiyyətinə, amalına, əməlinə həsr edilən “Hüseyn Cavidin ədəbi-bədii irsi mətbuatda” adlandırılan monoqrafiya da məhz bu sevgilə, sayğı ilə yazıldığı üçün ən böyük tərifə layiqdir və onun müəllifinə də daha böyük uğurlar arzu edirik.

Qərənfil Dünyamin qızı

Əməkdar jurnalist