adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 11:23
113
MARAQLI
A- A+

Xakaslar: Cənubi Sibir türkləri, şaman ənənəsinin davamçıları - (III yazı)

ƏVVƏLİ BURADA

Xakasiya Respublikası Rusiya Federasiyasının cənubi Sibir hissəsində yerləşən, tarixən türk xalqlarının formalaşdığı ərazilərdən biridir. Ağır tarixi proseslərdən keçən xakaslar zaman-zaman mədəni assimilyasiyalara uğrasalar da türk kimliyini qoruyub saxlayıblar.

Dil baxımından xakas dili türk dillərinin uyğur-oğuz qoluna yaxın olmaqla qədim Yenisey türkcəsinin davamıdır. Tarixi mənbələrdə xakasların əcdadları Yenisey qırğızları, qıpçaqlaşmış türk tayfaları və yerli Altay-Sayan etnosları ilə əlaqələndirilir.

Bu xalqın formalaşması min illərlə davam edən etnik və mədəni prosesin nəticəsidir. Xakaslar nə sonradan formalaşdırılmış, nə də kənardan köçürülmüş xalqdır. Onlar Yenisey hövzəsinin yerli türk əhalisidir.

Xakasların ənənəvi və əsas dini inancları şamanizm, yəni tanrıçılıq olub. Bu inanc sistemi təbiət qüvvələrinə, dağlara, çaylara, ağaclara və ata-baba ruhlarına bağlıdır. Xakas dilində kam adlanan şamanlar cəmiyyətin dini, tibbi həyatında və mərasimlərində əsas fiqurlardan sayılır.

Xakasların çox az qismi tatarların təsiri ilə islamlaşıb. Xristianlıq isə yalnız bu bölgədə XVIII və XIX əsrlərdə, Rusiya imperiyasının siyasi və inzibati təsiri ilə yayılıb.

Bu gün xakasların çox az hissəsi rəsmi olaraq pravoslav xristian hesab edilsə də, bu daha çox mədəni və inzibati xarakter daşıyır. Reallıqda isə şaman ayinləri, ata-baba kultu və təbiət obyektlərinin müqəddəs sayılması müasir xakas kimliyində hələ də mövcuddur. Son onilliklərdə Xakasiyada şaman inanclarının etnik və mədəni identiklik kimi yenidən canlandırılması da müşahidə olunur.

Demoqrafik baxımdan bu gün xakasların vəziyəti elə də ürəkaçan deyil. Belə ki, 2025-ci ilin məlumatına görə Xakasiya əhalisinin təxminən qırx faizini (200 minə yaxın) xakaslar təşkil edir. Bölgə əhalisinin böyük əksəriyyəti ruslardı. Bunun əsas səbəbləri XIX və XX əsrlərdə rus köçü, sovet dövründə dil və mədəniyyətin sıxışdırılması, şəhərləşmə, eləcə də rusdilli təhsil sistemidi. Buna baxmayaraq, xakas dili rəsmi statusa malikdir, onlar öz ana dilini ailələrdə, məktəblərdə, mədəniyət müəssisələrində həmişə qorumağa çalışırlar.

Xakasiya 1991-ci ildə respublika statusu alıb. Paytaxt Abakan şəhəridir. Respublikanın ali icraedici şəxsi xalq tərəfindən seçilən başçıdır. Qanunverici orqan isə Xakasiya Ali Sovetidir.

Bu idarəetmə modeli Rusiya Federasiyasının çərçivəsində fəaliyyət göstərir və real siyasi müstəqillikdən danışmaq mümkün deyil. Lakin mədəni sahədə müəyyən muxtariyət mövcuddu.

Xakasiyanın iqtisadiyyatı hidroenergetika, alüminium sənayesi və kömür hasilatı üzərində qurulub. Sayano-Şuşensk hidroelektrik stansiyası Rusiyanın ən güclü enerji obyektlərindən biridir və region üçün strateji əhəmiyyət daşıyır.

Bununla yanaşı, iqtisadi gəlirlərin əsas hissəsi federal və iri korporativ strukturların nəzarətindədir. Kənd təsərrüfatı isə xakasların ənənəvi məşğuliyyət sahəsi olaraq qalır. Xüsusilə qoyunçuluq, atçılıq və maldarlıq indi də onlarda mühüm yer tutur.

Xakasiyanın ərazisində minlərlə kurqan, daş heykəl, petroqlif mövcuddur. Bunlar türk köçəri mədəniyyətinin maddi və arxeoloji sübutlarıdır. Salbık kurqanı, Sunduki kompleksi və digər abidələr türk tarixinin Sibir mərhələsini öyrənmək baxımından mühüm əhəmiyyət daşıyır və elmi şəkildə tədqiq olunur. Bu respublika türk etnosunun qədim qatlarını, şaman dünyagörüşünün tarixi rolunu və müasir dövrdə assimilyasiya ilə üzləşən etnik kimliyin real vəziyyətini aydın şəkildə göstərir.

 

Murad Köhnəqala