24 May 2018 11:12
1403732
MODA

Bakıda moda sərgisi olacaq

İyunun 4-də Heydər Əliyev Mərkəzində Aleksandr Vasilyev Fondunun təqdimatında "Moda məkanı” adlı sərgi açılacaq.

Heydər Əliyev Mərkəzindən Azərtac-a bildirilib ki, sərgi təbiət və dəbin vəhdətini əks etdirir. Bu vəhdətdən irəli gələrək sərgi zalının ümumi tərtibatında da təbiət elementləri ilə zəngin dekorasiya və musiqi fonuna üstünlük verilib.

Ekspozisiyada XVIII-XXI əsrlərə aid 400-dək eksponat – geyim və aksessuarlar, o cümlədən ayaqqabı, çanta, şlyapa, zinət əşyaları və s. nümayiş olunacaq.

Təbiət, tarix və modanı bir məkanda birləşdirən sərgi bir neçə bölmədən ibarətdir. Burada cəngəllik və savanna, dəniz və yaşıllıqlar, eləcə də digər təbiət mövzularından ilhamlanaraq yaradılmış dəb nümunələri təqdim ediləcək.

Sərgidə Paco Rabanne, Christian Dior, Elsa Schiaparelli, Lanvin, Givenchy, Thierry Mugler və digər məşhur brendlərin eksponatları yer alıb. Ekspozisiyada ötən əsrin əfsanəvi modeli Bettina Qratsiani, amerikalı aktrisa Şirli Makleyn və digər məşhurların şəxsi qarderobundan geyimlər nümayiş olunacaq.

Sərgidəki yeni yanaşma və mövzunun orijinallığı moda və tarix həvəskarlarının, eləcə də paytaxt qonaqlarının böyük marağına səbəb olacaq.

Sərgi dekabrın 2-dək davam edəcək.

Xatırladaq ki, bu, Aleksey Vasilyev Fondunun Heydər Əliyev Mərkəzində təqdim etdiyi ikinci sərgidir. 2017-ci il oktyabrın 5-dən 2018-ci il aprelin 29-dək davam edən "Modernizm və moda” sərgisində 1960-cı illərə aid geyim və aksesuarlar nümayiş olunmuşdu.