Ağdamın Abdal Gülablı kəndində məşhur bir qarmonçalan var idi Şakir adında. Çox duzlu-məzəli və hazırcavab adam idi. Hətta mən onun haqqında povest də yazmışam: "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına..."
Deməli belə, Bəxtiyar Vahabzadə, Xudu Məmmədov və professor Nurəddin Rzayev həmin kənddə qonaq olurlar. Şakir bunlara qulluq edir. Şakir sir-sifətdən çox eybəcər idi. Youtube kanalında adını yazıb, baxsanız, qarmonçalan kimi özünüz görərsiniz.
Onun bu sir-sifətini görən Nurəddin həkim deyir, Şakir, istəyirsən səni göndərim gözəlləşdirmə universitetində sir-sifətinə bir əl gəzdirsinlər.
Şakir gülüb deyir:
- Professor, sir-sifətimi düzəltməklə bir şey alınmaz. Əslində mənə təzə, "zbor" baş lazımdı.
İndi "Neftçi"də Samir Abasovu istefaya göndərdilər və klubun uğursuzluğunu bütünlüklə onun üstünə atdılar. Demirəm, Samir Abasovun günahı yox idi. Bir az kəmhövsələ idi, özünü təmkinli apara bilmirdi oyun vaxtı və.s .
Amma şərhlərdə oxuyuram ki, bir məqşçi kimi Samir Abasovun üstündən xətt çəkirlər və linç edirlər. Bunu qəbul etmirəm. Unudurlar ki, uzun illərdən sonra "Neftçi"ni Samir Abasov çempion eləmişdi.
Əslində isə qarmonçalan Şakir kimi "Neftçi"yə təzə, "zbor" baş lazımdı.
Həftə səkkiz, mən doqquz baş məşqçini dəyişməkdənsə, klubun rəhbərliyini dəyişmək ondan yaxşıdı.
Özü də eşitdim ki, kluba Ukraynadan bir xarici baş məşqçi gətirmək istəyirlər. Bilmirəm, bizim məşqçilərə it dəyib? Özümüzün gül kimi məşqçilərimiz var da...


Bakı -°C
