adalet.az header logo
  • Bakı -°C

“Talış dağlarının şəhid balası” - Vaqif Yusifli yazır

VAQİF YUSİFLİ
90 | 2026-06-03 11:44
A- A+

Camal Ağayev (Lələzoə) Masallı rayonunun Qızılavar kəndində yaşayır. ADU-nun filologiya fakultəsini bitirəndən sonra 40 il öz kəndində orta məktəbdə dil-ədəbiyyat müəllimi işləyib. Rayonun ədəbi-mədəni həyatında fəal iştirakı ilə seçilir. Şairdir, 14 kitabın müəllifidir. Camal həm də tədqiqatçı-ədəbiyyatşünasdı “Talış ədəbiyyatı tarixi” (üç cilddə) kitabı Cənub bölgəsində yaşayan talışların bir əsrlik ədəbi həyatını əks etdirir.

Mən Camalı sizə bir şair kimi tanıtmaq istəyirəm. (Onun mərkəzi mətbuatda çox nadir hallarda şeirləri dərc edilib). Rayonda yaşayan,  qayğıları başından aşan bir şair təbii ki, çox mətləblərdən söz aça bilər. Amma şair şairdir, o, rayonda yaşasa belə müasir poeziyamıza öz səsini qata bilər.  (Musa Yaqubu, Şəkər Aslanı, Ramiz Qusarçaylını, Sahib İbrahimlini, Arif Fərzəlini xatırlayın). Öncə söhbətə onun “Talış dağlarının şəhid balası” poemasından başlamaq istəyirəm. Lirik səpkili bu poema Masallı rayonunun Qızılavar kəndinin Qarabağ şəhidi Elşən Heybətova həsr edilib.

O, dağlar qoynunda gəldi dünyaya,

Dərs aldı dağların daş vüqarından.

Oldu ilk kitabı çöllər, düzənlər,

Sevdiyi müəllim təpələr oldu.

Quşlar, dağ-dərədə şövqlə süzənlər,

Fikrində hamıdan bəxtəvər oldu.

Elşən orta məktəbdə həmişə birinci olub, ədəbiyyata və musiqi dərslərinə xüsusi həvəsi vardı.

Doldu dahilərin eşqiylə Elşən,

Məktəbdə o,Vətən dərsini aldı.

Camal şəhid qəhrəmanın vətənpərvərlik ruhunu, elə-obaya bağlılığını xüsusilə nəzərə çarpdırır. Çünki qəhrəmanlıq ilk növbədə Vətəni sevməkdən başlayır. O, cəbhəyə-döyüşə yollananda Vətən sevgisi onun bütün varlığına hopmuşdu. Nə düşünürdü o?

Vətən əldən gedir, el əldən gedir,

Düşmən dağ çəkibdir ürəyimizə.

Namus tapdalanıb, adımız itir,

Bir xəncər saplanıb kürəyimizə.

Gəncləri düşmənə qarşı hansı məram, hansı qüvvə səsləyirdi? Camalın qəhrəmanı böyük Vətən haqqında nə düşünür? Əlbəttə, gənc bir əsgərin varlığına hopmuş Vətən sevgisinin məna və mahiyyətin Azərbaycançılıq ideyası özündə əks etdirir.

“Azərbaycançılıq atəşə dönüb” –

Mənim qibləgahım –  yurdum,Vətənim,

Mənim səcdəgahım – bu dağlar, daşlar.

Camal Elşınin döyüş meydanında hünər və rəşadətini də qələmə alır. Çünki hər döyüşçü vuruş meydanında özünü tanıtmalıdır – təbii ki, nəsr əsərlərindən fərqli olaraq poemada döyüşçünün keçdiyi yolu, onun göstərdiyi hünəri olduğu kimi nəql etmək çətindir. Amma Camal poemada şeir dililə buna nail ola bilir:

Töküldü meydanda yağınm qanı,

Tarixə bir zəfər yazdı Elşəngil.

Gözündə Qələbə gününün danı,

Haylara bir məzar qazdı Elşəngil...

Camal təqdim etdiyi şəhid qəhrəmanın ata və anasından da söz açır. Elşənin atası Əlabbas kişi bir gün oğlunun döyüşdüyü hissəyə gəlir. Təsəvvür edin: ata və oğlu məhəbbəti döyüş bölgəsində necə həyacan doğurur. Bu səhnə poemanın ən təsirli səhnəsidir. Oğlu nə deyir?

Ata, ölsəm əgər bu torpaq üstdə,

Qəhr etmə yerində duran oğlun var.

Elşən şəhid olsa bir bayraq üstdə,

Elşadın, Elmanın şamın yandırar.

Camal Ata və Oğlun ürəklərinə – psixoloji aləmlərinə üz tutur.

Necə ayrılsınlar? Qurudu ayaq,

Qucaqda daşlaşıb dondular onlar.

Ata-oğul ətri saçdı dil-dodaq,

Ötüşdü bir əsrə bərabər anlar...

Dahi Məhəmməd Füzuli “Hədiqətüs-süəda” əsərində şəhidliyi qəhrəmanlıqla bir tutmuşdu:

Zillət ilə ləzzəti olmaz həyatın, dustlar,

Nəqdi-can sərf eyləyib dünyada kam almaq gərək.

Əcz ilə dönmək ədudən səhldir, himmət dutub,

Ya şəhid olmaq gərək, ya intiqam almaq gərək.

Azərbaycan xalqı da öz tarixi boyu neçə şəhidliklə üz-üzə gəlib. Xalq şairimiz Bəxtiyar Vahabzadənin  “Şəhidlər” poemasını xatırlayın. O poemada şəhidlik qəhrəmanlıqla vəhdətdə təsvir olunur.

Camalın poemasında da bu vəhdət öz əksini tapır. Onun qəhrəmanı  Elşən şəhid olur. Son anda Elşənin öz anası Sürəyyanı xatırlaması necə də təsirlidir:

Ana, ölümümə yas tut, ancaq bil,

Öldüm ki, analar yasa batmasın.

Ölüm gəncliyimi qocaldan deyil,

Yatıram, dirilər məntək yatmasın.

Camal poemanın “Burda yatan oğul şəhiddir, şəhid” bölməsində Elşənin doğulduğu kəndə qayıdır, bu kəndin özünün də vətənpərvər oğullar yetirən bir kənd kimi təqdim edir. Və yeri gəlmişkən qeyd edim ki, Camal Ağayev – bu poemanın müəllifi Elşənin ədəbiyyat müəllimi olub. Təbii ki, o, ədəbiyyat dərslərində Vətənpərvərlik ruhunu Elşənə də aşılayıb.

Camalın “Talış dağlarının şəhid balası” kitabında onun son illərdə müxtəlif mövzuda yazdığı şeirləri də təqdim edilir. “Satirik qələmlə”, “Narahat düşüncələr”, “İthaflar”, “Sevgi-məhəbbət” bölmələrində onun bir şair kimi duyğu və düşüncələri əks olunur. Məni ən çox “Narahat düşüncələr”dəki şeirlər özünə çəkdi. Artıq yaşı yetmişi ötmüş bir şairin – o bölgədə tanınmış bir ziyalının şeirlə ifadə olunan təəssüratları daha çox maraqlı göründü. O, həyatda, zəmanədən, dünyanın gedişlərindən narazıdır, amma eyni zamanda, yaşadığı həyatdan zövq almağı bacarır, gözəlliklərə biganə deyil, təbiəti sevir.

Mən Camalın “Karona” şeirinin üzərində ayrıca dayanmaq istəyirəm. Bu şeirdə doğrudan da onun narahat düşüncələri öz poetik əksini tapıb. Karona doğrudan da, insanları sınağa çəkən, kimin kim olduğunu əyan edən bir bəlaya çevrildi:

Cərimələr evin yıxdı kasibın,

Duz-çörəyi əldən çıxdı kasıbın,

SMS-lər canin sıxdı kasıbın,

Maskalara maska saldı karona,

Saf havaya həsrət qaldıq, karona.

Amma bu bölmədə “Qalib gələcəkmi cahanda kamal?” şeirini daha uğurlu hesab edirəm.

Camalın şeirlər kitabında əlliyə yaxın ithaf şeirləri var. Əlbəttə, bunların içərisində şeir adını özündə əks etdirən nümunələr də var, sadəcə dostluq və tanışlıq şərəfinə yazılanlar da.

Anaya və analara həsr olunmuş ithaflar uğurludur. Təkcə ithaf xarakteri daşımır.

Nə qədər mən şadam, bir Allah bilir!

Varmış əbədiyyət, mən indi bildim.

Üstümə adından şəfəq tökülür,

Ana, hər qübarı qəlbimdən sildim...

Camalın sevgi şeirləri barədə ilkin bunu deyə bilərəm ki, onun içindən keçən təbii hisslərdir bu şeirlər. Yaşanılan duyğulardır ki, 74 yaşında közərir, yox, təkcə közərmir, həm də şölələndirir.

O şeirlərin bir çoxu qəzəl forması ilə təqdim edilor və Camalın əruzu bildiyi də diqqəti çəkir.

Bir ömürlük ayrılıq dağ basdı bu sinəmə,

Ancaq keçməyib, inan, bir ilim, günüm sənsiz!

 

Torpaq alar qoynuna bəslər buğda dənəsin,

Torpaq üstə qar, yağış döyən bir dənəm sənsiz!

 

Fəsillər dəyişəndə göyərər, solar bağlar,

İllər boyu xəzanda qalmış çəmənəm sənsiz!

Camal Ağayevin “Talış dağlarının şəhid balası” şeirlər kitabı haqqında qısaca da olsa, ürək sözlərimi söylədim. Ona yalnız uğurlar diləyirəm. Bir bölgədə belə istedadlı şairlərin varlığı məni sevindirir...

Mən özüm də o bölgədə ilk  ədəbiyyat sevinclərini  yaşamışam...

 

TƏQVİM / ARXİV