Rəhmətlik Qəşəm Aslanovu ilk dəfə Şuşada görmüşdüm. Özü fəhlələrə qoşulub küçədə asfalt döşəyirdi. Ümumiyyətlə, Şuşa şəhərinin abadlaşmasında çox böyük zəhməti vardı. Adamları çox zaman iməciliyə çıxarırdı, bu da şuşalıların xoşuna gəlmirdi, deyinirdilər. Amma fərqinə varmırdılar ki, Qəşəm müəllim bunu özü üçün yox, şuşalılar üçün edir.
Vilayət Partiya Komitəsinin birinci katibi Qəşəm Aslanovdan xoşlanmırdı. Qəşəm müəllimin də ondan zəndeyi-zəhləsi gedirdi. Bir səbəbi də o idi ki, vilayət rəhbərliyi Şuşaya ayrılan pulları kəsib ermənilər yaşayan kəndlərə, nə bilim Əsgərana, Martuniyə yönəldirdi. Qəşəm müəllim Şuşaya gələndən sonra bunun qarşısını aldı.
Hətta Qəşəm müəllim Gevorqovun qonaqlarını Şuşadakı Qonaq Evinə də buraxmırdı ki, bu ev Şuşanın qonaqları üçündü.
Bir dəfə Heydər Əliyev Şuşada olarkən Gevorqov Qəşəm müəllimdən canını qurtarmaq üçün erməni bicliyi ilə demişdi:
- Yoldaş Əliyev, Qəşəm müəllim kimi bir kadrı Şuşa kimi balaca bir şəhərə sığışdırmaq olmaz. O, böyük bir şəhərə rəhbərliyə layiqdir.
Ulu Öndər Bakıya qayıtdıqdan sonra Qəşəm Aslanovu İsmayıllı kimi böyük bir rayona birinci katib göndərdi. Qəşəm müəllim İsmayıllıda da ləyaqətlə çalışdı.
Mənim məqsədim Qəşəm müəllimin başqa bir məziyyətini yazmaqdır. Deməli, Bakıdan bir neçə nəfəri Moskvadakı Ali Partiya Məktəbinə oxumağa göndərirlər. İmtahan verəndə mütləq bir xarici dildən də imtahan verməlisən. Tələb edirlər ki, ya ingilis, ya alman, ya da fransız dilindən imtahan verməlisən.
Qəşəm müəllim razılaşmır, deyir mən türk dilindən imtahan vermək istəyirəm. Deyirlər olmaz.
Qəşəm müəllim açır Əsasnaməni deyir:
- Bura yazıblar ki, xarici dildən imtahan. Dəqiq yazmayıblar ki, alman, ingilis. Türkiyə də xarici ölkədir, mən yalnız türk dilindən imtahan verəcəm.
İşə rektor qarışır, amma Qəşəm müəllimi fikrindən daşındıra bilmirlər. Və məcbur olub ondan türk dilində imtahan götürürlər.
Bunu Qəşəm müəllimlə eyni vaxtda Ali Partiya Məktəbinə gedənlər danışırdı. Daha dəqiq desək, Naxçıvanın sabiq birinci katibi Nurəddin Mustafayev. Kim inanmırsa zəng edib soruşa bilər.
Sonra Abşeronun birinci katibi olarkən avtoqəza nəticəsində həlak oldu. Yeri behişt olsun. O vaxt deyinən şuşalılar sonralar Qəşəm Aslanovu xoş xatirələrlə xatırlayırdılar və elə indi də.