21 Oktyabr 2025 09:51
96
GÜNDƏM

“Əgər xəyanət varsa, insan boşana bilər, sonu qətl olmamalıdır...” - Psixoloq 

Xəbər verdiyimiz kimi, Tovuzda Səbuhi Hacızadənin əvvəl həyat yoldaşı Mətanət Hacızadəni bıçaqlayaraq qətlə yetirməsi və ardınca isə özünü asaraq intihar etməsi ölkədə böyük rezonansa səbəb oldu. S.Hacızadə intihar etməmişdən öncə yaydığı videoda hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. 

Məsələylə bağlı Adalet.az-a danışan psixoloq Nabat Mirzəyeva  bildirdi ki, bu cür ağır qətllərin baş verməsi sözsüz ki, sadələşdirilməməlidir: 

“Bu bizim cəmiyyətimizə də, düşüncələrimizə də, fikirlərimizə də təsir edir və istər-istəməz artıq insanlar bu cür hallara qarşı daha da sərt münasibətlər bildirməyə başlayırlar. Çünki həqiqətən də ortada övladlar, qətl və cinayət var. Onu demək istəyirəm ki, belə bir vəziyyətdə bu, təkcə ailədə baş verən faciə yox, bütün qohum-əqrəbanın, sistemin əslində zərbəyə və zədəyə gəlməsi deməkdir. Yəni burda təkcə ailə yox, bir psixoloji sistem çökür”.
Psixoloqun sözlərinə görə, təəssüf ki, faciəvi hal olduğuna görə övladlar anasız, atasız qalırlar və bu şiddətə onlar körpə, uşaq yaşlarından şahid olurlar:

Bu adi, sadə bir hal deyil. Bu hal heç bir zaman qəbul olunmaz və oluna da bilməz. Ancaq xəyanət və xəyanətdən sonrakı yaranan gərginliklər əslində bir günə iki günə yaranmır. Bu aylarla, illərlə hər iki tərəfin bir-birinə yığılmış, toplanmış sstresi, psixolojik ağırlıqları və yaşanan sstresslər səbəb olur. Söhbət xəyanətdən getmir. Ümumiyyətlə, bir ailənin daxilində ağır bir gərginliklər varsa, bunlar bir, iki, üç, dörd günə deyil, aylarla toplanır. Biz burda xəyanətdən, sevgidən, duyğudan danışsaq belə artıq ortada qətl, cinayət var”. 

Psixoloq bildirib ki, bir insanın yaşadığı hər nə olursa olsun qanuni olaraq mütləq çözümü var: 

“Yəni xəyanət varsa, insan boşana bilər, qarşı tərəf bir-birilərini qəbul etmirlərsə, oturub danışıb ayrılmaya gətirə bilərlər. Aralarında nə qədər gərginliklər baş versə də bunlara bir ortaq yol tapıla bilər. Amma biz heç bir zaman istər davalar, böyük mücadilələrin sonunda cinayət və qatil olmaqla bunu dırnağarası desək dəyərləndirməməliyik. Yəni hər hekayənin sonunu cinayət görməməliyik. İnsan həyatı həqiqətən də sıradan bir həyat deyil. Biz insan olaraq mükəmməl yaradılmışıq. Həyatda nə yaşayırıqsa yaşayaq ilk öncə canımıza və qarşımızdakı insana qıymamalıyıq. Çünki bu canı biz yaratmamışıq ona da qıyaq”. 

N.Mirzəyeva deyib ki, ona görə də biz övladlarımızı böyütdüyümüz zaman onlara gücü öyrətməməliyik:

“Onlara deməli deyilik ki, sən güclü olmalısan, sən kişisən, sən qadın üzərində hökm etməlisən, sən qadınların deyil, qadınlar sənin dediyinlə oturub-durmalıdır, sən ağlamamalısan, gələcəyin kişisisən. Biz oğullarımızı sevgiylə, dəyərlə, diqqətlə böyütməliyik. Əgər bir yerdə uyğunluq yoxdursa, oturub danışaraq onu çözməyi övladlarımıza öyrətməliyik. Cəmiyyətdə bununla bağlı maarifləndirici söhbətlər aparılmalıdır və bu sahədən mütəxəsisslərimiz də var”. 

Vasif ƏLİHÜSEYN