15 Mart 2021 09:30
658231
MODA

“Bahar mövsümü üçün qara rəng aktualdır” - AÇIQLAMA

İqlim və hava şəraiti yaza doğru dəyişəndə dəb də dəyişir. İstər rəng baxımından, istərsə də başqa meyarlara görə. Baharda təbii parçalardan hazırlanan paltarlar dominantlıq təşkil edir və beləcə, insanlar seçimlərində bu tərz geyimlərə üstünlük verirlər.

Hər mövsüm geyimlərlə bağlı qadınları düşündürən bir neçə sual ortaya çıxır: “Görəsən, bu sezonun geyimləri hansılardır? Hansı rəng çalarlarına üstünlük verək? Geyimlərimiz dar olsun, yoxsa boş?” Bu suallara cavab tapmaq istəyirlər, ələlxüsus da gənc xanımlar. Onlar tez-tez saytlara, dəb səhifələrinə nəzər salır, yenilikləri gözdən keçirirlər. Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın sözlərinə görə, bahar mövsümünün dəbi əvvəlki illərdən xüsusilə fərqlənir. Belə ki, bu sezon daha çox geyim müxtəlifliyi, assortiment təqdim olunur:

“Dəb aləmində modelyerlər, dizaynerlər hər yeni mövsüm üçün markalar, kolleksiyalar təqdim edirlər. İndi biz 2021-ci ilin bahar-yay mövsümü haqqında danışırıq. Təbii ki, satış mağazalarında, dizaynerlərin kolleksiyasında yeni trendlər müşahidə olunur və onlar təqdim edilir. Bunların arasında yeni formalar, rəng çalarlarının dəbə uyğun kombinasiyaları və ümumiyyətlə, geyim müxtəlifliyi, assortiment  təqdim olunur. Sonradan izləyicilər, dəbsevərlər bu assortimenti müşahidə edir və özlərinə uyğun ansambllar yaradırlar. Bu prosesə təbii ki, modelyerlər müdaxilə etmirlər. Ona görə ki, geyimlər istehsal olunur və satış mağazalarına təqdim edilir. Sonradan dediyim kimi, istifadəçilər özləri seçib, uyğunlaşdırıb, öz tələbatlarına görə patlarlar alırlar”.

Rənglərə gəldikdə 2021-ci ilin əsas dəbi bənövşəyi və zümrüd rəng çalarlarından ibarətdir. Lakin bu rənglərlə yanaşı bir sıra rənglər də üstünlük təşkil edir:

“Bahar-yay mövsümündə hər zaman dizaynerlər tərəfindən rəngli çalarlar təqdim olunur. Partçaların təbii olmağına üstünlük verilir və printlər burada əsas rol oynayır. Bunların arasında çiçəkli printlər, həndəsi fiqurları əks etdirən printlər, noxudu printlər daha çox dəbdədir. 2021-ci il üçün dizaynerlər maraqlı tendensiyalar təqdim ediblər. Onların arasında Şərq motivlərinin əsasında folklor üslubunda olan printlər, bənövşəyi, zümrüd tonlarında olan rəng çalarları, hər zaman olduğu kimi klassik üslubda krem-karamel rənglər dəbdədir. Bir şey də var ki, bu il üçün, həm qış mövsümü, həm də bahar mövsümü üçün qara rəng çox aktualdır. Kolleksiyalarda bu rəngin çoxluğu müşahidə olunur”.

Fəxriyyə xanım deyir ki, bahar mövsümündə idman üslubunda olan və boş geyimlər daha çox dəbdə olacaq. Onun sözlərinə görə, ümumilikdə 2021-ci ildə pandemiya ilə əlaqədar insanlar evdə və qismən gəzintidə olduqları üçün idman üslubunda olan geyimlər populyarlıq qazanıb:

“Bahar mövsümündə daha çox idman üslubunda və boş geyimlər üstünlük təşkil edir. Bilirik ki, idman üslubunda olan geyimlər hər il aktualdır. Amma 2021-ci ildə idman üslubunda olan geyimlərdən istifadə daha çoxdur. Daha çox gəzintilərə getdiyimizə görə idman üslubunda olan geyimlər gənclər arasında hit istiqamətə çevrilib”.

Rövşən Tahir