22 Noyabr 2024 09:00
995
LAYİHƏ

AZƏRBAYCAN YENİ BİR TARİX YAZIR

Bu gün dünyada  elə proseslər gedir ki, bu hadisələr istər-istəməz yeni bir dövr açır. Yəni inkişaf etmiş ölkələrlə yanaşı inkişaf etməkdə olan  dövlətlər də sürətlə irəliləyir. Təbii ki, bu yüksəliş və inkişaf  heç də böyük  dövlətlərin  ürəyincə deyil.  Xüsusən də Azərbaycanın siyasi-iqtisadi və hərbi cəhətdən güclənməsi  nə Avropa ölkələrini, nə də Amerikanı razı salır. Çünki onlar  Cənubi Qafqazda  Azərbaycan kimi güclü dövlət olmasını istəmirlər. Daha doğrusu, onların  marağı Ermənistana havadarlıq etmək, onu iqtisadi və hərbi cəhətdən gücləndirməkdir.  Amma bunların heç biri Azərbaycanın sürətli inkişafına əngəl törədə bilməyəcək. Ən azından ona görə ki, ölkəmiz artıq dünyada demokratik, hüquqi, sivil bir dövlət kimi tanınır. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycanın tarixi, mədəniyyəti və mənəvi dəyərləri bütün dünyaya ötürülür.

Əlbəttə, hər bir xalqın öz mənəvi dəyərləri var. Amma Azərbaycançılıq ideyaları, düşüncələri və əxlaqı tamamilə başqa bir dünya deməkdir. Yəni azərbaycanlılarda və ölkəmizdə elə dəyərlər, elə əxlaqi keyfiyyətlər və elə mənəviyyatlar var ki, başqa xalqlarda onu axtarıb tapmaq mümkün deyil. Bu dəyərlərdən ən birincisi azərbaycanlıların mərhəmətli, humanist və böyük ürək sahibi olmasıdır. Bunu baş verən hadisələr bir daha təsdiq edir. Məsələn, qonşu ölkələrin  - İranın, Gürcüstanın ən ağır günündə, yəni təbii fəlakətlər baş verəndə, zəlzələ olanda, sel gələndə ilk növbədə onlara kömək edən Azərbaycan dövləti olub. Qısa zaman kəsiyində karvan-karvan maşınlarla həmin ölkələrə ərzaq, qida, geyim və digər vacib əşyalar göndərilib. 

Qardaş Türkiyədə bir neçə il bundan əvvəl baş verən zəlzələ zamanı isə yenə Azərbaycan birinci olaraq Türkiyəyə arxa durdu.  Bir neçə saatın içində təyyarə ilə zəlzələnin baş verdiyi şəhərlərə dava-dərman, qida məhsulları, isti geyimlər  göndərildi. Bu prosesdə dövlətlə yanaşı, xalq da yaxından iştirak etdi. Yüzdən çox maşın karvanında Türkiyəyə zərərçəkənlər üçün ərzaq, geyim əşyaları, qidalar və eləcə də çadırlar göndərildi. 

Azərbaycan bu köməkliyi tək qardaş Türkiyə xalqına etməyib. Bu köməkliyi həm də aclıqdan və kasıbçılıqdan əziyyət çəkən Afrika ölkələrinə də göstərib. Əlbəttə, elə dövlətlər var ki, onların imkanı bizimkindən qat-qat yaxşıdır, amma köməklik lazım gələndə bunu etmirlər. Etsələr də, ən yaxşı halda müsəlmanlara yox, xristian din qardaşlarına göstərirlər. Bu isə hardasa bir ədalətsizlik deməkdir.

Heç yadımdan çıxmaz, 1988-ci ildə Ermənistanın Spitak şəhərində zəlzələ baş verəndə Azərbaycan onlara ərzaqla yanaşı, texnika və eləcə də kömək üçün canlı qüvvə göndərdi, amma ermənilər nə etdilər? Ermənilər köməyə  gələn Azərbaycan təyyarəsini vurdular. O təyyarədə bizim neçə-neçə vətəndaşımız həlak oldu. Bu bizim ermənilərə göstərdiyimiz xeyirxahlıq, o da ermənilərin bizə elədiyi pislik. 

Ermənilər 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror əməliyyatı zamanı ölkəmizi tərk edərkən onların təhlükəsizliyi əsgərlərimiz və hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə təmin edildi. Hətta ermənilər öz mal-qarasını, qoyun-quzusunu  rahatca götürüb apardılar öz vətənlərinə. Bununla yanaşı, yollarda əziyyət çəkən, köç edərkən çətinliklər içində olan yüzlərlə erməniyə çörək, çay, yemək verildi. Hətta xəstə vətəndaşlarını belə xəstəxanada müalicə etdirib sağaltdıq. Onlar isə Ermənistana qayıdandan sonra bu yaxşılığın əvəzinə bizə şər-böhtan atdılar. Dedilər ki, guya bizim əsgərlər onları incidiblər. 

Təbii ki, köç prosesində əksər məsələlər lentə alınıb. Yəni həmin kadrlara baxılsa görmək olar ki, ermənilərə azərbaycanlılar hansı qayğı və diqqəti göstəriblər. Bu gün isə Amerika və Avropa ölkələri əllərində etnik təmizləmə ideyasını bayraq tutaraq deyirlər ki, guya erməniləri azərbaycanlılar ordan zorla qovub. Hansı ki ölkə prezidenti də  onlara müraciət edərkən demişdi ki, kim Azərbaycan vətəndaşlığını qəbul edirsə Qarabağda qalıb yaşaya bilər. Hətta Ermənistana köçdükdən sonra xüsusi portal açıldı, həmin portalda da bildirildi ki, Azərbaycan vətəndaşlığını qəbul etmək istəyən ermənilər Qarabağa dönə bilərlər. Onlara hər cür şərait yaradıldı, onlar isə siyasi məqsədlər üçün şər və böhtan deməklə dünyanı inandırmaq istədilər. Onların yalanlarına inananlar da var, inanmayanlar da. Amma əsl  həqiqət göz qabağındadır. Bir Allah bilir ki, ermənilər Azərbaycandan zorla qovulmayıb. 
Bu gün Azərbaycan BMT-nin möhtəşəm bir tədbirinə ev sahibliyi edir. Dünyanın  200 ölkəsindən 80-ə yaxın prezident, vitse-prezident, baş nazirlər  iştirak edir. Bununla yanaşı, həmin tədbirdə 75 minə yaxın insan qonaq sifətində gəlib. Onlar Azərbaycanda keçirilən COP-29 tədbirinin çox yüksək səviyyədə təşkil edildiyini  bildirirlər. Hətta dünyanın bir çox ölkələrinin prezidentləri dedilər ki, Bakıdakı tədbir əvvəlki tədbirlərdən daha yadda qalandır. Burda nümayəndələrin və qonaqların hərtərəfli iştirakı, istirahəti və qidalanması üçün  hər cür şərait yaradılıb. 

Belarusun prezidenti Lukaşenko isə ölkəmiz haqqında çox unikal və qeyri-adi bir fikir səsləndirib. O deyib ki, belə gözəl ölkədə yaşamaq böyük xoşbəxtlikdir. Bunu azərbaycanlılar demir ha, Belarusun prezidenti deyir. O, dünyanın əksər ölkələrində olub və onların da sosial-iqtisadi inkişafını görüb. 

Azərbaycana gələn qonaqlar isə ölkəmizdə olan səmimiyyətdən, mehribanlıqdan və qayğıdan çox razılıq edirlər. Bakının mərkəzi küçələrində Avropadan gəlmiş bir neçə xarici nümayəndə ilə söhbət etdik. Onlar dedilər ki,biz bilmirdik ki, Bakı belə gözəl şəhərdir və onun da gözəl insanları var. Hələ  sizin dadlı, ləzzətli yeməklərinizi demirik. Onların dadından doymaq olmur. Bax, bu avropalıların azərbaycanlılar haqqında  söylədikləri tarixi və yaddaqalan fikirlərdir! 
 

Emil Faiqoğlu

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.