25 Oktyabr 2024 15:32
4041
MÜSAHİBƏ

“Yüksək arterial təzyiqin bir dəfə qeydə alınması heç də arterial hipertenziyadan xəbər vermir” - MÜSAHİBƏ

Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin pediatrı Aynur Adıgözəlova nazirliyin saytına müsahibə verib.

Adalet.az müsahibəni təqdim edir.

- Aynur xanım, ilk öncə uşaqlar arasında arterial təzyiqin yüksəlməsi halları haqqında məlumar verərdiniz…

- Arterial hipertenziya adətən yaşlılar arasında ən çox yayılan hallardan biridir və bir çox xəstəliklərin təməlini təşkil edir. Arterial hipertenziya əslində uşaqlar arasında da rast gəlinir.

Uşaqlarda arterial təzyiq göstəriciləri böyüklərdən fərqli olaraq, hər yaş qrupuna görə dəyişir. Buna görə də, xüsusi cədvəllərdən istifadə olunur. “Sentil cədvəli” kimi tanınan cədvəldə eyni yaş qrupu və bədən ölçülərində olan uşaqlar arasında aparılan müayinədə ən çox rast gəlinən göstərici normativ kimi qəbul olunur. Məsələn, boyu 165 sm olan 14 yaşlı gənclər üçün sistolik təzyiq 105-120 mm.c.st, diastolik təzyiq 61-78 mm.c.st arası dəyişə bilər.

Pediatr bu cədvəllər əsasında uşaqda arterial təzyiqi dəyərləndirir və normadan kənara çıxmaları qeydə alaraq nəzarətdə saxlayır.

- Hansı səbəblərə görə uşaqlarda təzyiq yüksəlir?

- Səbəblər müxtəlifdir. Ümumiyyətlə, arterial hipertenziya birincili və ikincili xarakter daşıyır. Birincili hipertenziya heç bir xəstəliyin ağırlaşması olmadan sərbəst şəkildə yaranır və hipertoniya xəstəliyi kimi də tanınır. Uşaqlarda bunun yaranma səbəbi çox ola bilər, o cümlədən irsi meyillik, psixoemosional gərginlik, passiv həyat tərsi, əmək və istirahət saatlarının qeyri–düzgün paylaşdırılması, keçid yaş dövrü, telefon asılılığı və s.

İkincili arterial hipertenziya böyrək, endokrin, ürək-damar və s. sistemlərin xəstəliklərinin simptomu kimi yarana bilər. Arterial təzyiq iki komponent arasındakı balansın pozulmasından yaranır. Bu bir dəqiqə ərzində ürəkdən qovulan qanın həcmi və damar divarının genişlənmək xüsusiyyətidir. Normada ürək vurğusu çoxalırsa, məsələn, fiziki aktivlik zamanı, bu zaman damar müqaviməti azalmalıdır. Bu tərsinə də işləyir.

Damar müqaviməti artıbsa, ürək vurğusu azalmalıdır. Bu iki komponentin işini tənzimləyən müxtəlif mediatorlar var və onlar ayrı-ayrı orqan və toxumalar tərəfindən sintez olunur.

Sistemlərin işində hər hansı patologiya yaranarsa, dolayı yolla arterial hipertenziyaya səbəb ola bilər, yəni ikincili hipertenziya yaranar. Bu zaman yüksək təzyiq xəstəlik kimi yox, əsas xəstəliyin yanaşı simptomlardan biri kimi özünü göstərir.

- Doktor, uşaqlarda yüksək arterial təzyiq özünü necə büruzə verir?

- Adətən uşaqlarda baş ağrısı, ürək bulanma, qusma, baş gicəllənmə, qulaqlarda küy, tez yorulma, qıcığa meyillilik, burundan qanın açılması kimi əlamətlərlə özünü göstərir. Bəzən isə simptomsuz keçir və təsadüfən təzyiqi yoxladıqda aşkarlanır. Amma bu o demək deyil ki, tanometrdə bir dəfə yüksək rəqəm gördüksə, bu, hipertenziyadır. Arterial təzyiqin ölçülmə qaydası və şərtləri var. Şərtlər düzgün icra olunmazsa, göstərici düzgün olmaya bilər. Bu da, öz növbəsində, valideynləri əsassız yerə həyəcanlandıra bilər.

İstənilən halda əgər valideyn nədənsə narahatlıq duyursa, mütləq pediatra müraciət etməli və ixtisaslaşmış personal tərəfindən təkrar təzyiq ölçülməlidir. Arterial təzyiq uşağın sakit, oturaq vəziyyətində, arasında 3-5 dəqiqə interval olmaqla 3 dəfə ölçülməlidir. Eyni zamanda, ürək döyüntülərinin sayı və ritmi də qiymətləndirilməlidir. Yüksək arterial təzyiqin bir dəfə qeydə alınması heç də arterial hipertenziyadan xəbər vermir. Bunun üçün 1-2 həftə sınaq müddəti qoyulur və bu müddət ərzində təzyiqin göstəricilərini nəzarətdə saxlamaq lazımdır.

- Uşaqlarda yüksək arterial təzyiqin müalicəsi böyüklər kimi aparılır, yoxsa fərqlidir?

- İlk öncə qeyd etmək istəyirəm ki, dərhal dərman müalicəsinə başlamaq yanlış fikirdir, çünki arterial təzyiqi qaldıran səbəblər həmişə xəstəlik xarakterli olmur. Yeniyetmə dövründə olan uşaqlar çox həssas və çılğın olurlar. Gündəlik həyatda baş verən hansısa münaqişə uşağın psixologiyasına mənfi təsir göstərə bilər.

Bütün bunlar, təbii ki, uşağın somatikasına da təsir edir. Eyni zamanda, imtahanöncəsi stress, ya da hər hansı xoşagəlməz xəbər uşaqda psixoloji travma və dolayısı ilə təzyiqin yüksəlməsinin səbəbi ola bilər. Bəzən uşaqlarda kompüter arxasında eyni vəziyyətdə saatlarla oturma nəticəsində qan dövranında pozğunluq yaranır. Buna görə də, kompüter və telefon istifadəsini tənzimləmək və uşağı digər sağlam əyləncələrə cəlb etmək lazımdır. Bununla da uşağı həm aktiv, həm də sağlam həyat tərzinə alışdırırsınız. İmkan daxilində övladlarınızla çox vaxt keçirməli, ona sevgi göstərməli, müştərək oyun və əyləncələrə qatılmalısınız.

- Qida rejimi uşaqlarda arterial təzyiqn yaranmasına təsir edə bilərmi?

- Qeyri-sağlam qidalanma uşaqlarda arterial təzyiqin ilkin səbəbi ola bilər. Mütləq qida və yuxu rejimi normallaşmalı, az kalorili sağlam qidalara üstünlük verilməli, artıq çəki varsa, onunla mübarizə aparmaq lazımdır.

Qida rejimini təşkil edərkən, bütün ailə üzvləri bu rejimə qoşulmalıdır. Yeməklərdə duzu azaltmaq, ədviyyatlardan az istifadə etmək lazımdır. Heyvan mənşəli yağlar azalmalı, bitki mənşəli yağlara isə üstünlük verilməlidir. Karbohidrat, tünd çay, kofe, şəkərli içkilər, duzlu və ədviyyatlı çərəzlər, hisə verilmiş qida növləri minimuma endirilməlidir. Bunların əvəzində kalium və maqneziumla zəngin qida maddələri o cümlədən quru meyvələr, boranı, lobyalı bitkilər, gül kələm, brokoli, ərik, üzüm, şaftalı, dəniz məhsulları, eyni zamanda kəsmik, pendirin sərt növləri kimi qida maddələri istifadə olunmalıdır.

- Son olaraq valideynlərə nə məsləhət verərsiniz?

- İstənilən halda uşaq pediatrın nəzarəti altında olmalıdır. Əgər bu müddət ərzində təzyiq göstəriciləri hələ də dəyişməyibsə, onda instrumental və laborator müayinələr aparılmalıdır. Bəzən arterial təzyiqin sutkalıq monitorinqi həyata keçirilir. Elektrokardioqrafiya (EKQ) müayinəsi uşağın həm sakit, həm də fiziki yüklənmədən sonrakı vəziyyətində qeydə alınmalıdır. Exokardioqrafiya (EXO) müayinəsi aparmaqla ürəkdə hansısa patoloji vəziyyətin olub-olmaması müəyyən olunur. Böyrəklərin vəziyyətini qiymətləndirmək üçün mütləq Ultrasəs müayinəsi (USM) aparılmalıdır. Bütün bunlarla yanaşı, bəzi laborator müayinələrə də ehtiyac duyula bilər.

Qeyd etdiyim kimi, ikincili artrerial təzyiq digər xəstəliklərin simptomu kimi üzə çıxır. Əsas istiqamət də bu problemi yaradan səbəbi aşkarlamaq və onu aradan qaldırmaqdır. Lazım olarsa, kardioloq, endokrinoloq, nevropotoloq, uroloq kimi ixtisaslı həkimlərin müayinəsi də aparılmalıdır.