14 Oktyabr 2025 11:14
131
DÜNYA

“HƏMAS-ın İsrail üstünə təhrik olunmasında İranın...”

“Dünyanın ən böyük uşaq qəbristanlığı Qəzzadadır, bu gün üstünə "SÜLH" yazılacaq. HƏMAS-ın iki il əvvəl İsrailə hücumunun nəticəsi: 70 minə yaxın insanın (müsəlmanın) qətli yaxud soyqırımına uğradılması. Hizbullahın böyük nüfuza malik olan lideri Həsən Nəsrallah, Haşim Safiyuddin də daxil olmaqla onlarla komandirinin, yüzlərlə üzvünün öldürülməsi. (Peycer partlaması nəticəsində minlərlə üzvünün əlil, şikəst edilməsi). İsmail Həniyyə, Yahya Sinvar da daxil olmaqla HƏMAS-ın say-seçmə liderlərinin, komandirlərinin aradan götürülməsi. Baş nazir də daxil olmaqla Yəmən Husiləri hökumətinin nazirlər kabinetinin hamısının bombalanıb qətlə yetirilməsi”.

Adalet.az xəbər verir ki, bunu siyasi şərhçi Tural İrfan deyib.  

“İrana qarşı 12 günlük müharibəyə səbəb olan sui-qəsdlərlə hərbi generalların, bir sıra önəmli nüvə mütəxəssislərinin sıradan çıxarılması. Nüvə obyektlərinə ciddi zərbələrin endirilməsi. Qəzzanın demək olar ki, tamamilə yer üzündən silinməsi... Sonda: Həmasın Qəzzanın idarəçiliyini itirməsi. Əsirləri azad etməsi... Doğrudur, İsrailə qarşı da adı çəkilən qruplar və İran müəyyən zərbələr endirib canlı qüvvəsini məhv edə bildi. Amma müqayisədə cüzi itkidir. Hazırda İsrail də bir çox fələstinli əsiri qaytaracaq. Ancaq bütün bunlar 70 min insanın həyatına dəyərdimi? Qəzza boyda torpağın, milyonlarla əhalinin demək olar ki, naməlum aqibətin ümidinə buraxılmasına dəyərdimi? İranda az qala dron zavodu açan, generalları evinin pəncərəsindən yatdığı yerdə vuran İsrail kəşfiyyatı burnunun ucundakı HƏMAS-ın illərlə hazırladığı hücum planından guya xəbərsiz imiş. Hətta hücum edəndə də yatıbmış. Elə yatıbmış ki, HƏMAS üzvləri sərbəstcə xəndəklərdən, tunellərdən çıxıb motosikletlərlə, paraşütlərlə, uçan motorlarla İsrailə tərəf keçiblər, camaatı qətlə yetiriblər, lakin heç kəsin xəbəri olmayıb. Hansı ki, başqa vaxt göydə uçan quşun qanadında hansı ölkənin kəşfiyyat aparatı olduğunu elə göydəcə müəyyən edirlər. Özü də elə şərait yaratdııar ki, mümkün qədər mülki əhali öldürülsün. Əsirlərin tutulub aparılmasına da imkan yaradılmışdı. Əks halda İsrail bu günki nəticələrə vara bilməzdi. Yəqin ki, Netanyahuya gah Qumda gah Britaniyada yaşayan fars ayətullahı Sadiq Şirazi təbrik məktubu yollayacaq. Çünki Şiraziyə görə Fələstin əhalisi nasibidir və qanı halaldır. HƏMAS-ın İsrail üstünə təhrik olunmasında İranın mühafizəkar Qum mollalarının rolu danılmazdır. Nəticəni hesablamadan, güc balansını nəzərə almadan arxasında ABŞ kimi nəhəng dayanan, beynəlxalq qanunları belə saya salmayan İsrailə qarşı bu xırda hücum bütün dünya üçün böyük yara açdı. Hələ bu yara çox sızıldayacaq, daha ağır nəticələrə yol açacaq. Xalqlar arasında əbədi düşmənçilik, nifrət və qəzəb İsrailə, Fələstinə, nə də müasir dünyaya xoşbəxtlik gətirməyəcək. Fələstin dövlətinin yaranmasına səy göstərmək lazımdır. Problemi dondurmaq yox, həll etmək gərək. "Böyük İsrail" xülyası, əfsanə, nağıl, dastan, dini ekstremizm dövrü deyil artıq. Real sərhədlər cızıb normal insan kimi yaşamaq lazımdır. Yer üzündə heç bir heyvan növü tarix boyu insan qədər qan tökməyib. Qəzzada iti-pişiyi də bombalamışdılar. Qoca, cavan, uşaq, çağa, canlı, cansız hamısı məhv edildi. Məscid, kilsə, məbəd qalmadı. Yaxşı ki, Allah yerdə deyil, yoxsa onu da bombalayardılar. Yanlış ideologiya, yanlış siyasət, yanlış strategiya, yanlış hücum və acı nəticə... Nə yaxşı ki, Donald Tramp da varmış. Yoxsa Qəzzada bircə keçi başı tutan qalmayacaqdı. İran rejimi başqa nə cür Fələstin əhalisini qırdıra bilərdi? Özü gedib bombalaya bilməzdi, əsl niyyəti ifşa olardı. Demək Şirazi demişkən, "nasibiləri" başqasının - İsrailin əli ilə qırdırmaq lazım idi, qırdırdılar da... İsrail də Talmudu qoyub qabağına ki, İbrahim deyib Nildən Fərata kimi sizə vəd edilib, o torpaqlar sizin olmalıdır. Hələ qarşıda Suriya, Ərəbistan, İordaniya, Misir, Türkiyə var. İran İmamların adına ideoloji yalanlar uydurduğu kimi İsrail də İbrahimin, Musanın adına uydurulan rəvayətlərlə dünyanı qana çalxalayır. Sanki dünyanı Peyğəmbərlər bölüb, gələcək üçün qan davalarına baza yaradıblar. Əstəğfirullah. Heç bir Peyğəmbər miras, mülk, dünya malını tövsiyyə etməyib. Əksinə dünyaya bağlanmamağı, qan tökməməyi, sülh içində birgə yaşamağı əmr ediblər. Bəlkə də o dünyada Həzrət İbrahim, Həzrət Musa xəcalətindən Həzrət Muhəmmədin üzünə çıxa bilmirlər. O ikisinin ümməti sonuncunun ümmətindən torpaq üstündə 70 min adamı qanına qəltan edib üstünə göndərib. Təsəvvür edin ki, o qətlə yetirilənləri axirət aləmində Həzrət İbrahim, Həzrət Musa və Həzrət Muhəmməd qarşılayır. Sizcə nə danışırlar, nə deyirlər? Dünyanın isə ən böyük uşaq qəbristanlığı Qəzzadadır, üzərində "SÜLH!" yazılıb. İran təklif verə bilər ki, Ginnesin "Rekordlar kitabı"na salınsın. Bəyəm mollaların ideoloji sələfləri İmamları ölümə verib sonra da üstündə qızıl günbəz tikməyiblərmi?”,- deyə Tural İrfan bildirib. 

Vasif ƏLİHÜSEYN