İçimdəki «Barat Vüsal havası» - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
213 | 2024-12-26 11:12

Bu məmləkətdə bir şair yaşayır. Özü də məmləkətin əyalətində. Amma sözü də, səsi də məmləkətin hər yerində eşidilir, dinlənilir. Hətta türk dünyasına da gedib çatıb. Bu da o deməkdir ki, bu məmləkətdə yaşayan türkün, turanın şairidi. Özü də adının, təxəllüsünün  bütün çalarları sözüylə, şeiri ilə həmahənglik yaradır. Çünki ona ad qoyanda Tanrı payı olduğunu biliblər. O da özünə şair təxəllüsü götürəndə sözü ilə hamını sevindirəcəyini, hamının yanında olacağını bilib və bunu vüsal adlandırıb. Bax, beləcə Qazaxda doğulan şair  çox qısa zamandan sonra Azərbaycanın ən kövrək, ən haqq sevər və mənim ölçülərimə görə bugünün ən sufi şairlərindən biri olan Barat Vüsaldı.

Bizi bir-birimizə ruhlarımız bağlayır. Bizi bir-birimizə tərəf fikirlərimiz, düşüncələrimiz, ürəklərimiz çəkir. Bizi bir-birimizlə sözümüz, misralarımız   doğmalaşdırır. Ona görə hər görüşümüz, hər telefon bağlantımız şəxsən mənim üçün bir ruh istirahəti olur, yorulmuş könlümün  nəfəs  dərib dincəlmək anı kimi gəlir mənə…

Bütün bu lirik girişdən sonra birmənalı şəkildə qeyd etmək istəyirəm ki, mən  Barat Vüsalın poeziyasının vurğunuyam. Ona görə də ekrandan, efirdən, mətbuatdan səsini, imzasını eşidəndə, görəndə, necə deyərlər əlimdə yağım da daşsa, öncə diqqətimi ona yönəldirəm. Son telefon danışığımız bir ay bundan öncə olubdur. Elə telefonda mənə yeni bir şeirini də oxudu və o , ümumən  məni elə kökləyibki, kitabxanama hər daxil olanda mütləq əlimi uzadıb onun avtoqrafla bağışladığı kitablarını götürüb ən azı 2-3 şeirini oxuyuram. Bu gün səhər isə hiss etdim ki, əməlli-başlı havalanmışam. İçimdəki «Barat Vüsal havası»nı ifa etməsəm dincəlməyəcəm. Ona görə də onun «Ömür bitər, yol bitməz…» kitabını özümlə götürüb dayandım bilgisayarın sağında. Və başladım Baratla söhbət etməyə. Söhbətimi lap Adəmdən başladım. Yəni adamlıqdan, adam olmaqdan və bir də adamlığın bugünündən. Məni həmin o uzaqlara istiqamətləndirən Barat Vüsal yazıb ki, hər şey adamlıqdan başlayır. Özü də bunu şeirlə, birbaşa, hər birimizin gözlərinin içinə baxa-baxa deyir Barat Vüsal. Onun dediyini siz də eşidin və yaxud oxuyun:

 

Bu adamların bəlası

Adəm olmaqdan başlayır.

Bu adamların xilası,

Adam olmaqdan başlayır.

 

Qurulandan haqq divanı,

Süleymanın taxtı hanı?

Hər dəfə bu Nuh tufanı,

Gödən olmaqdan başlayır.

 

İkidi dünyanın üzü,

Biri qurdu, biri quzu.

Dünyada kişilik sözü,

Vətən olmaqdan başlayır!

 

Mənə elə gəlir ki, bu üç bəndlik şeirdə adamlığın dünəni və bu günü, hətta sabahı da şair qələmi ilə söz-söz kağıza köçürülüb qoyulub qarşımıza. Biz də adamlığın Adəm olmaqdan başladığını düşünə-düşünə içimizdə bir inacın – yəni Nuh peyğəmbərin ruhunu hiss edirik və onun yer üzünün fəlakət tufanından canlıları necə xilas etdiyini xatırlayırıq. Öz gəmisi ilə o missiyanı necə yerinə yetirdiyini yaddaşımızda təzələyirik. Və anlayırıq ki, kim dünyaya gödənindən baxırsa, orda adamlıq itir, qurtarır. Hətta   KİŞİ sözü də mənasını itirəndə , adi tör-töküntüyə çevriləndə Vətən də arxa plana keçir. Deməli, KİŞİ sözü elə öz çəkisində qalmalıdı ki, Vətən də Vətən ola bilsin.

Mən bu şeirin aurasında bir məqamı da özüm üçün qırmızı qələmlə qeyd etdim – yəni tamamilə əmin oldum ki, adam qrub yaratmalı, sevib-sevilməli, yaşadıb yaşamalıdır. Birbaşa desəm isə, adam təkcə Adəm yox, həm də Adam olmaldıdı.

Bu, bir az pafoslu, amma özümə aid olan duyğuların içərisində , mən təbii ki, bütün duyğuların «sim-simi» olan sevginin yerini unuda bilmərəm. Çünki elə adamlıq da   həm də sevgidən başlayır. Elə ona görə də Barat Vüsal sanki mənim içimdəki həmin o duyğuların nə qədər dəqiq olduğunu fəhmlə duyaraq kitabına bu şeiri əlavə edib və yazıb ki:

 

Gəlib ürəyinə varmaq fikrim var,

Qoynunda yurd-yuva qurmaq fikrim var.

Səndən taleyimi sormaq fikrim var,

Ağlın özgəsinə getməsin sənin.

 

Səni yarıyolda saxlayasımı,

Qəlbim yarıyolda ağlayasımı?!

Mən yolu getmirəm yarıya kimi,

Ağlın özgəsinə getməsin sənin.

 

Mən yüz yol danışıb, yüz yol düşünüb,

Aşıra bilərəm hər bir işini.

Məndə lələyi var Zümrüd quşunun,

Ağlın özgəsinə getməsin sənin.

 

Özümü özümsüz qınayıram mən,

Sən mənim özümsən, anlayıram mən.

Özümü görəndə…tanıyıram mən,

Ağlın özgəsinə getməsin sənin.

 

Çox maraqlıdır ki, bu şeirin canında, qanında bir səmimi etirafla yanaşı bir inadkarlıq və qətiyyət də var. Üstəlik, o inadın arxasında duran haqlı bir istiqamətləndirmək, göstərmək gücü də amirlik edir. Şeiri oxuyanda Barat Vüsal bir müəllif olaraq oxucuya deyir ki, sən ağlına başqa bir şeylər gətirmə. Mənim niyyətim, məramım sevgidi, sevməkdi, sevilməkdi. Mən təsadüfi adam deyiləm. Mən fürsətçil, şəraitdən yararlanmaq məqsədinə xidmət edən «aşiq» deyiləm. Mən bu sevgini içində yaşadan və o sevgi ilə yaşayan adamam. Ona görə də sənin ürəyində də o cür olmaq məramlıyam. Necə ki, sən mənim ürəyimdəsən.

Bəli, Barat Vüsalın şair istedadının, şair fəhminin və şair hikkəsinin bir çaları  da  Öz fikrindəki əminliyi, niyyətindəki dürüstlüyü  sevdiyinə və oxucusuna israrla inandırmaq. Bax, burda bircə məqam qalır. O da ağlına başqa heç nə gətirməmək. Özgə   cür   düşünməmək…

Bəli, elə bu yolun davamı olaraq Barat Vüsal sevdiyinə bir gerçəyi də pıçıldayır – yəni bir açıqlama da verir. Onun açıqlamasının mayasında yenə dürüstlük dayanır, yenə reallığın özünü görürük. Yəni o, öz sevgisini etiraf etməklə yanaşı, həm də sevdiyinə problem olmayacağını, ona problem yaratmadığını, əl-ayağına dolaşmayacağını, sadəcə sevəcəyini deyir. Və vurğulayır ki, sevgi, vüsal, həsrət ürək işi olduğu kimi, ayrılmaq da ürək işidi. Yəni getmək istəyəni saxlamaq olmaz. Təbii ki, əgər bu istək ürəkdən qaynaqlanır, ürəyin ehtiyacıdı. Yəni biri var hansısa bir maddiyyatdan, hansısa işin düz gəlməməyindən inciyib ayrılasan, biri də var ki, ürək artıq o sevgini qəbul etmir, onu özününkü saymır. Onu yad bir cism kimi daşımaq zorundadı. Bax, belə olanda ürəyin ayrılmaq istəyi haqlı arzudu. Mənim bu yozumumu Baratın «Ayrılıq özü də ürək istəyir» şeirində siz də görə bilərsiz. Həmin şeirin son iki bəndində Barat Vüsal ayrılmaq istəyən ürəyin son akkordlarını sanki səsləndirir:

 

Səni yoldan edib getmə, demirəm,

Ayrılıq özü də ürək istəyir.

Gedirsən, mən sənə heç nə demirəm,

Amma şeirim nəsə demək istəyir.

 

Qoymaram ürəyim itirsin səni,

Bu eşqin yazıyla, qışıyla varam.

Bir dayan, qoy şeirim ötürsün səni,

Qayıdanda özüm qarşılayaram!

 

Doğrudan da, ürəyin istəyi ilə barışmamaq qeyri-mümkündü. Üstəlik ürəyin nazı ilə oynamaq da hər adamın bacardığı iş deyil. Ona görə də gerçək sevgilər ürəyi həm dəyanətli, dözümlü, həm də ağrılı, qayğılı edir. Çünki gerçək sevginin istənilən təması vüsal sayılır, istənilən sızıltısı ürəyi yaralayır, ona əzab yaşadır. Bunu təkcə bədii söz kimi, bədii fikir kimi qəbul etməyin. Bu, hər birimizin, sevən və sevilən hər bir Allah bəndəsinin həyat düsturudu. Onun qurulan, bölünən, çıxılan, toplanan tərəflərini hərə öz ürəyinə, öz sevgisinə görə müəyyənləşdirir. Bu mənada Barat Vüsalın bir işarəsini də, bir sözə çevrilmiş baxış anını da diqqətinizə təqdim edirəm. Çünki o an məni də qayğılandırıb, mənim də yaxamdan tutub silkələyib. Söhbət yenə sevgidən gedir, sevəndən gedir. Mənimlə razılaşmaq üçün sizi həmin şeiri oxumağa dəvət edirəm:

 

Gülün tikanını öpürdü bülbül,

Gülə yalvarırdı, yazığım gəldi.

Sanki oxumurdu, öz ağzındakı,

Dilə yalvarırdı, yazığım gəldi.

 

Leyli söyləməkdən dilimi doyub?

Məcnunun çəkdiyi zülümə hayıf!

Gül kimi sevdiyi Leylini qoyub,

Çölə yalvarırdı, yazığım gəldi!

 

Sevgi kitabının var-varağına,

Baxıb töküşdürüm var-varağı, nə?!

O gün Barat düşüb yar ayağına,

Elə yalvarırdı…yazığım gəldi!

 

Bu, bir gerçəklikdir ki, şeir ruhun, ürəyin, duyğuların, yaşamın, düşüncənin anidən sözə çevrilən formasıdı. Yəni gerçək şeir mənim o vurğuladığım ürəyin, ruhun, duyğuların, yaşananların içindən doğur. Özü də Tanrının xeyir-duası ilə. Və bu gerçək şeir də yalnız o vaxtı könül oxşayır, ürəyə yatır ki, o anlaşılır, o qəbul olunur. Məhz şeirlərinin mayasında anlaşma, qəbulolunma reallıq təşkil edən Barat Vüsal da sonuncu təqdim etdiyim şeirində də gülə, bülbülə üz tutmaqla əslində o ipucundan yararlanaraq yenə duyğularımızın sarı siminə toxunur. Yenə bizə sözün alt qatına enmək, ordakı gerçəkliyi görmək çağırışı edir. Və…

Bəli, bu beş-üç kəlməlik söhbətimlə mən «Barat Vüsal havası»nı içimdə yerbəyer etdim və məhz ondan sonra hiss etdim  ki, şairin, şeirin yeri onu anlayanların ürəyində, ruhundadır. Yerinə mübarək deyib alqışlayıram SƏNİ - dostum, qardaşım Barat Vüsal!

 

TƏQVİM / ARXİV