Hörümçəyə bağışladım ov tüfəngimi

MƏMMƏD ARAZ
14768 | 2016-10-14 00:23
14 oktyabr - qırx doqquz yaşım...
Görüşdük onunla xəstəxanada.
Əyləşib dərmanım, dərdim yanaşı,
Təklikdən qorxanda təklənir adam.

İl qaldı bir əsri yarı bölməyə,
Bəs sonra? -
Sonranın sonu görünməz.
İşığın qəfildən dönər kölgəyə,
Od elə donar ki, donu görünməz.

Çaylara qol olan çağlarım hanı,
Gəzəm, görməyim yox, baxmağım qalıb.
Üfüqlər dalında qovum, qovdanım,
Üfüqlər qaşında çaxmağım qalıb.

Hər səsi eşitmir əsrin qulağı,
Özümə yağışam, özümə çətir.
Fikrimin çəkisi çəkimdən ağır,
Dartmaq da çətindi,
Atmaq da çətin...

Yolumu gözləyir bir donqar yoxuş,
Arxada uçrum var, qarşıda qala,
Dur, daha qələm də, söz də yorulmuş,
Dur, azca qurdalan, azca xırdalan!..

Baxıram bu aləm öz aləmində,
Mən açan çiçəyəm,
Solan yarpağam.
Nə vaxtsa, dünyanın duru dəmində
Yenidən dünyaya qayıdacağam.

Hardasa, nə vaxtsa tökülən dolur,
Qum üstə arzular göyərir onda.
Bir ömrü axırdan əvvələ doğru
Yaşayan olacaq mən olmayanda.

Ömrün öz tufanı ömrümü didir,
Yox ayrı dərmanım dözümdən özgə.
Qırx doqquz yaşıma əlvida dedim,
Bir kimsə bilmədi özümdən özgə.

14 oktyabr, 1982
fevral, 1983


XATİRƏLƏR

Axır yetişəcək ayrılıq çağı,
Mən səndə, sən məndə alışasıyıq.
Hələ bu görüşü bir-iki yaxın
Dosta da arabir danışasıyıq.

Xeyli susmayacaq yaddaşın səsi,
Sözün olmayacaq əvvəli, ardı:
"Sinəmdə bu odda kişi nəfəsi..."
"Qəlbimdə bu adda qadın yaşardı..."

Hələ deyəcəyik: "Dönə o günlər,
Onu istəyimcə görə bilmədim.
O mənim qəlbimə girdiyi qədər
Mən onun qəlbinə girə bilmədim..."

Sonra bu ülfətin, gülüşün, sözün
Odu yavaş-yavaş soyuyacaqdır.
Bu səslər, bu sözlər ürəyimizin
Gizli bir küncündə uyuyacaqdır.

Qalacaq bir uzaq, bir şirin nağıl,
Yollar yormayacaq nə məktub, nə zəng.
Ya məndən bir təbrik-bayramqabağı -
Ya səndən bir barmaq kağız gələcək.

Axır fikrimizə bir iti caynaq
Girib bunları da didişdirəcək.
Ən məhzun, kədərli anlarda ancaq
Bizi xatirələr görüşdürəcək.

Ta heç nə demirəm, heç nə demirəm,
Alışır sinəmdə söz aram-aram.
Mən sənə bir kövrək, yaddaşı möhkəm,
Vəfalı xatirə bağışlayıram.

Yalta, yanvar, 1968


QAYTAR MƏNİ


Gönül, bu gün nağıl danış,
Dünənimə qaytar məni.
Ələnməmiş, üyünməmiş
Öz mənimə qaytar məni.

Mamırına dolu yatan
Bir dağ döşü - bir daş otaq...
Nə əl dəyən, nə zəng çatan
Ünvanıma qaytar məni.

Nədir itən, nədir qalan?..
Beş-on sözdür ümid - qalam.
Baş aparsam, başsız qallam,
Yüyənimə qaytar məni.

Aramızda tufan yaşar,
Sahillərdən punhan yaşar.
Yaşamağa güman yaşar,
Gümanıma qaytar məni.

1980


DAĞLARA QAR DÜŞDÜ

Dağa qar düşdü, qar düşdü
Yada yar düşdü, yar düşdü...
(El sözü)

Dağlara qar düşdü, qar düşdü yenə,
Məhzunluq ələndi oda-ocağa.
Çaylar vida deyib gülüşlərinə,
Başladı aramla gumuldanmağa.

Dağlara qar düşdü, uyudu dağlar,
Dağlar həm qocaldı, həm ucaldılar.
Mələyə-mələyə quzu bulaqlar
Daşların dibində yetim qaldılar.

Sanki bir-birindən küsdü zirvələr,
Qayalar necə də boynu buruqdur!
Kiminsə yolunda quyu qazdı şər,
Kiminsə qəsdinə hicran durubdur.

Dəli uçurumlarda ütülü görkəm,
Qartal qıyıltısı itib dərində,
Hamilə qadın tək yuxusu möhkəm,
Qucağı doludur dərələrin də.

Dağlara qar düşdü,
deyirəm yəqin:
Adamlar bu saat
kövrəkdir, mumdur.
Hamı cızığından çıxıb fitnənin,
Hamı bir-biriylə hal-əhval tutur.

Dağlara qar düşdü... görüşlər, ahlar,
Vidalı baxışlar yadıma düşdü.
Çoxdan görmədiyim dostlar, qohumlar,
Simsarlar, tanışlar yadıma düşdü.

Gəncliyim atından nə zaman yenib,
Elə doluxsundum uşaq sayağı...
Sürüşə-sürüşə dağlardan enib
Gəlirdi elə bil qocalıq çağım.

Dağlara qar düşdü, elə qəmginəm...
Dağlara qar düşdü... bilirəm bu dəm
Anamın qəbri də qar altındadır,
Anamın qəlbi də qar altındadır.
Neçə demədiyi əfsanə, nağıl
Onun sinəsində - qar altındadır.
Neçə oxunmamış bayatı, ağı
Donub sinəsində - qar altındadır
Tək bircə başdaşı tənha, mükəddər
Qardan baş qaldırıb yolumu gözlər...

Dağlara qar düşdü, qəribsəyirəm,
Qəlbimə bir həmdəm qəlb istəyirəm...
Yalta, 1968


KİMLİYİM, NƏÇİLİYİM...

Qəfil düşdüm bəd taleyin kəməndinə mən,
Axır dönüb bu halımla barışan oldum.
Daha tənqid biçinində az itilənən,
Daha tərif xırmanında az daşan oldum.
Dib bucaqda beli bükük,
Lüləsi donuq, -
Hörümçəyə bağışladım ov tüfəngimi.
Günün çoxu yuxuludur ev telefonu,
Günün çoxu diksinməyir qapı zəngimiz.
Yox, ürəyim, daş qulazla ötəri dərdə,
Qəm üstünə sevincini hörməyi bacar.
Ön cərgədən son cərgəyə adlayıb hərdən
Görünməyən məqamları görməyi bacar.
Öz vaxtında ayırmadın şahini sardan,
Az qoşmadın boş xarallar şəninə dastan.
Qaranquşa, sığırçına meylimi sallam,
Ürəyimdə yuva qurmaz köçəri dostlar.
Bir də üzməm yalan vədlər cəzirəsinə,
Köpüklərə ip atmağın faydası nəymiş?
Bir vəzifə kürsüsünün cazibəsi nə,
Bir telefon dəstəyinin ədası nəymiş!
Mən bu hala gülə bildim,
Ağlaya bildim:
Əhd-ilqar da "baxarıq"lı, "görək"li imiş;
Mən ömrümün aşrımında anlaya bildim:
Nəçiliyim kimliyimdən gərəkli imiş...

1981

***

Dünya böyük, ömür yolu bir addım,
Bir balaca eşq adası yaratdım.
Bir uçrumdan fırtınaya tor atdım,
Bu cürəti görən, duyan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

Sığalını görsə idi kəhərim
Yarıyolda büdrərdimi hünərim?
Göz yaşından nə barlanım, nə dərim...
Günün mənə gün bağlayan olmadı,
Səndən mənə gün ağlayan olmadı.

Taleyinin hökmü oldu, nə deyim,
Tez doğuldum, gec doğuldun, nə deyim...
Zaman keçdi, yaşa doldum, nə deyim...
Cavanlıqdan od saxlayan olmadım,
Səndən mənə gün ağlayan olmadı.

İki çırpı bir ocaqda gün ağlar,
Od səngiyər, köz sızıldar, kül ağlar.
Yaş ötəndə yada düşər günahlar:
Kim yıxıldı, kim haqlayan olmadı,
Kimdən kimə gün ağlayan olmadı...

1981


DİQQƏTİM

Deyirsən: qadınlar diqqət sevəndir,
Diqqətim keşikçin, diqqətim qulun.
Hələ istəyirsən bir adam nədir,
Yüz adam diqqətli diqqətcil olum.

Adi eyhamını gözündə görər
Mənim göz diqqətim, xəfif diqqətim.
Səni sancağından çəkmənə qədər
Tərifə bələyər tərif diqqətim.
Baxmaz bir gözucu özgə qadına,
Ehtiras diqqətim sadiqdir yaman.
Ad günü yaşını salmaz yadına,
Mənim yaş diqqətim ayıqdır yaman.

Duyğu diqqətim də küləyə dönər,
Qapıb hər qəmini didər dişində.
Qayğı diqqətim də mələyə dönər,
Səni çimizdirər nəvazişində.

Mənim yol diqqətim min bir qanadlı
Sözsüz, lətifəsiz, gülüşsüz olmaz.
Əyləncə diqqətim şit zarafatlı,
Ayrılıq diqqətim öpüşsüz olmaz.

Çox diqqət dərsini o hələ bilmir,
Çox görüb-götürə gərək diqqətim.
Bircə məhəbbətə çevrilə bilmir
Bu ütük diqqətim, zirək diqqətim.
yanvar, 1968


NƏ GÜNAH

Bu ömürdü, öz baharı, öz qışı;
Gələn yazda, gedən qışqa nə günah.
Xirtdəyəcən günahlara batmışı
Yuya bilməz, qar-yağışda nə günah.

Göylər qala buludları axımlı,
Yer körpəli, yer cavanlı, ahıllı.
"Dəli" - deyib daşlayanda ağıllı
Xəncər qapan ağlıçaşda nə günah.

Yekə-yekə xırdalanan "addılar"
Heç bilinməz çapardılar, atdılar;
İki itə para sümük atdılar;
Qarabaşda, Alabaşda nə günah.

Qara külək tumanını qaldıra,
Xırmançının samanını qaldıra.
Dəyirmançı dabanını qaldıra,
Bir-birini yeyən daşda nə günah.

Hər havaya çiyninə baş qoymayan:
Fırfıra tək fırlanmaqdan doymayan...
Bu başlarla aşıq-aşıq oynayan
Çevik əldə, ayıq başda nə günah.

Bəlkə əlli misrası yox əllimin,
Bu titrəyiş günahıdır əlimin...
Qollarında dost əli var əlli min,
Məmməd Araz, əlli yaşda nə günah...

1982


BİR İNSANA
İNAMIMI İTİRDİM

Ağ yol idi... ikimiz bir qaraltı
Nağıl kimi: işıq yandı, it hürdü...
Yarı yolda qədəmləri daraldı,
Yarı yolda inamımı itirdim.

A yalquzaq, tək deyilsən bu dəfə
Sizin olsun - bizim olmaz bu cığır.
İkiliyi yarıtmadı bu səfər,
Görək indi tənhalıqdan nə çıxır.

Elə bildim göy meşələr axnadı,
Ağ bulaqlar bir də nə vaxt durula...
Bu gün uçan quşlara da baxmadım,
"Məni görüb qanadları qırılar"...

Çox yaxşılar yamanlaşdı gözümdə,
Çox vədələr dumanlaşdı gözümdə,
Düz əhd-ilqar yarğanlaşdı gözümdə,
Bir insana inamımı itirdim.

Elə bildim küsdürmüşəm səhəri,
Dan yerini kilidlədim dan üzü.
Qara yelkən, qanadını çək bəri,
Bu dəryanın dalğasında dağ üzür.

Ümid yolu köhnə yoldu, bilirəm,
Ayaq geri, göz irəli səslədi.
Dönüşünə ümid yoxdu, bilirəm,
Ancaq yenə ümidimi kəsmədim.

Bir ömürdən bir-ikicə yaz qalıb,
Öz qorumdan öz tayamdı od alan.
Mənim kimi uduzanlar az qalıb,
Özgə bəxti haqlamasın o talan.

Yamaq tutan qəlbə bölük deyərlər,
Dostdan gələn dərdə "böyük"- deyərlər
Belə dosta İsmi Dönük deyərlər,
Bir insana inamımı itirdim.

Pitsunda, 7 sentyabr, 1981


GÖYƏRDİ

"Bu dünyanın qara daşı göyərməz"
Musa Yaqub
Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.

Bu dünyanı hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.

Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.

Çox gözlü var torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdinən mərd yanaşı göyərdi.

Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.
Pitsunda, avqust, 1981


KÜR ÜSTÜNDƏ TƏK AĞAC

Ə.Kürçaylının xatirəsinə

Kür üstündə tək ağacdı,
Sağı-solu düzən idi.
Küləklərin əndərinə-döndərinə
dözən idi.
Sinəsində od soyudan,
Buz əridən gücü vardı.
Baxışları üfüqlərin
tərs üzünü oxuyardı.
Nəğməsində Kür harayı,
Nəfəsində Muğan duzu.
Ömrü boyu oxuduğu kitab idi
Muğan düzü.
Söz yolunda fəhlə idi
əli qabar, çiyni qabar.
Şum yerindən yığılmışdı
misraları
damar-damar.
O, şerinin, şeri onun özü idi,
əsli idi,
Bərkliyi də,
sərtliyi də
mərdliyinə təslim idi.
Danışanda deyərdin ki:
Kürsü onun qatarıdı,
Yer şarının bu qütbündən
o qütbünə aparırdı.
Yol gedəndə deyərdin ki:
Günəşəcən gedəcəkdi,
Öz qəlbinin tufanında
təkbaşına avar çəkdi.
Ürəyində itirdiyi
səsi gəzdi son anında,
Əridi səs,
qeyb oldu səs
ürəyinin vulkanında.
Səsləyəni itirdi səs,
Dönüb getdi Kür üstünə,
Qondu qərib bülbül kimi
boynu bükük gül üstünə.
Gördü həmən məcra boyu
həzin-həzin ötən su var;
Tənhalaşan ağacların
qəfil sınmaq qorxusu var...

1980


SƏN MƏNİ SEVSƏYDİN...

Sən məni sevsəydin nolardı görən?
Görən olardımı bir dərdim onda?
Yoruldum demədən qolum üstə sən
Dünyanı piyada gəzərdim onda.

Toxalar, azalar bu sevgimizdən
Dünyanın məhəbbət acları bəlkə,
Təzə haşiyələr alardı bizdən
Dünyanın məhəbbət tacları bəlkə.

Bizim başımıza hey ələnərdi
Alqışlar. təbriklər, dualar-bizim.
Bizim bəxtimizə səpələnərdi
Ən duru, ən təmiz şüalar-bizim.

Ləpələr göz alıb baxar dənizdən,
Sular mehrimizə həsəd çəkərdi.
Ulduzlar bircə yol pəncərəmizdən
İçəri baxmağa həsrət çəkərdi.

Dedim ki, göyərər bir Leyli pöhrə,
Məcnun bir səhərin gözündə gələr.
Saçını tor elər sahildə Zöhrə,
Tahir ləpələrin üzündə gələr.

Sən məni sevsəydin... sevsəydin əgər...
Kim olub bəxtiyar quru ad ilə.
Həyatda "ürəkləş", "sevləş" demirlər,
Ayaqlaş deyirlər bu həyat ilə.

dekabr, 1968

TƏƏSSÜF

Bu görüş nə acı qismətmiş bizə,
Elə bil bir kədər gölünə düşdük.
Salamsız, kəlamsız durub üz-üzə,
Bir xeyli baxışla, gözlə görüşdük.

Əsdi ürək kimi ovcumda əlin,
Sən əzəl bu qədər kövrək deyildin.
Sən əzəl bu qədər mehriban, həlim,
Sən əzəl bu qədər qəşəng deyildin.

Hanı ömrümüzün o keçən günü,
Hanı öz əhdinə o dönük andım...
Sənin "gəl barışaq" təbəssümünü
Mən o vaxt əl açan dilənçi sandım.

İndi dayanmışıq üz-üzə, yaxın:
Təəssüf çay kimi axır aradan.
Bəlkə də vədəsiz yaxın olmağın
Cazibə gücündən tez aşır adam.

Bir eşqin dolaşıb itən yoluna
Tutma çırağını bu aləmdə sən.
Kaş elə məzara gedən yoluma
Göy işıq olasan bu görkəmdə sən.

Bəlkə də yüz dəfə görüşdük belə,
Yenə xatirələr, yenə təəssüf.
Təəssüf, təəssüf, təəssüf ilə
Qayıda bilməyən günə təəssüf!..

dekabr, 1967

QAR

Uzaqdan baxıram ağappaq, təmiz,
Yaxına gəlirəm: qurd düşüb qara...
Yadıma düşür ki, bəzən hissimiz
Nə qədər aldanır bu ağlıqlara...

Qayğılar görürük, bürüncək kimi --
Tikandan astarı, ipəkdən üzü.
Vədələr görürük, kəpənək kimi
Dalınca uşağa döndərir bizi.

Uzaqdan baxıram ağappaq, qəşəng;
Yaxına gəlirəm: qar kif atıbdır.
Qəlbim inciməsin gözümdən gərək,
Qəlbim də gözümü çox aldadıbdır.

Kəlbəcər-İstisu
iyul 1968

QOLTUQ AĞACI

Qoltuq ağacına yazığım gəlir,
Tutub bir binanı çiyinlərində
O zorba bir dirək ola bilərdi.
Məğrur bir çobanın çiyinlərində
Qurd əzən dəyənək ola bilərdi.
Bir körpü tağı da ola bilərdi,
Tüfəng qundağı da ola bilərdi.
Vaxtsızmı qırıldı, tezmi qırıldı...
Vüqarı qırıldı, əzmi qırıldı.
Qoltuq ağacından acığım gəlir,
O bütün yollara qoltuqdan baxır,
Girdiyi qollara qoltuqdan baxır.
Nəğmə də oxuyur o, cırhacırla,
Qırıla-qırıla...
Qoltuqdan oyana getməyir səsi.
Nədir oxuduğu? -- "qoltuq nəğməsi"
Özü bu vərdişi ömrünə yazıb,
Onu bir qoltuqdan tullasan əgər,
Yanından yan ötüb bir ayaqsızın,
Kiməsə üçüncü ayağa dönər...
Daş kaha yaxşıdır bir uçuq damdan,
Duyar eyhamımı bir qoltuq acı:
Deyirəm qoltuğa girən adamdan
Yaxşıdır bir sınıq qoltuq ağacı.

1967

QONŞU ÇƏPƏRİ

Qonşu qardaş, az qurdalan o çəpər boyu,
Əsəbini, qəzəbini hörmə çəpərə,
Bizə tərəf əyilməkdən tikan quruyub,
Pozma onun yatımını hədərcə yerə.

Bizim bağa su axıdır açdığın bərə,
Bizim tutdan sizin bağa kölgə düşəcək.
Gözümüzü gözümüzdən qorusaq belə,
İtlərimiz macal tapıb həvirləşəcək.

Tüstü qalxar iki evin həndəvərindən,
İki tüstü bir havada əriyəcəkdir.
"Sizin", "bizim" dediyimiz sədd çəpərində
Qarışqalar eyni yüklə yeriyəcəkdir.

Sənin baban bulaq çəkdi, ya mənim babam?
Nə fərqi var? - Su - çəkənin, su - içənindir?
Yol boyunca cərgələnən bu qoz, bu badam,
Əkənindi? Yeyənindi? - Nə deyək indi?

Olmasaq da bir süfrədə bir dəmə ortaq,
Günümüzün gəlişi bir, axarı birdir.
Dağa çıxaq, düzə enək, göyə dırmanaq,
Yolumuzun kilidi bir, açarı birdir.

Yüz ocağa od veribdir o qara təndir,
Çəpərlərdə bitən gördüm qaratikanı.
İki qarış torpaq udsan - biri sənindi,
Dünyagirlər yemədilər quyruq dünyanı.

Mən Təbrizli, Naxçıvanlı, mən Gəncəliyəm,
Çox görmüşəm hasar üstdə ölənləri də.
Mən torpağı bölünməyə öyrəncəliyəm,
Heç qazanan görməmişəm bölənləri də...

Pitsunda, 30 avqust, 1981



DÜZ YOL QURTARAN
YERDƏ

Qorxuram uzana qədəmlərin
Düz yol qurtaran yerdə.
Uçurumu güllü yaylıq,
İlğımı at biləsən.
Dərəni selələyən
Seli qanad biləsən.
Qorxuram utana qədəmlərin,
Düz yol qurtaran yerdə;
Geriyə qayıtmağa
yol ola, üz olmaya;
Yalanı ha dartasan
Ortası üzülməyə.
Büdrəmək öz əlində.
Dikəlmək çətin peşə!
Andını saxla daha,
Yazıqsan, dilin şişər...

22 oktyabr, 1982


OD KİMİ, SU KİMİ...

Hələ yeriyirəm qəlbimlə qoşa,
Hələ çoxlarına örnəyəm, bala!
Qoca büdrəyəndə büdrəyən qoca,
Körpə ağlayanda körpəyəm, bala!

Ömürsüz ömürdən çox asılıyam,
Gərəkdir söz deyəm, söz yastılayam.
Hardasa gül üzə gül yastığıyam,
Hardasa ilana köynəyəm, bala!

Bəlalı başında nə dövlət, nə quş...
Təbriz nə istəyir? - Təbriz qurtuluş...
Bax indi pətəyi suya tutulmuş
Arı topasından köynəyəm, bala!

Dünyamız bir sapla asılı göydən,
Səsim, bu torpağın səsinə köhlən!
Desələr şerimin avazı köhnə...
Od kimi, su kimi köhnəyəm, bala!

1981

TƏQVİM / ARXİV