11 Iyun 2024 10:30
5272
MÜSAHİBƏ

 "Seyid Cəfər Pişəvərinin qatilləri DTK, sürücü Karnik Melixyan və  cərrah Əsriyan..." - MÜSAHİBƏ 

Bu gün Güney Azərbaycan Milli Hərəkatının simvoluna çevrilmiş bir şəxsiyyətin - Seyid Cəfər Pişəvərinin  qətlinin baş verdiyi kədərli bir gündür.
Bəli, hazırda cəmiyyətimizi saran savadsızlıq, kitaba nifrət, müdrikləri, alimləri, mübariz insanları diqqətdən kənara atıb. Tariximizi, elmimizi və ədəbiyyatımızı nurlandıran şəxsiyyətlərin böyük bir hissəsini nəinki gənclər, heç cəmiyyət tanımır.

Daha dəqiq, Məmməd Əmin Rəsulzadə kimi böyük vətənpərvəri, Azərbaycan dövlətinin qurucusunu tanımayan böyük əksəriyyət gənclər ("You tube" kanalında bununla bağlı xeyli video-çəkilişlər var ) yəqin ki, Seyid Cəfər Pişəvərinin adına rast gəlmədiklərini də deyəcəklər.
Odur ki, bu dəfə də maraqlı , sanballı, faktlara söykənən məlumatların ünvanı olan siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev müraciət etdim. Zaur müəllim də bildklərini bizdən əskik etmədi ki, biz də öz növbəmizdə o bilgilərlə oxucularımızı, gəncləri maarifləndirək.

 - Zaur müəllim, həm də bir müəllim olaraq  Seyid Cəfər Pişəvərini gənclərə necə tanıdardınız, hansı sözlərlə bu tarixi  şəxsiyyəti gənclərin beyninə həkk edərdiniz?

- Əvvəl qeyd edim ki, Güney Azərbaycanımızda bir il müstəqil olan Azərbaycan Milli Hökumətinin baş naziri Seyid Cəfər Mir Cavad oğlu Pişəvəri (Cavadzadə) 1892-ci il avqustun 26-da Azərbaycanın Güneyində, Xalxal mahalının Zeyvə kəndində əkinçi ailəsində doğulub. Sadə və kasıb olan bu ailənin oğlu  təhsilə meyilli olub. Bakıdakı "İttihad" (Birlik) məktəbinə, sonra isə "Darul-müəllimin" (Pedaqoji məktəb) mədrəsəsinə daxil olub və oranı da bitirdikdən sonra Hacı Xalxali adlı həmyerlisinin vasitəsi ilə vaxtı ilə özünün oxuduğu "İttihad" məktəbinə müəllim təyin olunub, ərəb, fars və islamiyyət fənlərindən dərs deyib. İlk zamanlar kommunist ideyalı olan Pişəvəri İranın “Qəsri-Qacar” zindanında 10 il saxlanıb.

- İran bütün dövrlərdə inqilab ruhlu mübariz insanların qənimi olub...

-Bəli! Bu 10 ildə Pişəvərinin dünyagörüşündə, fikirlərində çevriliş baş verib.Beləki, həbsxanadan çıxandan sonra Azərbaycan Demokrat Firqəsinin yaranması haqqında 77 nəfərin imzasıyla bəyannamə çap olunur. Bütün xalq bu partiyanın ətrafında toplanır və az zamanda bu partiya əzəmətli qüvvəyə çevrilir. 1945-ci il dekabr ayının 12-də 21 Azər hərəkatının qələbəsi ilə əlaqədar fəaliyyətə başlamış Azərbaycan Milli Məclisinin qərarı ilə Pişəvəri Azərbaycan Milli Hökumətinin baş naziri təyin edilir. Məhz həmin hökumət İranın daxilində Azərbaycanın milli muxtariyyət hüququnu bərpa edərək, azərbaycanlıların öz ana dilində danışmaları, yazıb-oxumaları üçün şərait yaratdı. Məktəblərdə ana dilində dərslərin keçirilməsini təmin etdi. Savadsızlığın kökünü kəsmək üçün qəti addımlar atdı.

- Yəni Cənubi Azərbaycanın Məmməd Əmin Rəsulzadəsi...

-Fəhlələr üçün iş qanunu, qadınlar üçün kişilərlə bərabər hüquqlar, bütün ölkədə əhəmiyyəti olan torpaq islahatı həyata keçirildi. Ölkədə misli görünməmiş əmin-amanlıq və abadlıq işlərinə başlandı. Güney Azərbaycanda görülən demokratik tədbirləri hətta düşmənlər belə etiraf edirdilər. Qərbin irticaçı idarələrinə mənsub olan mətbuat dəfələrlə yazmışdır ki, Pişəvərinin rəhbərlik etdiyi Milli Hökumət bir il ərzində sanki Güney Azərbaycanda yarım əsrlik fəaliyyət göstərmişdir.

- Maraqlıdır ki, Pişəvərinin varlığı  farslardan daha çox  Sovet hökümətini , xüsusən erməniləri daha çox narahat edirmiş...

- Çünki Milli Hökumət 12 dekabr 1946-cı ildə İran-ingilis birgə ordusunun hücumu nəticəsində süquta uğradı və  höküməti təmsil edən inqilabçılar Güney Azərbaycandan Sovet Azərbaycanına sığındılar.  Pişəvərinin Güney Azərbaycan dövlətinin yaranması istiqamətində Şimali Azərbaycanda fəaliyyəti bəzi qüvvələri narahat edirdi. 1947-ci ilin isti yay günlərində Mir Cəfər Pişəvəri Gəncədə idi. O, tək deyildi. Qonaqlar arasında respublika Dövlət Təhlükəsizliyi Nazirliyi katibliyinin rəisi, SSRİ-nin Təbrizdəki konsulunun müavini işlədiyi illərdən Pişəvərinin tanıdığı Nuru Quliyev, general Qulam Yəhya da vardı...

 - Hər şeydən şübhələnən, hətta öz sadiq vətəndaşlarını adi iradlarına görə kütləvi şəkildə represiyaya məruz qoyan  sovet höküməti bir inqilabçını, bir "xarici vətəndaşı" nəzarətsiz qoya bilməzdi.

- Beləcə, qonaqlar general Qulam Yəhyanm “Hudzon” markalı avtomaşınında yay gecəsinin sakitliyində Şəkiyə tərəf irəliləməkdə idilər. “Hudzon”un sürücüsü isə Karnik Melixyan.

- Lənətə gəlmişlər...Səhv etmirəmsə, onun ölümü də elə bu erməninin əli ilə baş tutub.

- Karnikin  mənşəyi DTK rəhbərlərinə yaxşıca məlum idi. Atası İranda Daşnaksütyun Partiyasının lideri imiş. Arvadı vaxtilə Britaniyanın İrandaki səfirliyində işləyirmiş. Karnik Melixyanın adına Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Nazirliyinin şöbəsində şəxsi vərəqə açılıbmış. 1944-49-cu illərdə respublika Dövlət Təhlükəsizliyi Komitəsi Yevlax rayon şöbəsinin müdiri vəzifəsində işləmiş Lətif Salayevin şahid ifadəsində deyildiyi kimi, Karnik Melixyanın xarici kəşfiyyatın agenti olması DTK rəhbəri Yemelyanova məlum idi. Əslində general Qulam Yəhyanın sürücüsü olan bu erməniyə hətta Pişəvərini də gəzdirməyi tapşırmışdılar.

-  Demək, bununla da Pişəvərinin ölümünə "fərman" verilib. Sadəcə icraat Melixyana qalıb. 

-Azərbaycan xalqının qatillərinə nökərlik edən K.Melixyan Yevlaxın 14 kilometrliyində maşını qəzaya uğratmışdı... Guya maşını gecə vaxtı sürdüyündən sükan arxasında onu yuxu tutubmuş. Sürücüdən soruşan olmamışdı ki, sükanın ikiyə bölünməsinə baxmayaraq, sənə heç bir xətər dəymədiyi halda necə olub ki, sənin yanında əyləşən Pişəvəri qabırğası əzilmiş, ayağı sınmış, başı yaralanmışdır?

Əvvəlcədən qurulmuş maşın qəzasında Pişəvərinin sağ qalması "əməliyyatın" tam həyata keçirilməməsi demək idi. Ona görə də Pişəvərinin ölümü, necə deyərlər, təşkil olunmalı idi.

1947-ci il iyul ayının 11-də Pişəvəri ölümcül halda Yevlax rayon xəstəxanasına gətiriləndə huşu özündə idi. Həkimlərdən xahiş edir ki, Bakıdan dogma qardaşını gətirsinlər, o, həkim-cərrahdır. Əvəzində Xankəndindən (Stepanakertdən) cərrah Əsriyan gəlir. Pişəvəri Gəncədəki iyirmi yaşlı oğlunu yanında görmək istəyir. Ömrünün ən çətin məqamında ataya oğlundan daha yaxın kim ola bilərdi? Xəbər çatdırmırlar. Çatdırsaydılar, qaça-qaça gələrdi və ... cinayətdən agah olardı.

Yalnız ertəsi günü, iyulun 12-də Bakıdan həkimləri və şəfqət bacılarını gətirən təyyarə Yevlaxa endi. Artıq gec idi. Pişəvəri cərrahiyyə əməliyyatından ayağa qalxmadı...Erməni həkimi Ərsinyanın vurduğu zəhərli iynə onun həyatına son qoydu! Pişəvərinin məzarı Bakı şəhərində Fəxri Xiyabandadır.

- Maraqlı məlumata görə, biz də oxucularımız adından təşəkkür edirik!

P.S. S.M.Pişəvəri xalqın maariflənməsində, məlumatlanmasında böyük əməyi olan ziyalılardan olub. Bu böyük şəxsiyyət haqqındakı mənbələrdə yazılır ki,  onun müəllim, jurnalist, yazıçı və siyasi xadim kimi yetişməyində və fəaliyyətində Bakıdakı ədəbi-siyasi mühitin, o dövrün mətbuatının, ədəbi və siyasi simalarının təsiri danılmazdı. S.M.Pişəvərinin yeniyetmə və gənclik illərində Bakıda çap olunan çoxlu qəzet və dərgi, o cümlədən "İrşad", "Həyat", "Təkamül", "Dəvət" "Qoç", "Yoldaş", "ittifaq", "Tərəqqi", "Həqiqət", "Sədaye Bakı", "Sədaye vətən", "Sədaye Qafqaz", "Açıq söz", Güney Azərbaycanda çap edilən "Fəryad", "Şuraye İran" "Mükafat", "Naleye millət", "Şəms" qəzetləri, eləcə də , "Molla Nəsrəddin", "Füyuzat", "Zənbur", "Tuti", "Məktəb", İrəvanda çap olan "Leylək" və s. müxtəlif yönlü dərgilərin bir çoxunun daimi oxucusu olan S.M.Pişəvərinin ədəbi-siyasi cəhətdən formalaşmasında və inkişafında, onun jurnalistliyə və mətbuat işinə güclü həvəsin oyanmasında müstəsna rol oynamışlar. Rusiyada fevral 1917-ci il və ondan az sonra baş vermiş dövlət çevrilişləri çar Rusiyası ərazisində, o cümlədən Cənubi Qafqaz bölgəsində siyasi ab-havanı dəyişdi. V.İ.Leninin verdiyi dekretlər, Rusiyanın və şərqin müsəlman xalqlarına ünvanlanmış şirin vədlər və müraciətlər bir çox azərbaycanlı ziyalılar kimi S.M.Pişəvəriyə də təsirsiz ötüşməmişdi. Bu təsir onu maarifçiliklə demokratlıqdan kommunistliyə doğru meyilləşdirmişdi. Bu işdə S.M.Pişəvərinin yaxın münasibətdə olduğu Nəriman Nərimanovun, Süleyman Mirzə İskəndərinin, Heydər xan Əmioğlunun, Əsədulla Qafqazzadənin, Mirbəğir Qasımovun, İranın nicatını və azadlığını kommunist məsləkinin qələbəsində görən digər şəxsiyyətlərin gənc Pişəvəriyə təsiri danılmazdır.  Oktyabr inqilabına qədər S.M.Pişəvəri bir növ ideoloji xətt, məram axtarışında olmuşdur. O müxtəlif təşkilatlarda, cəmiyyətlərdə və dərnəklərdə iştirak edir, düşüncələrini və fikirlərini kağız üzərinə gətirir və qəzetlərdə çap etdirir. Biz bu dövrdə S.M.Pişəvərinin ilk məqaləsini Məhəmməd Əmin Rəsulzadənin redaktor olduğu "Açıq söz" qəzetində çap etdirdiyini görürük. Mərkəzi Təbrizdə olan Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Demokrat firqəsinin Bakıdakı təşkilatı və onun üzvləri ilə əlaqə saxladığını S.M.Pişəvəri özü etiraf edir. 1917-ci ildə Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında İran Demokrat Partiyasının Azərbaycan Əyalət Komitəsi yaradılır. 1917-ci ilin aprelində partiyanın orqanı "Təcəddö" qəzeti çap olur. Arazın bu tayında olan İran təbəələri həmin təĢkilatın Bakı şöbəsini təşkil edirlər. Bu şöbə Təbrizdə yerləşən MK ilə sıx əlaqə saxlayır, onun göstəriş və tapşırıqlarını yerinə yetirir. Güneydən gələn işçi qüvvəsi və ziyalılar Xiyabani məsləkinə köklənir və bir çoxu bu məsləkin yolçusu olurlar. Sonralar S.M.Pişəvəri "Ajir"də çap etdirdiyi xatirələrdə yazırdı:" “Bakıdakı Demokrat Firqəsi yüzdəyüz Azərbaycan Əyalət Komitəsinə tabe idi. O göstərişləri birbaşa Təbrizdən alırdı və öz işlərini bu əsasda qururdu.

 Yeri gəlmişkən, Pişəvərinin dildən dilə gəzən sözü bu olub: "...gedək çalışaq elm və maarifi yüksəldək. Tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi parladaq... maarifimiz, ədəbiyyatımız toz-torpaq içində qalmış bir cəvahirə bənzəyir". 

Əntiqə Rəşid