15 May 2024 10:45
1856
ƏDƏBİYYAT

Varım Tanrı dağlarına - Elnur Uğurun şeirləri

Elnur Uğur 1980-ci ildə Neftçala rayonu Aşağı Surra kəndində doğulub. LDU-nun filologiya fakültəsini bitirib. Hal-hazırda Neftçala rayonu Aşağı Surra kənd Z.Əsgərov adına tam orta məktəbdə təşkilatçıdır. AYB-nin üzvüdür.
 

Varım Tanrı dağlarına

Götürüb ruhumu gedim,
Varım Tanrı dağlarına.
Ruh çiçəktək qonsun göyün,
O bulud budaqlarına,

Günəşi öpsün bu şeir,
Ruhumdan süzülüb gəlir.
Yeddi qat səmanın bir-bir
Eşq doğsun otaqlarına.

Bitdi kirayəm mən gedim,
Nə aldım,verəm,mən yetim?!
Qoy gedişimlə gen edim,
Yeri göy qonaqlarına.

Qəlbi acıdır eşq acım,
Yaramı duatək açım,
Sinə dağlarından qaçım,
Varım Tanrı dağlarına

Var

Hər misra üstündə qazi olmağın,
Hər şeir üstündə şəhadəti var!
Şairin özündən bidətçiliyi,
Şeirin eşq adlı ibadəti var.

Bu söz xanimanı elə qəsrdi,
Gəzilir içində milyon əsrdi.
Şeir oxunanda,Allah, nə sirdi?
Hər səsdə Tanrının ədaləti var!

Şeir günahlardan arınmaq yolu,
Savabdan doyunca barınmaq yolu.
Söz ki, səmalardan ar ummaq yolu,
Şeirdə bir qəlbin itaəti var!


Arzu

Tanrım,məni işığınla aydınlat,
Qara rəngə bürüməyim sübhümü.
Öz- özümlə bu savaşda yenilim,
Məğlub etsin hərbim hər gün sülhümü.

Aldanmasın hər barışa qoy başım,
Yaman dardır ruha bədən- bu çuxam.
Mən eləyir məni mənlə savaşım,
Öz-özümlə barışdığım gün yoxam.

Həyat savaş,həyat vuruş meydanı,
Bu meydanda bəxtin valı dönəcək.
Mən o mənə qalib gəlsəm, bilirəm
Gələcəyin gələcəyi sönəcək.


Ömür yolu

Bu ömür yoludu,ömür yoludu
Döngəsi, dalanı sən görən deyil.
Adamı hər səmtə döndərə bilər,
Tək özünü səndən döndərən deyil.

Bu ömür yoludu,ömür yoludu,
Bax,bax yolçuları su deyib gedir.
Neçə şax qamətli, o dik yerişli,
Dalandan keçməyə baş əyib gedir.

Bu ömür yoludu,ömür yoludu,
Bu yol bənzəməz ki şose yoluna.
Sürdüyün ömür də özünün deyil,
Aldanma kiminsə bir sağoluna.

Bu ömür yoludu,ömür yoludu,
Arxanda nəyin var aparar səni.
Sabah irəlidə yıxılacaqsan,
Əgər yıxmısansa özün dünəni.


Bu yaz

Uyub bir sevginin şux havasına,
Küləklər oynayır həyətimizdə.
Yazın gəlişinə bu nə rəqsdi ki,
Tozanaq qaldırıb həyətimiz də?

Budaqlar nağara çubuğu sanki,
Dəydikcə havaya səs- səs sürüşür.
Bu bahar bəstəli, bahar nəğməsi,
Yazın sümüyünə yamanca düşür.

Bir də ümid adlı yelləncəkdəki,
Yellənən sabaha eşqi bu günün.
Yerdən öpüş alıb qaçan küləklər,
Öpəcək göy gözün o göy üzünün.

Sonra da sonrası sondu bir ilkin,
Göyün göy gözündən düşəcək yağış.
Yerdə səhra qəlblər çiçəkləyəcək,
Bu yaz ürək qalmaz barı olmamış....


    Gəl şəkil çəkdirək

Gəl şəkil çəkdirək
Örtək gülüşümüzlə acılarımızın üstünü.
Şəkillərdə,bəlkə də,xoşbəxt olur ancaq insan.
Yaxın dur,
Gülümsə
Mənə acıqlı da olsan.
Bu saxta həyat,
Onsuz da ağrılı şəkillərlə doldurub qəlbimizi.
Biz şəklimizi
Gülə- gülə çəkdirək
Adını qoyaq Sevda şəkli.
Sevənlər baxıb öyrənsin,
Ağlayanda gülməyi
Yıxılanda qalxmağı.
Gəl şəkil çəkdirək
Sən qız,mən oğlan uşağı.
Axsın qarın qanı isti nəfəsimizdə.
Pozulsun həyatın sərhədləri,
Şəkil çərçivəmizdə...


İnam

Zülmət gecədə
Bir ulduz bəs edir işığını tutub gedim.
Tənhalığın baş gicəlləndirici dəhşətində
Kölgəmi görmək kifayətdir 
Özümü xoşbəxt hiss edim.
Bu dünya aşiqlərin həsrət meydanıdır,
Bu həsrətdə sınanır- eşq!
Bu dəhşətdə tanınır - aşiq!
Ömrün Kərbəlasından keçmək
Hər zəvvara nəsib olmur.
Gələndən pıçıldadı qulağıma adımı atam!
Adam
Adam,
Adam!
Varsansa sabahın elə nur da saça bilər,
Üzündən eldən işıq da qaça bilər.
Əməlini qapı əllərinə açar elə.
Lap uşaqlıqdan belə söylədi atam,belə.
Bu düsturla hesablayıram qaranlıöın dərinliyini,
Günün işıq sürətini.
Yaşayıramsa özüm bilməliyım ki,
Dünya da bilsin qiymətimi.
Ən qatı gecədə işığı görə bilirəm,
Tənhalığı dilləndirirəm
Kölgəmlə danışıram özümü tapmayanda da.
Mənə məndən başqa 
Heç kim qalib gələ bilməz bu dünyada,o dünyada.

  Dünya dilində...

Dünya o qədər böyük,
Ömür də o qədər uzun deyil.
Hır şey bir göz qırpımında,
Hər şey gözünü yumub açdığında,
Gördüyün kimi olmaya bilər.
Dünyadı,
Kim qoyub bu adı...
Fırlanır öz başına,
Bizi də fırladır.
İnsan hər gün öz başına nə qədər fırlanır,
Qurban olum?
Dünya o qədər böyük deyil,
Hər döngədə bir dəfə üz- üzə gəlirik.
Ondan keçəndə
Özümüzlə kəsişirik.
Ömür o qədər gödək ki,
Dünyanın kiçikliyini dərk etdirə bilmir bizə.
Dərk etsəydik
Nələrdən üz çevirməzdik?
Məsələn,
Gecələr yatmazdıq,
Gündüzlər oturmazdıq
Bəlkə də, ayılmaq istəməzdik bu yarı yuxudan.
Dünya o qədər böyük deyil,
Sadəcə ilk hecasını oxudan,
İlk hərfdə bir az büdrədib səsimizi.
Titrədib tellərimizi.
İlk hərfdə azmışıq hələ.
Eh,dünya ilə
Dünya dilində danışa bilsəydik,
Görərdik...

  UĞUR...

Mənim balam,
Hələ uğur qabaqdadı!
Qəm eləmə,
Sənə səndən nabələdlər qiymət verir.
Bilirsənmi,atana çək!
Mənə məndən nabələdlər danışanda,
Bax bu mənə əzm verir,hünər verir,cürət verir.
Adi vaxtdan 
Qeyri- adi vaxta qaçır düşüncəm də,
Düşüncəmdə
Bütün küncdə
Tək yol olur
Bax o yol da zəfərimə səfərimi hazırlayır.
Mənim balam,əsl zəfər.
Kim ki sıfırdan başlayır
Onunladır.
Bu ilaxır çərşənbəyə and olsun ki,
Biz hər şeyi bacaracaq varlıqlarıq.
Yaradana həmd olsun ki,
Hələ varıq.
Varıqsa biz
Yol da vardı.
Bu yollarda 
"Yoldaş,səni kim apardı?"
Deyənləri çox görmüşəm.
Mübarizəm hey irəli, önə- önə.
Mən dünəndən bax bu günə
Cırmaqlaya- cırmaqlaya
İməkləyə- imıkləyə gəlmişəm e.
Qaça- qaça gələnlərin çoxun gəlib yolda keçdim.
Taleyimlə savaşmışam,
Özümə dayaq olmuşam.
Yıxılsam da geri heç vaxt baxmamışam,
İnanmışam
Qabaqdadır uğur hələ
İnam ilə
Çatmışam durduğum yerə.
Amma yenə inanıram
Hələ qabaqdadır uğur.
Bu gecənin bətnindəki Ayın özün,
Gün eşqinə inam doğur.