adalet.az header logo
  • Bakı -°C
07 Dekabr 2025 09:00
129
GÜNDƏM
A- A+

Xəyanətlərin ən iyrənci

“Mehdiyev işi” ətrafında qalmaqal davam edir. Hər gün, hər saat yeni-yeni faktlar ortaya çıxır. Və bu faktların da işin miqyasına təsir edəcəyi birmənalıdır. 25 il (1995-2019) Prezident Administrasiyasının rəhbəri, sonra da  3 il (2019-2022) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edən şəxs niyə gündəm olmasınki?! 

Ərz edim ki, Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunan Ramiz Mehdiyev barədə Bakı şəhəri Səbail rayon məhkəməsi 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Bununla yanaşı R,Mehdiyevlə əlbir olmaqda ittiham olunan AXCP sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimli barəsində də həbs qətimkan tədbiri seçilib, Milli Şuranın sədri Cəmil Həsənli DTX-də dindirilib, Gültəkin Hacıbəyli isə Türkiyədə saxlanılıb, onun Azərbaycana deportasiya ediləcəyi gözlənilir. 

Bütün bunlar öz yerində. Hər kəs qanun qarşısında qanuna zidd etdiyi və ya etmək istədiyi lakin ondan asılı olmayan səsblərdən baş tutmayan əmələ görüə gec-tez cavab verəcək. Və bir də var vicdan cəzası. Yəni insan gərək hər hansı bir qanuna zidd əməli törətdikdə özünün də bir ədalət tərəzisi də olsun. Törətdiyi əmələ bir don geyindirə bilsin. Bir az vicdan qatsın cinayətinə. Amma görünən odur ki, bunların gözünü hakimiyyət xəstəliyi tutubmuş. Bunlar Vətənini belə satmağa hazır olublar. Təki hakimiyyət olsunlar.  

Dünən Modern.az portalında Milli Məclisin İntizam komissiyasının sədri, YAP-ın məşhur simalarından olan Eldar İbrahimovun bu olay ilə bağlı açıqladığı faktları oxuduqca çox sarsıldım. Məni sarsıdan fakt o idi ki, E.İbrahimov bildirir ki, hələ 2003-cü ildə Yeni Azərbaycan Partiyası İlham Əliyevin namizədliyini irəli sürəndə Ramiz Mehdiyev bununla razılaşmayaraq öz tabeliyində olan adamlara İlham Əliyevin bu vəzifə üçün çox gənc olduğunu bəhanə edərək onun əleyhinə səs verməyi tapşırırmış: "Çünki Ramiz Mehdiyev yalnız özünü bu vəzifəyə layiq bilirdi. O, İlham Əliyev cənablarının Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyətinin ilk 16 ilində də bu yüksək vəzifəni tutmaqda riyakar və çirkin əməllərini davam etdirirdi. Bütün bunlara baxmayaraq, İlham Əliyev cənabları Azərbaycan xalqının çox böyük əksəriyyətinin səsini toplayaraq həmin seçkidə qalib gəldi. Prezident seçildikdən sonra İlham Əliyev cənablarının uzaqgörənliklə formalaşdırdığı uğurlu xarici və daxili siyasət nəticəsində Azərbaycan Respublikası 22 il ərzində analoqu olmayan iqtisadi, siyasi və sosial inkişafa nail oldu. Bu müddət ərzində respublikamızın ərazi bütövlüyünün təmin edilməsi və suverenliyinin bərpası istiqamətində də əsaslı tədbirlər həyata keçirildi. Bunu gözü götürməyən və Prezidentlik xülyasından əl çəkməyən Ramiz Mehdiyev və ətrafına topladığı xainlər Qarabağın işğaldan azad olunması üçün hərbi əməliyyatların başlanmasına mane olurdular, bunun vaxtının çatmadığını bildirirdilər. Yalnız Ramiz Mehdiyevin Azərbaycan Respublikası Prezident Administrasiyasının Aparat rəhbəri vəzifəsindən azad edildikdən sonra ölkə Prezidenti qəti qərar qəbul etdi və 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə silahlı basqınına cavab olaraq əks hücum əməlliyatına başlamaq barədə qərar verdi. 

44 günlük Vətən Müharibəsi Ali Baş Komandan İlham Əliyev cənablarının rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusu möhtəşəm qələbə əldə etdi. 2023-cü ilin noyabr ayında isə bir günlük antiterror əməliyyatı ilə Qarabağ işğaldan azad edilərək ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olundu.

Azərbaycan xalqının 30 ildən çox intizarla gözlədiyi bu tarixi hadisə Prezident İlham Əliyev cənablarının nüfuzunu həm ölkə daxilində və həm də xaricdə ən yüksək zirvəyə qaldırdı”.

Bax məni sarsıdan bu məqamdır. O məqam ki, öz şəxsi maraqların naminə ölkənin suverenliyinə quyu qazasan. İşğal altında olan, minlərlə insanın canını verdiyi Vətən torpağının azad olunmasına maneçilik törədəsən. Bundan o tərəfi yoxdur. Bu xəyanətin ən iyrənci və bağışlanması olmayan tərəfidir. Və bu xəyanətdə kim dəyirmana su tökübsə cəzalanmalıdır. 

Nicat Novruzoğlu