adalet.az header logo
  • Bakı -°C
18 Dekabr 2025 10:02
121
MARAQLI
A- A+

Boz Qurda sadiq xristian qaqauzlar - (IV yazı) 

ƏVVƏLİ BURADA

Qaqauziya Moldovanın tərkibində muxtar respublikadı.  Qaqauzlar oğuz mənşəli türk xalqıdı. “Qaqauz” sözünün etimoloji mənası isə “gök-oğuz” deməkdi. 

Bizans mənbələrinə görə qaqauzlar Balkanlara və indiki Ukrayna bölgəsinə təxminən, 11-ci əsrdə Asiyadan köç edən oğuz tayfalarındandı. Türkdilli xalqların oğuz qrupuna aid olan qaqauzlar peçeneqlər və qıpçaqlarla da qarışmışlar.

Keçmiş postsovet məkanında 700 mindən çox qaqauz yaşayır. Onların əksəriyyəti Moldovanın cənubunda yerləşən Bucak bölgəsində məskunlaşıb. Qaqauz kəndləri   Ukrayna, Rumıniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Kabardin-Balkarda, eləcə də Ukraynanın Odessa və Zaporojye quberniyalarında yerləşir. Moldovadakı Qaqauz muxtariyyətindən əlavə, Kişinyovda 8000, Benderdə 1600, Dnestr çayının şimal sahilində 3300, Balkanlarda, Bolqarıstan və Yunanıstanda isə təxminən 20 min qaqauz yaşayır.

Qaqauzlar dini inanc etibarı ilə xristianlığın parvoslav qoluna aiddirlər. 

XI əsrdə Balkanlara köç edən qaqauzlar pravoslav xristianlığı qəbul etmiş, daha sonra isə Osmanlı imperiyasının tərkibində yaşamışlar. 18-19-cu əsrlərdə bolqarların təzyiqinə tab gətirə bilməyən qaqauzlar 1750-1846-cı illərdə Dunay çayı (Tuna çayı) vasitəsilə Rusiyaya köç edərək Dunay bölgələrində, həmçinin Bessarabiyada (1801-1812) məskunlaşmışlar. Hazırda Moldovada yaşayan qaqauzların bir hissəsi 19-cu əsrin əvvəllərində türk-rus müharibələri zamanı Bolqarıstandan Moldova ərazisinə köç etmişlər. Qaqauzlar müxtəlif tarixi dönəmlərdə Osmanlı imperiyasının, çar Rusiyasının, Rumıniyanın və SSRİ-nin tərkibində yaşayıblar. 

Qaqauziya hazırda Moldovanın tərkibində muxtar respublika statusundadı.

"Bozqurd adına and olsun!" – bu ifadə qaqauzların ən qutsal,  ən sərt andıdı. Heç də təsadüfi deyil ki, qaqauz xalqının totemi canavardı. Onların qədim inancına görə, qaqauz xalqı boz qurddan törəyib. Boz qurdla bağlı inanclar, çoxlu deyimlər və rəvayətlər qaqauz folklorunda geniş yer almaqdadı. Qaqauz ulusunda canavar öldürülə bilməz. Qurdun adı, ehtiram olaraq, astadan, yavaş səslə deyilir. Canavar dişi qaqauz kişilərinin ən sevimli amuletidir. 

Payız fəslində qaqauz xalqı canavar bayramları keçirir. Bu törənlər “Qurd həftəsi” kimi də tanınır. “Qurd həftəsi”ndə qadınlar gündəlik işlərə, yun əyirmə, toxuculuq, tikiş və digər məşğuliyyətlərinə ara verirlər. Kişilər vacib olmadıqca evdən çıxmamağa çalışırlar. Qədimdə qurd törəni günlərində insanlar biri-biri ilə bayramlaşmaq, bayram payı göndərmək üçün evlərin bacalarını örtmürdülər. 

Qaqauzlar qədim türk inanclarından başqa xristianlıqdan gələn dini ritualları da qeyd edirlər. Məsələn, Müqəddəs Andrey günündə kilsədə dualar edir, pis ruhlardan qorunmaq  üçün qapılara sarımsaq və ya ətirli otlar sürtürlər. 

Qaqauz toylarına möhtəşəm el şənliyi də demək olar.  Adətə görə gəlin toyda yaşıl paltar geyinir. Tül və örtük  əvəzinə gəlinin saçlarına məsumluq rəmzi kimi ətirşah gülü toxuyurlar. Toylar bir qayda olaraq, üç gün davam edir və böyükdən-kiçiyə hamı orada şənlənir.  

Qaqauzların “mani” adlandırdığı dörd misralı folklor şeir nümunələri Azərbaycan bayatılarıyla çox yaxın, hətta bəzən əkizdirlər. Bir çox türk xalqlarında olduğu kimi qaqauzlarda da “Koroğlu”, “Aşıq Qərib”, “Əsli-Kərəm”, “Arza-Qəmbər” dastanları,  eləcə də Nəsrəddin lətifələri dillər əzbəridi. Bütün bunlarla bərabər, onların coğrafi məskənləri və son əsrlərdəki tarixi taleləri ilə bağlı, başqa türk xalqlarında olmayan folklor nümunələri də mövcuddur. Bunlardan “Sevastopol türküsü”nü, 1877-1878-ci illərin Osmanlı-Rus müharibəsinə aid dastanları, 1828-ci il Vama müharibəsinə həsr olunmuş dastanı və Türkiyədə də populyar olan “Yəmən türküləri”ni göstərmək olar. 

Qaqauz dilinin özəlliklərinə gəldikdə isə, bir neçə məqamı qeyd etmək istərdik. Qaqauz türkcəsində bəzən bizdə işlənən eyni sözdəki “h” səsi düşür. Məsələn, onlar “hava” sözünü “ava”, “haçan” sözünü “açan”, “həm” sözünü “əm” kimi səsləndirirlər. Saitlə başlayan bəzi sözlərdə isə, əksinə, başlanğıca “h” səsi əlavə edərək, məsələn, “anbar” yox “hanbar”, “ayaq” yox “haylaq” deyirlər. Qaqauzlar bir də “ğ” səsini, ümumiyyətlə, işlətmir, məsələn, “dağlar” yerinə “daalar”, “ağladım” yerinə “aaladım” deyirlər. Bəzən sözün əvvəlində və ortasında “y” səsi düşür. Məsələn: “yeddi” – “eddi”, “yemək” –“emək”, “yer” – “er”, “yemiş” – “emiş”. 

Ümumiyətlə, qaqauz türkcəsi Azərbaycan türkcəsinə daha yaxındı. Onlarda da bəzən “lar”, “lər” kimi cəm şəkilçilərinin yerinə “nar”, “nər” işlənir. Məsələn, “insanlar” yox “insannar”, “onlar” yox “onnar”, “fincanlar” yox “fincannar” və sair. 

Tarixən digər türk xalqlarında, eləcə də canavarlarda olduğu kimi qaqauzlarda da monoqam ailə tipi (birərlilik, birarvadlılıq) mövcuddu. Qaqauz kişisi və qadınları ailəsinə sadiq, xalqına və adət-ənənələrinə bağlı insanlardı. Qurd törəsi qaqauzların yaşam tərzinə, ailə və icma qaydalarına birbaşa təsir edib. 

Beləliklə, bu qədim türk xalqı əsrlər boyu öz kimliyini, milli, mədəni varlığını günəşli Moldova torpaqlarında qoruyub saxlamaqdadı.