adalet.az header logo
  • Bakı -°C
01 Dekabr 2025 09:13
63
MARAQLI
A- A+

Tarixin gərdişi: gah müsəlman, gah da xristian olan ölkələr 

Dünya tarixinin siyasi-dini xəritəsi heç vaxt sabit olmayıb. Orta əsrlər boyunca müsəlman imperiyalarının genişlənməsi nəticəsində bir çox regionlar islamın təsir dairəsinə düşüb. Lakin tarixin gərdişi  birtərəfli getmədiyindən bəzi torpaqlar zaman keçdikcə yenidən xristian dünyasının tərkibinə qayıdıb. Bu dönüşümlər həm hərbi-siyasi mübarizənin, həm də mədəni təsirin nəticəsi idi.

İspaniya və Portuqaliya: Rekonkistanın tarixi nəticəsi

VIII əsrdə ərəblər Pireney yarımadasının böyük hissəsini ələ keçirərək Əl-Əndəlusu yaratdılar. Lakin xristian krallıqlarının ardıcıl hərbi və siyasi təzyiqi buranı  Rekonkistaya çevrərək təxminən səkkiz əsrə yaxın öz tabeliyində saxladı. Sonradan XVI əsrin əvvəllərindən müsəlman hakimiyyəti tamamilə aradan qalxdı və region yenidən xristian Avropası ilə birləşdi. Portuqaliya da eyni prosesin içində formalaşaraq XIII əsrdə müsəlman hakimiyyətindən tam azad oldu.

Filippinlər: islamdan xristianlığa keçidin Avropa modeli

XIV əsrdə ticarət yolları ilə adalara daxil olan islam, ispanların gəlişi ilə üstünlüyünü itirdi. İspan müstəmləkə siyasəti və missionerlik fəaliyyəti nəticəsində Filippinlərdə xristianlıq dominant dinə çevrildi. Bu gün də vəziyyət dəyişməz olaraq qalır.

Mozambik: Afrika sahillərində dini transformasiya

Mozambik X əsrdə Kilva sultanatının təsiri ilə islamlaşmışdı. Lakin XVI əsrdən başlayaraq Portuqal müstəmləkə hakimiyyəti və katolik missionerliyi dini mənzərəni dəyişdi. Sonralar protestant təsir də artdı. Nəticədə Mozambik islamdan xristianlığa keçidin Afrika qitəsində ən aydın nümunələrindən birinə çevrildi.

Malta və Siciliya: Aralıq dənizindəki iki dalğa  

IX əsrdə ərəb hakimiyyəti Aralıq dənizinin bu adalarına yayılmışdı. Lakin XI əsrdə normanların yürüşü ilə siyasi üstünlük dəyişdi və XII əsrdə adalar yenidən xristian Avropasının nəzarətinə qayıtdı. Bu proses bölgədə dəniz ticarəti və hərbi nəzarətin dinə birbaşa təsir göstərdiyini nümayiş etdirdi.

Balkanlar: Osmanlı mirası və XIX əsr dönüşü

XIV–XIX əsrlərdə Osmanlı hakimiyyəti bölgədə islamın yayılmasına səbəb olmuşdu. Lakin XIX əsrdə milli dövlətçilik hərəkatının güclənməsi ilə Serbiya, Bolqarıstan, Yunanıstan, Rumıniya və Monteneqro kimi yeni müstəqil dövlətlər meydana çıxdı. Bu dövlətlər həm siyasi suverenlik, həm də dini-mədəni identiklik baxımından yenidən xristian kimliyinə qayıtdı.

Beləliklə, bu regionların təcrübəsi göstərir ki, din dəyişiklikləri təkcə ideoloji deyil, həm də siyasi gücün, iqtisadi əlaqələrin və mədəni təsirin formalaşdırdığı uzunmüddətli proseslərin nəticəsidir. Hərbi üstünlük və dövlət dəstəyi dinin yayılmasında əsas rol oynayır. Tarix dəfələrlə sübut edib ki, dini xəritə sabit olmaya bilir, yəni, güc mərkəzləri dəyişdikcə o da yenidən formalaşır.

Murad Köhnəqala