GİTARA - İLQAR RƏSULDAN YENİ HEKAYƏ

İLQAR RƏSUL
67378 | 2021-04-13 18:02

Hər şey gözlənilmədən oldu. Qəfildən yəni. Ovaxtadək alan bir yana, heç mənə baxan da yox idi...

O qədər laqeyd idi ki, bu məmləkətdə hamı mənə, hərdən düşünürdüm, axı mən burada nə gəzirəm? Kim gətirib çıxardıb məni bura? O qədər öyrəşmişdim ki, lazımsızlığıma, dükana təşrif gətirən olanda, o biri alətlər kimi, içimdə qurcalanıb gələni təpədən-dırnağa süzməyə də həvəsim qalmamışdı. Bilirdim ki, başqasına görə gəlib. Elə də olurdu. Hər kəs içəri girən kimi keçirdi öz istədiklərinin qarşısına, baxırdı, seçirdi, sövdələşib götürürdü, gedirdi. O saat da digərlərinin pıçhapıçı başlayırdı: nə olsun bizə baxmadı, bizi seçmədi, gün hələ yenicə başlayıb, bizim də sahibimiz gəlib çıxar.

Elə də olurdu, axşamacan kimlərsə gəlir, nələrisə seçib götürür, alıb aparırdılar. Gedənlər qalanlara tezliklə yaxşı sənətkara qismət olmağı arzulayırdılar. Gün ərzində ən azı dörd-beş belə vidalaşma olurdu. Mənsə bütün bunlara seyrici qalırdım. Nə dükana gələnlərdən ümidverici bir baxış görür, nə də gedənlərdən xoş arzu eşidirdim. Bir gün O gəldi. Hündür boyu, az qala çiyninə düşən qara, dağınıq saçları, səliqəsiz görkəmi ilə qapıdan içəri girən kimi, düz üstümə yeridi. Qarşımda dayanıb diqqətlə mənə baxdı, baxdı, qəfil gəldiyi kimi də, çıxıb getdi. Davranışından, baxışından ağıllı-başlı adama oxşamırdı. Biz az da dəliləri xatırladırdı. O gedən kimi pıçhapıç başladı: bu kim idi belə, heç bizə sarı baxmadı da. Dəlidi əşşi, fikir verməyin...

Düzü, pıçhapıçlardan pis olmuşdum. “Min ilin başında kimsə gəlib sənə baxsın, o da belə, dəlinin biri”- düşünürdüm. Amma içimdə bir sevinc də gizlənirdi: İlahi, necə məhəbbətlə, ehtirasla baxırdı mənə. Sanki əlinə keçsəm, bağrına basb sümüklərimi sındıracaqmış kimi.
Bir həftə sonra yenə gəldi. Yenə də keçəndəfəki kimi. Nə ona yaxınlaşıb bir istəyi olub-olmadığını soruşan sahibimizə məhəl qoydu, nə də başqalarına baxdı. Düz gəlib qarşımda dayandı, sanki gözlərini mənə yox, hansısa məbədə dikibmiş kimi heyran-heyran baxdı, baxdı, əlini uzadıb barmaqları ilə xəfifcə simlərimə toxundu. Barmaqlarının təması içimdən sehrli bir səs keçirtdi. Məndə elə səs olduğunu heç bilmirdim. Sanki min ilin doğmasının sığalı keçdi üzərimdən. Sığalladı, qoxulayırmış kimi üzünü lap yaxınıma tutdu, tutdu, aralanıb kənardan yenə baxdı, çıxıb getdi. Əslində istəmirdim o cür hərəkətlər eləsin. Bilirdim ki, kənardakılar onun hər hərəkətinə fikir verirlər. Gedən kimi yenə başlayacaqlar – dəlidi, hiss olunur ki, pulu da yoxu – deyib, pıçıldaşmağa. Elə də elədilər, bir neçə gün mövzu ancaq o oldu. Xətrimə dəyirdi, istəmirdim onun haqqında elə desinlər, amma dillənə də bilmirdim, çünki adam doğrudan da bura gələnlərin heç birinə oxşamırdı. Pulunun olmadığını mən də hiss etmişdim düzü, amma yenə də çox ümidləndirmişdi məni...
Ta bir də gəlmədi. Yavaş-yavaş unuduldu. Yenə hər şey əvvəlki məcrasına qayıtdı. Yenə mən gəlmələrə, getmələrə, vidalaşmalara, arzulaşmalara seyrici oldum. İçimdə yaranan xırdaca ümid də yox olub getdi.

Qışın son günləri idi. Bayırda gözəl hava vardı. Pəncərələrdən içəri dolan günəş bizi əməllicə isidirdi. Nahar vaxtı idi deyə hamı mürgüləyirdi. Bilirdik ki, günün bu vaxtı qapıda “nahar fasiləsi” adlı lövhə asılır və o götürülməyincə heç kim dükana təşrif gətirmir. Birdən qapı döyüldü. Sahibimiz “axı nahar fasiləsidir” deyib, gileylənə-gileylənə qapıya getdi. Belə hal çox az-az olsa da, arada yaşanırdı. Və sahibimiz gedib qapını açır, “saat ikidən sonra gəlin” deyib yenə bağlayırdı. Bu dəfə nədənsə, elə demədi, əksinə, qapını açan kimi ayrıca canfəşanlıqla, “nə xoş təsadüf, buyurun maestro, keçin içəri” deyib, kənara çəkildi. İçəridəkilərin yuxusu qaçdı, hamımız həvəslə qapıya diqqət kəsildik. Bir anın içində anlamışdıq ki, gələn kimdirsə, çox mötəbər adamdır. Dükana uca boylu, parıldayan qara saçları arxaya daranmış, şıx geyimli ahıl bir kişi daxil oldu. Hamı içində qurcalanırdı. Belə birinin hansımızısa alıb aparması, hər birimizin xəyal etdiyi xoşbəxtlik olacaqdı onunla gedən üçün. Hamı ona zillənib qalmıdı ki, gözlənilmədən arxasınca həmin o cavan oğlan- mənim heyranım da içəri girdi. Aralıdan əlini uzadıb məni nişan verərək “maestro” adlanana nəsə dedi. Dükanda hamı təəccüblə mənə baxırdı. Lap yaxına gəldilər, qarşımda dayanıb baxdılar, baxdılar, maestro məndən gözünü çəkmədən sahibimizlə sövdələşdi. “Deyəsən bəxtim açılıb”- düşünürdüm ki, heyranım məni divardakı dayaqların üzərindən götürdü, bağrına basıb səsimi yoxladı və çevrilib qapıya sarı yeridi. Özü ilə aparırdı məni. Necə çaşmışdımsa, qalanlarla sağollaşa, nələrsə arzulaya bilmədim.
Beləcə, mənim bu yad məmləkətdə qızıl dövrüm başladı. Onun sayəsində tezliklə hamı tanıdı məni. Bütün toylarda, el şənliklərində, konsertlərdə yuxatrı başa keçirildim. Dükandakı qonşularımı da tez-tez görürdüm. Onların ən məşhurları belə, məndən sonra yer alırdılar mərasimlərdə. Televizorda tez-tez məni göstərirdilər. Böyük konsert zalları belə mənsiz başlamadılar öz proqramlarını. Üstümə ətək-ətək pullar tökülürdü el şənliklərində...

Mən çox xoşbəxt idim. Bilirdim ki, bu məşhurluğu mənə gətirən özüm yox, onun məharətidi. Və buna görə ona minnətdar idim. Düzdür, bəzən nəsə xoşuna gəlməyəndə alacağı puldan da keçib toyu, konserti yarımçıq qoyaraq getməyi, böyük-böyük adamlar arxasınca düşüb nə qədər xahiş etsələr belə, geri qayıtmamağı və bununla məni üzməyi də var idi. Amma o bunu dəlilikdən etmirdi. Yox, o dəli deyildi. Dükandan ayrıldığım ilk günlərdən anlamışdım bunu. O bir dərviş idi. Pulu, var-dövləti, maddi nemətləri, bütövlükdə bu dünyanı eyninə almayan, öz dünyasını yaradıb onun içində yaşayan dərviş...

Uzun illər bir yerdə olduq. Heç ayrılmadıq. Çətin, ağır günlərimiz də oldu. Amma heç nə birgə xoşbəxtliyimizə xələl gətirə bilmədi. Hərəmiz öz könlümüzcə xoşbəxt idik birlikdə. Bir gün o daha olmadı. Ayrılıq bizi də ayırdı və mən onsuz qaldım. Amma bu ayrılıq məni bir vaxtlar musiqi alətləri dükanında divardan asılıb qaldığım qədər kimsəsiz etmir. Bütün bu illər ərzində ikimiz birlikdə o qədər bizlər yaratmışıq ki, bundan sonra mənim bu məmləkətlə doğmalığıma çətin ki, kimsə, nəsə yadlıq gətirə bilə. Amma əlbəttə ki, bu doğmalığa mənim yox, onun varlığının səbəb olduğunu da yaxşı bilirəm...

...Hə, az qala unudacaqdım: o vaxt dükanda içimdən keçən naməlum, sehirli səs doğrudan mənim səsim deyilmiş, onun ürəyinin səsi imiş. Bunu sonralar, hər dəfə onun sinəsinə sıxıldığımda anladım. İndi bütün gitaralarda o səsə oxşar səslər var. Adına da “Rəmiş barmaqları” deyirlir...

İlqar Rəsul
Bakı-aprel 2021

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV