18 Mart 2025 19:19
335
MƏMLƏKƏT

Ağdamda da Novruz bayramı qeyd edildi - FOTOLAR

Bu gün Ağdam Rayon Heydər Əliyev Mərkəzinin qarşısında Novruz Bayramına həsr olunmuş təntənəli bayram tədbiri keçirilib.

Adalet.az xəbər verir ki, Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, şəhid ailələri və qazilər, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Ağdam Dövlət Dram Teatrının əməkdaşları və mədəniyyət işçiləri iştirak edib.

Tədbir iştirakçılarına milli mətbəx nümunələri, qədim xalq oyunları, kitablardan, muzey eksponatlarından və rəsm əsərlərindən ibarət sərgi təqdim olunub, idmançılar tərəfindən müxtəlif nömrələr nümayiş etdirilib, tədbir keçirilən məkana Qarabağ atlarının gəlişi iştirakçılar tərəfindən maraqla qarşılanıb.

Mərkəzin qarşısında davam edən tədbirdə əvvəlcə Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra çıxış edən Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov rayon əhalisini və tədbir iştirakçılarını bayram münasibətilə təbrik edib, baharın gəlişini müjdələyən, təbiətin oyanışından soraq gətirən Novruzun xalqımızın mənəvi dünyasında özünəməxsus yeri olduğundan, Ümummilli Lider Heydər Əliyevin Novruza milli ideologiyamızın təməl sütunlarından biri kimi yanaşmasından, Novruz ənənələrini layiqincə yaşadan Azərbaycan Prezidenti İlham Əliyevin dövlətimizə və xalqımıza qazandırdığı tarixi nailiyyətlərin bütün dünya azərbaycanlılarına ən qiymətli Novruz hədiyyələri olmasından bəhs edib.

Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə əməkdar artist Fehruz Səxavətin, kollecin müəllim və tələbə heyətinin, Gülablı kənd Uşaq musiqi məktəbinin müəllimi Habil Məmmədov və tələbələrinin ifasında rəngarəng musiqi nömrələri, “Nənə Qızlar” folklor ansamblının ifasında nümunəvi çıxışlar tədbir iştirakçılarına təqdim edilib. Həmçinin bayramın personajları hesab olunan kosa və keçəlin iştirakı tədbirə xoş ovqat qatıb.