Aqil ABBAS: ÇAY QIRAĞINDA BİTİB, SUSUZ QALAN AĞACLARIN SAĞLIĞINA… -  VIII (DAVAMI)

AQİL ABBAS
417 | 2023-01-24 18:43

(Abdal-Gülablı Şakirin xatirəsinə)

(povestdən bir parça)

ƏVVƏLİ BURADA

***

Polislər başını buladı. Rəisin kabinetindən çıxdılar, oturdular maşına. Bayaq gələndə arxada domuşub oturan Şakir keçdi qabaq qapını açdı, forslu-forslu əyləşdi və polislərə dedi:

- Hə, indi getdik üzügüləbətinə.

Bir marketin qabağından keçəndə polislərə dedi ki, maşını saxlayın. Düşdü girdi marketə, polislər də ardınca. Satıcı ilə salamlaşandan sonra dedi:

- Qaqa, maa Rəmişin işdiyi araxdan ver.

Satıcı təəccüblə gözlərini döydü:

- Qardaş, mən nə bilim Rəmişin içdiyi hansı araqdı, yenə çəkdiyini desən, başa düşərdim.

- Qaqa, bahalı oğlannarın işdikləri araxdan dana, maskovski. Özü də üş dənə, özü də litirliy. Üş dənə də üstündə Nazpərinin şəkli olan şakalad qutusunnan ver. Bir şakaladnan bir arağı bir kuloka qoy, iki araxla iki şakaladı da bir kuloka. İki kilo da yaxşı kalbasa ver.

- Rəmişin yediyindən?

- Qaqa, Rəmiş kalbasa yemir, kabaf yeir.

Sonra da əlini saldı cibinə, bayaq rəisin ona verdiyi konverti çıxarıb açdı, içindəki bir topa yüzlükdən bir dənəsini çıxarıb verdi satıcıya:

- Al, pulunu çıx.

Satıcı Şakirin əlindəki yüzlük dolları görüb dedi:

- Bu nədi, ə?

- Görmürsən, puldu dana.

- Qardaş, bu bizim pul deyil. Onla alver etmək cinayətdi. Bir çətən külfətim var. Apar onu ya bankda, ya da bazarda alverçilərdə xırdala.

- Qaqa, indi bank işdiyir? Gejədi.

- Qardaş, vallah, icazə yoxdu.

- Ə, dollarla rüşvət almaq olar, amma arax almaq olmaz?

Polislərdən biri dilləndi:

- Ə, götür, narahat olma, götür pulunu çıx.

- Ona zdaç verməyə məndə dollar yoxdu axı.

- Manat ver.

Satıcı qorxa-qorxa dolları aldı, hesablayıb vurdu manata, sonra da bir çəngə pul qaytardı və yavaşca Şakirin qulağına dedi:

- Nə vaxt xırdalamaq istəsən gələrsən?

Marketdən çıxdılar. Yenə Şakir forslu-forslu oturdu qabaqda və əlindəki kulokların birini verdi polislərə:

- Götürün, qaqa. İşdən sonra vurarsız, şakaladları da verərsiz balalarınıza.

Polislər əvvəlcə götürmək istəmədilər, amma Şakir əl çəkmədi:

- Götürün, ə, halalız olsun.

Nəhayət, gəlib çatdılar yataqxanalara. Kafenin qabağı adamla dolu idi. Ağız deyəni qulaq eşitmirdi. Bir qadın saçını yola-yola həşir qoparırdı. Polislər də, Şakir də maşından düşdü. Şakir üzünü polislərə tutub dedi:

- Deyəsən, maa azaddıx isdiyirlər.

Yaxınlaşdılar camaata, polisləri görəndə adamlar bir az özünü yığışdırdı.

Şakir Market Vəlişdən soruşdu:

- Noluf, ə, nemes?

- Qönçə arvadın qızını qaçırıblar?

Şakirin yadına füzulili poçtalyon Qadirin bacısı qaçırılanda üz-gözünü cıran anasına dediyi sözlər düşdü, onu gülmək tutdu. Yaxınlaşdı həşir qoparan Qönçə arvada:

- Ay arvad, səs-küy salma, qızı qaçıran qorxar, gətirif qaytarar. - dedi və sonra da üstündə Nazpərinin şəkli olan şokolad qutusunu çıxarıb açdı verdi Qönçə arvada; - Ala, ağzını şirin elə. Camaat, siz də ağzınızı şirin eliyin. Allah xeyir versin.

Qönçə arvad istədi polislərə nəsə desin, Şakir qoymadı:

- Ay arvad, qaxıl otur yerində. Qızı qaçıran çoxdan onun alığın aşırıf. - Sonra da öz arvadına çəmkirdi: - Az, sən də uşaxları götür sürüy evə.

Camaat yavaş-yavaş dağıldı. Şakir də polislərə üzünü tutub dedi:

- Qaqalar, məni gətirif sağ-salamat təhvil verdiz, sağ olun, sizə də yaxşı yol. Məsələni özümüz yoluna qoyajıyıx.

Polislər maşına əyləşib getdilər, Şakir də əlindəki arağı, kolbasanı verdi Market Vəlişə, girdilər kafeyə:

- Şaka, burda araq yoxdur ki, alıb özünlə gətirmisən?

- Boş-boş danışma, bu giydirmə araxlardan döyül, Rəmiş içən araxdandı. Bu kalbasaları qızart, üstünə də yumurta vur gətir yiyək.

- Ə, gecə vaxtı yumurta yeyərlər?

- Ə, erməninin topu bizi öldürmədi, indi diyirsən toyuğun atdığı yumurta bizi öldürəjəh? Öyün maşına götürdüyüm bir bakılı maa deyir ki, qardaş, bu qarabağlıların niyə hamısının səsi var, çoxlu yumurta içirlər? Mən də dedim ki, ə, qaqa, yumurtaynan səs olsaydı toyuqların dalı bayatı şiraz çalardı; - sonra da üzünü tutdu kafedəkilərə; - ə, stullarınızı götürün bura gəlin görəh, bir az adam arağı içəh.

Kafedəki yığışdılar Şakirin oturduğu stolun başına. Şakir arağı açdı.

Market Vəliş:

- Ə, bir qoy kolbasanı qızardım dana.

- Hələ bir az qızarmamışınnan gətir, siftə eliyəh.

Kimsə dedi:

- Ə, Şaka, bəs səni tutmamışdılar?

- Nə tutmax, ə? Rəyisnən bir yerdə slujit eləmişiy. Mən serjant olanda o, salaqaydı. Dostumdu. Çağırmışdı bir az söhbət elədih. - sonra üzünü tutdu Market Vəlişə; - Ə, nemes, sən də sabah bura bir əl gəzdir, rəyis dedi gələjəm, bir az qarmon çalarsan, qulax asarıx.

Küncdəki ağ-qara televizorda futbol gedirdi. Televizor o qədər köhnəydi ki, tez-tez xarab olurdu. Başına qapaz vura-vura baxırdılar.

- Ə, o tilviziri söndürün. Başına o qədər qapaz vurmusunuz, başıqapazlı oluf.

- Şaka, əla futbol gedir ey.

- Qarabağ oynuyur?

- Yox, Brazilya ilə Argentina.

- Qarabağ oynamırsa, bağlıyın getsin o yana. Brazilya nə bilir futbol nədi?

Televizoru söndürdülər.

- Götürün arağınızı için, - sonra da durdu ayağa: - deyirəm, bunu da içəy bizim rəyisin sağlığına. Seyid Lazım ağanın cəddi haqqı, qızıl oğlandı.

Bu vaxt kafenin qapısı açıldı,i kolxozun köhnə həmkarlarının sədri Turac arvad 9-10 yaşlı nəvəsi ilə girdi içəri.

- Şakir, başına dönüm, dedilər musiqi məktəbində uşaqlara qarmon öyrədəssən, mənim bu yetimçəmədə öyrət sənallah. Çox qabiliyyətli uşaqdı.

- Mecidin qapısı açılmamış kor əsasını dirədi. Ay Turaş xala, sən bunu apar qoy üzgüçülüyə üzməyi öyrənsin. Ola bilər ki, bu dənizi üzüf keşdik Krasnavodskıya.

Turac xala:

- Şakir, sən dədəyin Mazdokdakı goru, məni geri qaytarma. Özü də mənim turaclığım qırx ildi gedib. Görmürsən sağsağana dönmüşəm?

- Sağsağan xala, hamını mən doluyurum, deyəsən, məni də sən doluyursan. Qarmonu var?

- Gorumuz var ki, kəfənimiz ola? Bir uşaq qarmonu varıydı, o da qaldı ermənilərə.

- Qarmonu yoxdusa, mən onu nətəər öyrədə bilərəm? Bu fizika döyül, riyaziyyat döyül. Gərəh mən çalam, o da barmaxlarıma baxıb təkrarrasın.

- Rəmiş sənə qarmon alıb, sən də ona al.

Şakiri gülmək tutdu:

- Yaxşı, ay sağsağan xala, get, səhər bir şey fikirrəşəriy.

Turac xala uşağı götürüb getdi.

Market Vəliş kolbasanı qızardıb gətirib qoydu ortalığa. Yenidən badələr dolduruldu. Şakir dedi ki, bunu da içək kasıbların sağlığına.

Bu vaxt kafeyə şıx geyinmiş, qalstuklu iki şux cavan oğlan daxil oldu. Salamsız-kəlamsız soruşdular:

- Şakir kimdi?

Market Vəliş:

- Ə, Şaka, yenə nə zibil qaynatmısan? Genə dalınca gəliblər. Sənə deməmişdim ki, o nazirlə heylə danışma?!

Şakir:

- Ə, sən də bir ağzını xeyirriyə aç. Görək kimdilər, nə istiyirlər, - dedi əlindəki badəni də qoydu süfrəyə; - Görürsüz də kasıfların sağlığına işməyə də qoymurlar?- sonra üzünü tutdu şıx geyimli oğlanlara; - Şakir mənəm. Ə, ordan iki stul gətirin otursunnar. Eşidirəm.

Gələnlər oturdular. Şakir onlara da araq süzdü, amma onlar içmək istəmədilər:

- Sağ olun, biz içmirik. Bizi icra başçısı göndərib. Bəxtiyar Vahabzadənin dostu sənsən?

Şakir əda ilə şıx geyimli oğlanlara baxıb dedi:

- Hə, nədiki, oxşamıram?

- Niyə? Oxşayırsan! Cənab başçı dedi ki, sənə iş lazımdı. Haranı qurtarmısan, diplomun var?

- Hə, varımdı. Pulunu qaynatam verif deyin, arvad alıf qoyuf sandığa. Heş maa da vermir, deyir dədəmin yadiyarıdı.

- Qardaş, bizlə məzələnmə. Sənətin nədi?

- Mexanizasiyanı qurtarmışam. Diplomuma da yazıflar mexanik elektrik. Kəsəsi, mantyoram.

- Cənab başçı deyir ki, istəyir onu qoyaq yataqxanaya qaçqınların nümayəndəsi, çörəkpulunu da o paylasın. Hər qaçqının çörəkpulundan da bir məmməd tutsan dədənə də bəsdi.

Şakirin onsuz da qara olan rəngi bir az da qaraldı. Yerindən qalxdı, yapışdı gələnlərin birinin qalstukundan:

- Ə, qurumsax, durun basın bayıra. Camahat gözünü o çörəypuluna tikif. İndi mən, Şakir, Avdal-Gülablı Şakir, qarmonçalan Şakir camahatın çörəypulundan oğurruyum? Gedin o cənabdı-nədi,nəyin başıdı, ona deyin ki, onun verdiyi iş təpəsinə dəysin.

Şıx geyinən oğlanların şuxluğu birdən-birə itdi. Qalxdılar ayağa:

- Qardaş, hirslənmə. Başçıya deyərik, ayrı bir şey fikirləşər.

- Lazım deyil, özüm iş tapmışam.

Gələnlər gəldikləri kimi yox, büzüşmüş halda çıxıb getdilər. Kafedəkilər də yer-yerdən:

- Sağ ol, Şakir, kişisən.

- Kişi oğlu kisisən. Dədəyin çörəyi halalın olsun.

Şakir:

- Ə, dədəmi görmüşəm ki, çörəyini də yeyəm? Götürün, arağımızı içəh kişilərin sağlığına. Öz sağlığımıza. Ajıx, amma kişiyih, çörəhpulundan uman başçılar kimi qurumsax deyilik.

Hamı dağılandan sonra Şakir rəisin verdiyi konverti çıxardıb içindəki pulları Market Vəlişə göstərdi:

- Ə, nemes, burda bizim pulnan nə qədər pul var?

- Vay dədəm, vay. Ə, nə bilim, bir meşok. Özünə bir cip ala bilərsən, özü də Rəmişinkindən. O Surenin dranquletini də at getsin.

- Hə, elə maa cip yaraşır dədeyin goru haqqı. Surenin maşınını atmaram, amanatdı. Geri qayıdanda qaytarıf verəjəm özünə.

- Ə, səfeh-səfeh danışma, indiyə Suren qalar?

- Bijin biridi. Dəyirmanın gözünə ölü salsan, altınnan pırttıyıf diri çıxar.

(Ardı olacaq. Özü də Rasim Müzəffərlinin xətrinə)

TƏQVİM / ARXİV