28 Aprel 2025 10:29
145
ƏDƏBİYYAT

150 yaşlı mətbuatımız: Sözə sahib çıxaq - Qalib İbrahimoğlu yazır

Milli mətbuatımız 150 yaşına çatır. Tarixi köklərini hələ 1875-ci ildə Həsən bəy Zərdabinin nəşr etdirdiyi “Əkinçi” qəzetindən götürən mətbuatımız 150 ildir müqəddəs missiyasını davam etdirir.

Güclü dövlətin təməl daşlarından biri də azad, obyektiv, vicdanlı mətbuatdır. İllərdi azad sözün çırağını sönməyə qoymayıb milli mətbuatımız. Həmişə də dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunub.

Elə Prezident İlham Əliyevin “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncam da dövlətimizin, onun başçısının milli mətbuata verdiyi önəmin, növbəti qayğının göstəricisidir. Bu Sərəncam milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq imzalanıb. Bu Sərəncam eyni zamanda Ulu öndər Heydər Əliyevin milli mətbuatımızın yubileylərinin qeyd olunması ilə qoyduğu ənənənin davamıdır.

Sərəncamda göstərilir ki, ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafı təmin edilib, qarşıda duran strateji vəzifələr uğurla gerçəkləşdirilib. Azərbaycan Vətən müharibəsində şanlı Zəfər qazanaraq və unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazdı, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoydu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdi. Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratdı.

Vətən müharibəsində qələbəmizdən az sonra başlanan islahatlar, o cümlədən “Media haqqında” Qanunun qəbulu media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılmasını və ölkəmizin informasiya mühitinin sağlamlaşdırılmasını hədəfləyib. Vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər informasiya resurslarının iqtisadi müstəqilliyinin gücləndirilməsi və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində görülən işlərin davamlılığını təmin etmişdir.

Dövlətimizin başçısı bu Sərəncamla yalnız bir yubiley tədbirinin təşkili deyil, həm də Azərbaycan mətbuatının cəmiyyət həyatındakı əvəzolunmaz roluna dəyər verdi. Cəmiyyətin güzgüsü, dövlətlə xalq arasında körpü olan Azərbaycan jurnalistikası milli kimliyimizin qorunmasında da böyük xidmətlər göstərib.

Bu gün mətbuatımız təkcə informasiya yaymır. Eyni zamanda milli kimliyimizi qoruyur, ictimai rəy formalaşdırır.

Prezidentin imzaladığı bu sərəncam mətbuat işçilərinə həm mənəvi stimul verir, həm də onların əməyinin cəmiyyət tərəfindən nə qədər yüksək qiymətləndirildiyini göstərir.

Bu Sərəncam jurnalistlərə yeni ruh verməklə yanaşı həm də bütün media işçilərinə bir mesajdır: milli mətbuat ənənələrini qoruyaq, qələmi vicdanla işlədək, sözə sahib çıxaq.

Bakıvaxtı.az