08 Yanvar 2025 17:14
219
ŞOU-BİZNES

Ağadadaş Ağayevlə mühafizəçi BARIŞDI - YENİLƏNİB

Xalq artisti Ağadadaş Ağayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Adalet.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən tərəf ifadə verib.

Həmçinin, Ağadadaş Ağayevin vəkili tərəflərin barışıq ərizəsini məhkəməyə təqdim edib.

Prosesdə "MedEra" hospitalının xadiməsi, cinayət işi üzrə zərərçəkən Nəzakət Paşayeva bildirib ki, işi ilə məşğul olarkən bayırdan səs-küyün gəldiyini eşidib:

"Səs eşitsəm də, işimin dalınca getdim. Qapıya tərəf gələndə ayağıma balta dəydi. Ayağıma dəyəndən sonra baltanı götürüb kənara qoydum ki, onlardan hər hansı biri götürməsin. Mübahisə edənlərin kim olduğunu da sonradan öyrəndim. Hansı səbəbdən mübahisə etdiklərini də bilmirdim. Daha sonra Nurəddinin ağız-burnunun qan içində olduğunu gördüm. Ağadadaş Ağayevə qarşı hər hansı bir şikayətim yoxdur".

Daha sonra xalq artistinin mübahisə etdiyi, sözügedən hospitalın mühafizəçisi Nurəddin Cəlilov ifadə verib. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib. Həmçinin deyib ki, Ağadadaş Ağayevə qarşı hər hansı bir şikayəti yoxdur.

"Hadisə baş verən gün Ağadadaş Ağayev baltanı arxasında gizlətmişdi, lakin qapıdan keçəndə əlində balta olduğunu görmüşdüm. O, nalayiq ifadələr işlədə-işlədə gəlirdi. Sonra qarşılıqlı olaraq bir-birimizə qarşı nalayiq ifadələr işlədirdik. Balta mənə dəymədi, Nəzakət xanıma dəydiyini də görmədim", - deyə Nurəddin Cəlilov ifadəsində bildirib.

Hakimin "Ağadadaş Ağayev hansı ifadələr işlədirdi?" sualına cavab olaraq zərərçəkən xalq artistinin ona "ermənidən əmələ gələn" dediyini bildirib.

Proses zamanı şahid qismində ifadə verən "MedEra" hospitalının həkimi Ceyhun Hüseynovun sözlərinə görə, hadisə vaxtı hospitalda axşam növbəsində olub:

"Ağadadaş Ağayev xəsarət alması barədə müraciət elədi. Həmin gecə müayinə etdik. Onun spirtli içki qəbul etdiyini düşünürdüm, lakin hər hansı bir sübutum yoxdur, sadəcə, bu, mənim şəxsi qənaətimdir".

Məhkəmənin növbəti iclası yanvarın 16-da davam edəcək.

Xatırladaq ki, hadisə ötən ilin iyul ayında baş verib.

Ağadadaş Ağayevin mübahisə etdiyi Nurəddin Cəlilov və müğənninin atdığı baltanın dəydiyi xadimə Nəzakət Paşayeva xalq artistinin cinayət işində zərərçəkən qismində tanınıb.

Eləcə də, onun mübahisə etdiyi Nurəddin Cəlilov barəsində də cinayət işi açılıb.

Ağadadaş Ağayev Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq,silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddəsi ilə təqsirli bilinir.

***

14:21

Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə növbəti məhkəmə prosesindən əvvəl barışıq əldə olunub.

Adalet.az apa-ya istinadla xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində keçiriləcək prosesdən əvvəl jurnalistlərə açıqlama verən Xalq artisti “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilovla barışdıqlarını deyib. Onun sözlərinə görə, tərəflər arasında notariusda barışıq müqaviləsi imzalanıb.

    Qeyd edək ki, iş üzrə zərərçəkən kimi “Medera” hospitalın xadiməsi Nəzakət Paşayeva və mühafizəçi Nurəddin Cəlilov tanınıb.

    A.Ağayev Cinayət Məcəlləsinin 221.3-cü maddəsi (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) üzrə təqsirli bilinir.

    Hadisə bu il iyulun 23-də Binəqədi rayonu ərazisində baş verib. Xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib. Mühafizəçi isə Xalq artistini döyüb.

    Faktla bağlı cinayət işi başlanıb. A.Ağayev və Nurəddin Cəlilov cinayət məsuliyyətinə cəlb edilib. Sonradan N.Cəlilovun işi ayrıca icraata verilib.

    Xalq artisti Ağadadaş Ağayev isə “Medera Hospital”a qarşı mülki iddia qaldırıb.

    İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.

    İşə Binəqədi Rayon Məhkəməsində baxılır. A.Ağayev “Medera Hospital”dan mənəvi zərərin ödənilməsini tələb edir. Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldırıb.