Heç ağlıma gəlməzdi ki, belə bir sürprizlə qarşılaşaram. Həqiqətən, tam səmimiyyətimlə deyirəm ki, bu mənim üçün çox önəmli sürprizdi. O sürprizi mənə dünən səhər saatlarında (25 sentyabr) millət vəkili Aqil Abbas etdi. Elə koridordaca əlindəki bağlamanı açıb, içərisindən bir kitab çıxardı:
Əbülfət, al bu kitabı qəzetə bir məlumat hazırla, özü də sabahkı nömrəyə!
Təbii ki, kitabı aldım, “baş üstə” deyib və tez də kitabın üz qabığına nəzər yetirdim:
BAX BU, ƏSL SÜRPRİZ İDİ!
Onu lap çoxdan tanıyıram. Tuğda orta məktəbdə oxuyanda onu filmdə də seyr etmişdim . Ağlıma da gətirməmişdim ki, nə vaxtsa doğmalaşacağıq. Onun diqqətini çəkəcəm. Və mənim barəmdə çox möhtəşəm bir yazı da yazacaq. Həmin yazını mətbuatda da, kitabında da çap edəcək.
Atalar deyib ki, bəzən ağıla gəlməyən başa gəlir. Elə mənim ağlıma gəlməyən də başıma gəldi. Böyük ürək sahibi, istedadlı yazıçı, publisist, əməkdar jurnalist, fəsləfə doktoru Akif Əlinin qələminin ucuna yol tapdı. O, mənim yaradıcılığıma qiymət verdi…
Təbii ki, münasibətlər ən yüksək bir istiqanlılıq həddinə gəlib çatdı. Mən də onun yaradıcılığını izləyə-izləyə oxudum, öyrəndim. Və hərdən “kasıbın olanından “ deyib, Akif müəllimin yaradıcılığı barəsində fikirlərimi mətbuata çıxardım. Ondan müsahibələr götürdüm…
Bir xeyli vaxtdır ki, onunla üz-üzə gəlmirdim. Ya telefonda eşdirdim, ya ekranda görürdüm. Ona görə də indi əlimdə tutduğum kitabı çox böyük sevgi ilə vərəqlədim. Kitabı vərəqlədikcə müəyyən abzaslara göz atdım. İstədim fəhmlə duyum ki, Akif müəllim niyə kitabının adını “Salam, cənab Baş nazir..” qoyub? Bu sualın cavabını kitabın “Müəllifdən” girişində tapmaq mümkün idi. Onun “Müəllifdən” olan hissədə yazdığı bir cümləyə siz də diqqət yetirin:
-İnanıram ki, kitabın məhz indi, heç birimizin vəzifədə olmadığımız dövrdə qələmə alınmasını hörmətli oxucular müəllifin səmimi, təmənnasız və xoş niyyətinin əlaməti olaraq obyektiv qiymətləndirəcəklər.
Bax bu, biz oxuculara ünvanlanmış ismarıc kitabdakı səmimi mühiti bir pərdə kimi açır. Yəni, səhnə görünür. Və mən də o səhnədə Akif Əlinin Artur Rasi-zadə ilə çiyin-çiyinə işlədiyi dövrünü sanki tamaşaçı kimi izləyirəm. Və reallıqları birmənalı qəbul edirəm. Ona görə ki, müəllif də, onun qəhrəmanı da bir Azərbaycan İNSANı olaraq dövlətçilik tariximizin zaman kəsiyini özündə ehtiva edib.
Artur müəllim Baş nazir kimi, Akif Əli isə Respublika Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri kimi!
Bunu ona görə xüsusi vurğulayıram ki, Akif Əli o vəzifəyə təyin olunanda artıq Azərbaycan ədəbi ictimaiyyəti, Azərbaycan tamaşaçısı onun kimliyini bilirdi. Onun bir ziyalımız, aydınımız kimi əqidəsindən, məsləkindən, yolundan xəbərdar idi. Bu gün də Akif Əlinin qaçqınlığımızın ilk illərində “Vətən səsi” qəzetinin, sonra “Öncə vətəndir” xüsusi buraxılışlarının redaktoru kimi necə özünü oda-közə atdığını unutmaq mümkün deyil. Onun dərc etdiyi qəzetlər onda əllərdə idi. İndi isə yazılı tarixdir.
Mən vərəqlədiyim, yəni gözdən keçirdiyim bu kitabın havasına özümü kökləyib, bircə onu demək istəyirəm ki, əməkdar jurnalist, fəlsəfə doktoru, yazıçı, publisist Akif Əli bu gün də sırada olduğunun, sözə xidmət etdiyinin sübutu kimi biz oxuculara cənab Baş nazirin, yəni Artur Rasi-zadənin portert cizgilərini daha yaxından tanıdıb. Mənə görə həm də cənab Baş nazirə sevgi və sayğı ilə söz abidəsi ucaldı.
Mən birmənalı olaraq bu kitaba təkrar qayıdacağıma əminlik ifadə etməklə əzizim, dəyərlimiz Akif müəllimə “kitabın mübarək” deyirəm. Oxuculara isə bu kitabı əldə etməyi arzulayıram.
ƏBÜLFƏT MƏDƏTOĞLU