Avazın yaxşı gəlir, oynatdığın futbol olsa… - Aydın Bağırov yazır

AYDIN BAĞIROV
3120 | 2024-09-09 14:43

Yaxud bu fikri təhrif eləmədən, atalar sözlərimizin orijinalında olduğu kimi də qeyd etmək olar: “Avazın yaxşı gəlir, oxuduğun Quran olsa…”

Güman edirəm, bu sözlərin mənasını Azərbaycan millisinin baş məşqçisi Fernando Santuşa izah edən tapılacaq. O səbəbdən ki, Santuş Azərbaycana ayaq basandan yalnız sadəlövh azarkeşin ürəyinə yağ kimi yayılan açıqlamalar verir, böyük turnirlərdə oynamaqdan dəm vururdu.

Böyük turnirlərdə. 

Avropa və dünya çempionatlarında.

Amma bu, əlbəttə, ucuz populizm idi.

Buyurun, bu da həmin boşboğazlığın rəsmi möhürü: milli komandamız Millətlər Liqasında evdə İsveçə 1:3, səfərdə isə Slovakiyaya 0:2 hesabı ilə uduzub.

Əlbəttə, kiçik komandalarla “böyük turnirlər” nağılı qurmaq təqdir oluna bilər. Amma axı, bu nağılı gerçəkliyə çevirmək üçün sənin öz beynində ideyaların, planların olmalıdır. O planı da meydanda həyata keçirən 11 futbolçun.

11 futbolçu…

Dünən Slovakiya ilə oyunda o 11 futbolçudan biri Amin Seydiyev idi. Cəmi 4 dəqiqəyə oyunun taleyini həll edən “qəhrəman”. Əvvəl qapımıza təyin edilən penaltiyə səbəb oldu ki, oyunda hesab açıldı, sonra da onun cinahdakı səhvi ucbatından daha bir qol buraxdıq. Həmin vaxt topun yanında olan Aleksey İsayev isə komanda yoldaşını sığortalayıb rəqibə mane olmalıydı. Lakin o, deyəsən, bərk yuxuya getmişdi. Yoxsa məntiqlə o epizoda o cür etinasız münasibət olmamalı idi. 

37-ci dəqiqədə Amin Abbas Hüseynovla əvəzləndi. İndi Santuşdan soruşmaq lazımdır ki, Abbas elə əvvəldən əsas heyətdə oynaya bilməzdimi? Bir halda ki, İsveçlə görüşdə də normal oyunu olmuşdu. 

İlk 45 dəqiqə bitən kimi Santuş daha 2  oyunçu dəyişdi. Onlardan ikisi cağ cinahın oyunçuları (Seydiyev və Gökçü) idi. Yəni “ölü zona”nın…

1-ci hissə və 3 dəyişiklik. Bu, sanki oyuna 11 deyil, 8 nəfərlə çıxmağın acınacaqlı etirafı idi.

Amma bu və digər əvəzetmələr də nəticəni dəyişmədi. Bir oyunda komandanın ən etibarlı oyunçusu qapıçısı (Mehdi Cənnətova bravo) olursa…

Onda Santuş özünə sual verməlidir ki, bəs yaxşı, mənim qol vurmalı olan hücumçularım, o hücumçulara kömək etməli olan yarımmüdafiəçilərim hanı? Hardaydı bu komandanın oyun qurucuları? Cinahlar nə işə yarayırdı? 

Meydanda 90 dəqiqə ərzində komanda oyunu, sistem yoxdursa, bunun məsuliyyəti kimin üzərinə düşür? Hamı sanki məhəllə futbolundakı kimi özü üçün oynayırdı. Xətlərarası bərbad əlaqədən isə danışmağa dəyməz. Elə buna görə idi ki, oyunun gedişatında biz bir neçə dəfə futbolçularımızın bir-birinə narazılığına şahid olduq…

Belə komanda olarmı?

… Amma Santuş böyük hədəflərdən danışır. O hədəflərə olmayan oyun sistemi ilə getmək olmur.

Ən son bu penalti olayında bir daha məsuliyyətsizliyini göstərən şeydayevlərlə, bu məsələdə ona qahmar çıxan mahmudov xarakterli “kapitanlarla” Avropaya, dünyaya çıxışımız yalnız turist-komanda kimi ola bilər.

Bir də milli komandaya məsuliyyətlə yanaşı həm də Vətən təəssübkeşliyi lazımdır və bunu qətiyyən pafos kimi qəbul etməyin.

Dövlət himnimizi oxumayan neçə oyunçumuzu gördünüz dünən? Dadaşov, İsayev… İllərdir guya Azərbaycanı təmsil edirlər, amma bu dövlətin ali rəmzlərinə hörmət qoymurlar - onun himnini öyrənməyi özlərinə əskiklik sayırlar sanki. Bəs Ramil Şeydayevə nə deyəsən? Hələ də Azərbaycan dilində 3 cümlə danışdığını görən olmayıb.

Və Santuş bu “vətənsevər” futbolçularla, özünün meydanda görünməyən “oyun sistemi” ilə dünya və Avropa çempionatına getməkdən danışırdı…

Bəli, avazı yaxşı gəlir, oynatdığı futbol olsa…

… AFFA-nın yeni prezidenti və İcraiyyə Komitəsinin üzvlərini isə təbrik edirəm.

Yaxşı başladınız!

 

TƏQVİM / ARXİV