adalet.az header logo
  • Bakı -°C
24 Aprel 2026 10:43
145
SİYASƏT
A- A+

"Azərbaycan türkünün ən etibarlı qardaşı..."

“Azərbaycanın gözəlliklərindən və zənginliklərindən biri onun etnik rəngarəngliyi, müxtəlifliyidir. Belə etnik rəngarəng ölkədə bir millətin, etnosun üstünlüyündən danışmaq və digərində qüsur axtarmaq qədər təhlükəli, fitnəkar və axmaq addım yoxdur! Çünki çoxmillətli bir ölkədə bir millətin üstünlüyünü aşılamaq və digərlərini aşağılamaq avtomatik olaraq o biri etnosları özünə qarşı qaldırmaq, xalqın birliyini, vahidliyini pozmaq və kənar güclərin də ölkə daxilində separatçı əhvalı qızışdırmasına zəmin hazırlamaq deməkdir!”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü deyib. 

Onun sözlərinə görə, hazırda özlərini efirlərdə və sosial şəbəkələrdə “İrandakı türklərin hüquqlarının müdafiəçisi” kimi sırıyan, “türkün türkdən başqa dostu yoxdur”, “fars və türk tarixi düşmənlərdir” şüarlarını hər gün israrla beyinlərə yeridən və bu dalğa üzərində Azərbaycanda da etnik millətçiliyi körükləyən şəxslərin əksəriyyəti dələduz, fitnəkar və qarışıq nigahlardan törəyən, genetik qüsurlu adamlardır:

“İnanmayanlar həmin adamların etnik mənşəyini çox rahatca araşdıra bilərlər – arxivlərimiz doludur. Ölkəmizi bütöv və qüdrətli görmək istəməyən, bizim üzərimizdən digər ölkələrə cəbhə açmaq arzusunda olan güclər, ilk növbədə, məhz belə naqis və nanəcib şəxsləri tapıb öz məkrli proyektlərinə cəlb edir, onlar da genetikalarından qaynaqlanan əskikliyi, yarımçıqlığı, soyukəsikliyi, aşağılıq kompleksinin vurub dillərinə tökdüyü zəhəri efirlərdən o murdar, natəmiz ağızlarıyla cəmiyyətimizə püskürürlər!Bir neçə vaxtdır ki, həmin adamları eyni mövzuda yenidən körükləyib, aktivləşdiriblər! Səmimi türk millətçilərinin bir çoxu, o cümlədən Türkiyədəkilər yaxşı anlayır ki, hazırki şəraitdə etnik millətçiliyin yenidən körüklənməsi İrandakı türkləri hakimiyyətə qarşı çıxmağa sövq etmək, birləşmiş İran cəmiyyətini parçalamaq üçündür və daha çox ABŞ-İsrail mərkəzlidir. Buna görə də qardaş Türkiyədəkilər o fitnələrə getmirlər”.

O, bildirib ki, indi bu problemi bilərəkdən ən çox azərbaycanlının yaşadığı İranla sərhəd Azərbaycana daşıyır, Azərbaycan üzərindən etnik separatçılığı təşviqə çalışırlar:

“Buna hazır olmalı, sosial şəbəkələr üzərindən etnik təfriqəçilik edən şəxslərin oyunlarına gəlməməli, eyni tərzli cavablarla onların suyu quruyan dəyirmanlarına su tökməməliyik! 44 günlük Vətən Savaşı göstərdi ki, Azərbaycan türkünün ən etibarlı qardaşı talışdır, ləzgidir, avardır, kürddür. Bu Vətən də özünü azərbaycanlı sayan, Azərbaycanın maraqlarını öz namusu bilən və onun azadlığı, bütövlüyü üçün ən çox çalışanın və qanı tökülənindir! Bir dönün, bu ölkənin şəhidlərinin siyahısına diqqətlə baxın, analiz edin! Bu ölkə məhz o siyahıda öndə olan, çoxluq təşkil edənlərin Vətənidir! Çoxları hələ də anlamır ki, 44 günlük Vətən Savaşının simvolunun və əməliyyatın adının “Dəmir yumruq” seçilməsi təkcə düşmənin başına dəyən zərbəni, Ordu-xalq vəhdətini ifadə etmirdi, həm də və daha çox türkü, talışı, ləzgisi, avarı, tatıyla birgə bütün azərbaycanlıların bir yumruq altında birləşməsini, vahid məqsəd uğrunda yekdilliyini nümayiş etdirirdi! İndi kimsə o yumruqda birləşmiş barmaqları bir-bir aralamaq, qoparmaq, üz-üzə qoymaq istəyirsə, bilsin ki, o yumruq dönüb ilk onun namərd və xain başını əzəcək!İçimizdə ən üstünümüzün kim olduğunü öyrənmək istəyənlərə isə ən gözəl cavabı yolgöstəricimiz “Qurani-Kərim” verib: “...Şübhəsiz ki, Allah yanında ən üstününüz və qiymətliniz ən təqvalı olanınızdır”. (“əl-Hucurat, 13”)”.

Vasif ƏLİHÜSEYN