adalet.az header logo
  • Bakı -°C
10 Iyun 2026 19:11
64
GÜNDƏM
A- A+

“Ölkədə aptek şəbəkəsi digər ölkələrdəkindən 20 dəfə artıqdır...”

“Tibbi dərmanlar və tibb xidməti sahəsində ölkədə ciddi problemlər yaşanır. Azad İstehlakçılar Birliyinə gələn istehlakçılar və ictimai danışmaqdan qorxan həkimlər mənə məlumatlar verirlər. Bu sahədəki problemlər çox dərinə gedib”.

Bunu Adalet.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

Ekspertin sözlərinə görə, ölkəyə müəyyən dərmanlar gətirilir və insanlar o dərmanlarla müalicə olunur:

“Məsələn, “A” dərmanı. İnsanlar bu dərmanlara öyrəşir və dərman biznesində bazarda bir-biri ilə mübarizə aparan adamlar “A” dərmanının qarşısını kəsir və qəfildən ölkədə hər hansı bir dərmanın defisiti müşahidə olunur. İstehlakçılar gündəlik həyatlarında bunun şahidi olurlar və bu dərmanları xarici ölkədən gətirtdirirlər. Daha bilmirlər ki, bu dərman gətirən şirkətlər arasında mübarizədir. “A” dərmanının qarşısını alıb “B” dərmanını daxil edirlər”.

O, bildirib ki, dərmanların keyfiyyətsizliyi və təsirsizliyi barədə ictimai rəydə böyük informasiya var:

“Ən yaxşı ekspertiza ictimai rəydir, ictimai rəydə nə varsa, o doğrudur. Dərmanların təsirsizliyi barədə ən gözəl parlaq nümunə ölkədə mövcud olan “Alman” aptekləridir. Onlar açıq-aşkar deyirlər ki, dərmanları baha satırlar, çünki satdığımız dərmanlar təmizdir, digər aptekdəkilər isə ucuzdur və təsirsizdir. İnsanlar bunun şahidi olurlar. Ölkədə dərmanların yan təsirləri öyrədilmir. Hər hansı bir “S” dərmanı ölkəyə gətiriləndə bəzən həmin dərmanın rəsmi nümayəndələri də ölkədə olur və onlar dərmanların yan təsirləri ilə bağlı sistem hazırlayırlar. Yəni hər hansı bir “S” dərmanı Afrikada yaşayan insana bir cür, Azərbaycanda yaşayan insana isə başqa cür təsir edə bilər. Dərmanların yan təsiri gərək rəsmi nümayəndələr tərəfindən öyrədilsin, baş ofisə xəbərlər verilsin və dərmanların tərkibində müəyyən dəyişikliklər aparılsın. Bu dərmanların yan təsirlərinin öyrənilməsi məsələsində tibb müəssisələrinin, həkimlərin böyük rolu var. Lakin bu qətiyyən öyrənilmir. Məsələn, Nigeriyada olan dərman Azərbaycana da gətirilir və satılır”. 

E.Hüseynov deyib ki, dövlət guya üç mindən çox dərmanın qiymətini tənzimləyib:

“Lakin bir sıra dərmanlar qonşu və uzun ölkələrdəkindən çox-çox bahadır. Məsələn, “Qalusmed” dərmanı Azərbaycanda 75 AZN, Türkiyədə 15 AZN, Filippində 38 AZN, İspaniyada isə 40 AZN və qiymətlər bu cür dəyişir. Bu kimi anormal qiymətlər də mövcuddur. Ölkədə aptek şəbəkəsi digər ölkələrdəkindən ümumilikdə götürsək 20 dəfə artıqdır. Apteklərdə insanlar növbəyə dururlar. Böyük tələb var, bu tələb nə üçün var, amma bunu heç kim öyrənmir. Buna səbəb nədir? Ən çox narazı olduğum insan qruplarından biri də həkim icmasıdır. Həkim icmasının içində sağlam niyyətli insanlar var, lakin onlar danışmağa qorxurlar. Bu gün mənə sağlam niyyətli həkim danışdı ki, dərman firmalarının əməkdaşlarını qapıdan qovuruq, amma pəncərədən girirlər. Onlar bu dərmanlarının satışının müqabilində 50 faiz pul təklif edirlər. Hətta bəzi məşhur tanınmış insanların etibar etdiyi həkimlərin adıyla resept yazırlar”.

Vasif ƏLİHÜSEYN