01 Aprel 2025 19:05
240
SİYASƏT

Aprel ayında Ermənistan-Azərbaycan arasında... – Səxavət Məmməd yazır

Dünyanın yenidən dizayn olunmağı heç kimə sirr deyil. Böyük dövlətlər artıq açıq oynayır. Bəzi ölkələr təsir dairəsini genişləndirmək, bəziləri tarixi torpaqlarını bərpa etmək, bəziləri isə varlığını qorumaq üçün mübarizə aparır.

ABŞ-də Donald Tramp hələ hakimiyyətə gəlməmişdən öncə bildirirdi ki, o, hakimiyyətə gələcəyi təqdirdə qısa zaman ərzində Rusiya-Ukrayna müharibəsini, Yaxın Şərqdə baş verən toqquşmaları yekunlaşdıracaq, ümumiyyətlə, müharibələri bitirəcək. Elə o zaman da yazırdım ki, Rusiya Ukrayna müharibəsini qısa zamanda bitirmək bir nəfərin gücü xaricindədir. Hətta o ABŞ prezidenti olsa belə… Son zamanların proqnozlarına diqqət ediriksə, Rusiya-Ukrayna müharibəsinin bu ilin sonuna qədər bitmə ehtimalları səsləndirilir. Rusiya bu hədlərdə müharibənin bitməsində maraqlı deyil. Rusiyanın bu hədlərdə müharibəni bitirmək istəyəcəyini gözləmək ağılsızlıq olardı. Çünki Rusiya taktiki baxımdan belə hədəflərinə çatmış sayılmır. O zaman Rusiya bu hədlərdə müharibənin bitməsini istəyər ki, Ukrayna kapitulyasiyaya getsin. Ona görə də ruslar şərtlərini daha da sərtləşdirir.

Rusiya-Ukrayna müharibəsi göstərdi ki, NATO hərbi təşkilat kimi üfürülmüş şardan başqa bir şey deyilmiş, eynilə, Rusiya ordusu kimi… NATO-nun genişlənməsi böyük uğur kimi təqdim edilsə də, illər sonra bu genişlənmənin, əslində, NATO-nun zərərinə olduğu ortaya çıxacaq. Çünki ərazi genişlənsə də, dövlətlərin sayı artsa da, bu genişlənmənin gücə güc qatdığı anlamına gəlmir. NATO-dan ABŞ və Türkiyəni çıxsaq, ortada qalan gücün özünü müdafiə etmək qabiliyyətində olub-olmaması da sual yaradır. Avropa ölkələri fərqindədir ki, NATO çətirinin altına sığınmaqla böyük yanlışlıq ediblər. Ona görə də hazırda Avropa ölkələri NATO-dan kənar öz müdafiə qabiliyyətlərini artırmaq üçün addımlar atırlar. Hərbi büdcələrin artırılması, hərbi xidmətə cəlb etmənin hətta məcburi hala gətirilməsi yönündə işlər görürlər. İddialar var ki, yaxın illərdə Avropa Rusiya toqquşması baş tuta bilər. Ümumiyyətlə, Rusiya Ukraynada müharibə aparmaqla paralel ordunun döyüş qabiliyyətini artırmaq üçün addımlar atır. Hətta bu hazırlığın Ukrayna üçün olmadığını deyənlər də var.

Ermənistan-Azərbaycan şərti sərhədində atəşkəsin pozulması da dünyada baş verənlərin tərkib hissəsidir. Dəfələrlə yazmışam ki, dünyada bu qədər münaqişə ocağı qaynar olduğu halda Cənubi Qafqazda sülhün olacağı inandırıcı deyil. Prosesə bir qədər dərindən baxsaq, baş verənlərin Azərbaycan, Ermənistan, hətta Gürcüstanla bağlı olmadığını da deyə bilərik. Cənubi Qafqaz ölkələrinin hərəsindən bir səs çıxır. Ermənistan Avropa İttifaqı yolunu tutmaq üçün addımlar atır, ABŞ ilə hərbi təlimlər keçirir, Gürcüstanda seçkilərdən sonra nisbətən durğunluq yaşanır, Azərbaycan isə pulunun çoxluğuna görə manevrlər həyata keçirir. Nəzərə alsaq ki, dünyada bu coğrafiyadakı ölkələrə dövlət-dövlət yox, bir region kimi baxırlar, onda mübarizənin region uğrunda getdiyini də deməliyik.

Hansısa yad ölkənin bu regiona qoşun yeridəcəyini də düşünmürəm. Bu regionu təsir dairəsinə almaq istəyən güc yumşaq gücdən və Azərbaycanla Ermənistanın toqquşmasını təmin etməklə istəyinə nail olmağa çalışacaq. Qərb, ABŞ Ermənistanın varlığını qoruması üçün dəstək verir. Rusiya xətti isə Ermənistanın ağır cəzalandırılmasında maraqlı görünür. Aylar öncədən də yazırdım ki, martın sonu və aprel ayında Ermənistan-Azərbaycan arasında gərginliyin artacağı gözləniləndir. Hazırda Ermənistan tərəfi hər nə qədər sülhdən danışsa da, hətta Azərbaycanla sülh müqaviləsi bağlamaq üçün yer və vaxt istədiyini açıq şəkildə bəyan etsə də, eyni vaxtda silahlanma və şərti sərhəddəki mövqelərin möhkəmləndirilməsi yönündə addımlar atır. Azərbaycan tərəfi də prosesi tam nəzarətində saxlayır. Ehtimal olunacaq bütün təxribatların qarşısını almaq üçün şərti sərhəddəki mövqelərini möhkəmləndirir.

Son zamanlar Ermənistan ordusunun yüksək rütbəli zabitlərinin, “Yerkrapah” komandirinin şərti sərhədə gəlməsi prosesin dərinləşməyi və ərazi kəşfi kimi qiymətləndirilə bilər. Bundan əlavə, dronların qaldırılması da hazırıq mərhələsi anlamına gələ bilər. Baş verən bütün proseslər toqquşmanın olma ehtimalını gücləndirir. Ermənistan tərəfi təxribatlar törədəcəyi təqdirdə Azərbaycan tərəfi müəyyən istiqamətlər üzrə əməliyyat həyata keçirə bilər. Bu, işğal yox, sülhə məcburetmə, yaxud kapitulyasiyaya gətirmə də ola bilər. Bu, həm də regionda uzun müddətli müharibənin olmasına icazənin veriləcəyi o qədər inandırıcı görünmür. Ancaq qısamüddətli toqquşma ehtimalı mümkün variant kimi daim gözləmədə qalacaq.