22 Aprel 2025 10:39
550
ƏDƏBİYYAT

...Axı deyirlər, şəhidlər ölmür... - Elman Eldaroğlu yazır

22 aprel Beynəlxalq Yer Günüdür

Yəqin ki, dostlarımın arasında əsgəri xidmətdə olanları çoxdur. Unutmayıblarsa, əsgəri xidmətə başlayanda hər biri müəyyən müddət məcburi karantin rejimində olub və and içmədən sonra həqiqi xidmətə başlayıb...

Bəzən mənə elə gəlir ki, Yer də Allahın bəndələrinə təyin etdiyi karantin meydanıdır. Onları burada sınaqlardan keçirib, sonra Göyə- həqiqi xidmətə göndərir...

”Məni əsirlikdən qurtarmaq üçün Ağdam döyüşlərində əsir düşmüş Suriyadan olan erməni ilə dəyişməli idilər. Belə də oldu. Ermənilər Milli Qəhrəman Allahverdi Bağırova pul təklif etmişdilər ki, həmin Suriya ermənisini qaytarsın. Amma yeri behişt olsun, rəhmətlik Allahverdi kişilik göstərib ermənini pula deyil, mənə dəyişdi. Anamı da buraxdılar.“- Bu kəlmələri səkkiz gün erməni əsirliyində işgəncələrə məruz qalan Hüseynağa Aydın oğlu Quliyev deyib...

”Onun üzündəki solmuş təbəssümü, yorğun sifətinı unuda bilmirəm. Mənə elə gəlirdi ki, bu güclü, cüssəli oğlan gözlərimin qarşısında bu dəqiqə səndirləyib yıxılacaq. Heç kim bilmirdi ki, o, nə zaman yatır. Ümumiyyətlə yatırmı? Mən çəkiliş qrupumuzun rejissoru Namiq Şirəlibəyov və operator İzzət Əzizovla çəkilişləri səhər o başdan başlayırdıq, eşidirdik ki, Allahverdi artıq hardasa insanların köməyinə çatır, üzərinə düşən hansısa əməliyyatı yerinə yetirir. Gah ermənilərlə danışıqlarda olurdu, gah meyit dəyişirdi, gah da ağlayıb-sızlayan ana-bacıların ətrafında onlara ürək-dirək verir, saçlarını tumarlayırdı."- bunları isə müsahibələrinin birində telejurnalist Nadejda İsmayılova söyləyib.

Bəli, aprelin 22-si Beynəlxalq Yer Günüdür. Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırov da 1946-cı ilin bu günündə dünyaya gəlmişdi. Qəhrəman bəndələrindən biri kimi, indi Allahın dərgahındadır. 79 yaşı tamam olur. Mövludu mübarək olsun!

...Axı deyirlər, şəhidlər ölmür...

Elman Eldaroğlu