adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
16 May 2022 12:23
420
MARAQLI

Tarixdə bu gün...

Bünyamin Bünyadzadənin təqdimatında...
 
           
Saytımızın "Tarixdə bu gün..." adlı rublikası 16 may təqvimində baş verən verən önəmli hadisələr və tarixi şəxsiyyətlərlə bağlı məlumatlarla bu gün də oxucuların qarşısındadır.
        
Bu gün Azərbaycanın xalq artisti, məhşur komediya aktyoru Arif Quliyevin doğum günüdür.
 
        
Arif Əli oğlu Quliyev 1965-ci ildə  Bakı Mədəni – Maarif Texnikumunda "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilmişdir. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.
          
Arif Quliyev çeşidli səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.
        
Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanmışdır. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.
    
Arif Quliyev İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləyib. 1988-ci ildən Özəl Satira Teatrının bədii rəhbəri olub. 1982-ci ildə Respublika Gənclər mükafatına, 1989-cu ildə Əməkdar artist fəxri adına, 1993-cü ildə isə "Humay" mükafatına layiq görülüb.
  
1993-cü ildə Musiqili Komediya Teatrından Milli Dram Teatrına dəvət olunub. Elə həmin il Xalq artisti fəxri adına layiq görülüb. 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülüb. Prezident təqaüdçüsü olub.
   
Xalq artisti, 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat edib. Sənətkar Qurd qapısı qəbiristanlığında dəfn edilib.
 
16 may tarixində dünyanın müxtəlif ölkələrdində baş verən ümumi əsas hadisələrin xronologiyası isə belədir:
 
16 may 922 – ci ildə  Bulqar xanlığı İslam dinini dövlət dini kimi qəbul edib.
 
16 may 1812 -1806 -1812-ci illər türk-rus müharibəsinə son qoyan Buxarest sülhü imzalanıb.
 
 16 may 1868 – ci ildə ABŞ prezidenti Endrü Consona qarşı impiçment proseduru onun lehinə başa çatıb.
 
16 may 1929 – cu ildə Hollivudda ilk Oskar mükafatlarının təqdimat mərasimi keçirilib.
 
16 may 1943 – cü ildə Varşava gettosundakı antifaşist üsyanı yatırılıb.
 
16 may 1966 – cı ildə Çin Kommunist Partiyası ölkədə "Mədəni İnqilab"ın əsasını qoyan "16 may bildirişi"ni yayımlanıb.
 
16 may  2003 – cü ildə Mərakeşin Kasablanka şəhərindəki terror aktları nəticəsində 33 mülki şəxs və 14 terrorçudan 12-si həlak olub.